Fərhad Eyyubov: "Bu baxımdan, xüsusi sistem hazırlamaq lazımdır ki, sürücülük hüququ məhdudlaşdırılmış şəxslər nəqliyyat vasitələrini yenidən idarə etməsinlər"
"Yol hərəkət qaydaları daim təkmilləşdirilsə də, qanunların gərginlik yaradan yaxud gələcəkdə müsbət tənzimləməyə yol açan tətbiq sahələri dərindən öyrənilməlidir”.
Bunu "Sherg.az”a 2017-ci ildə 10 min 996 nəfərin sürücülük hüququnun məhdudlaşdırılmasından danışarkən Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti, nəqliyyat eksperti Fərhad Eyyubov deyib.
Onun sözlərinə görə, elə hallar var ki, buna görə sürücülük hüququnun məhdudlaşdırılması əks nəticə verir:
"Bəzi qayda pozuntularında sürücülük hüququnun məhdudlaşdırılması cərimələrlə, yüngül cəzalarla əvəz oluna bilər. Sürücülük hüququ məhdudlaşdırılan sürücüləri analiz etdikdə görərik ki, müxtəlif vasitələrlə yenə də avtomobil sürürlər. Bu baxımdan, xüsusi sistem hazırlamaq lazımdır ki, sürücülük hüququ məhdudlaşdırılmış şəxslər nəqliyyat vasitələrini yenidən idarə etməsinlər. Sürücülük hüququndan məhrum edilmə məsələsi tam analiz olunmayıb. Bu, cinayət məcəlləsində bir qədər təsdiqini tapsa da, inzibati formada o qədər böyük əhəmiyyət kəsb etmir.
Məsələn, cinayət məcəlləsinə uyğun qəza törədən, insan itkisinə səbəb olan şəxsi sürücülük hüququndan məhrum etmək olar. Hər bir halda, müəyyən bal limiti tətbiq edib, bu limiti keçən şəxsin sürücülük hüququnun məhdudlaşdırılması düzgün deyil. Başqa formada cəzalandırma həyata keçirmək mümkündür. Qeyd etdiyim kimi, çox sürücülər müxtəlif formada məhdudlaşdırmaları ola-ola avtomobil idarə edirlər. Ona görə, bu məsələləri araşdırıb, sonradan qərar qəbul etmək daha məqsədəuyğundur”.
Qeyd edək ki, bu gün ən müasir keşik avtomobillərinin, digər zəruri texnika və avadanlıqların imkanlarından yararlanan Dövlət Yol Polisi tərəfindən il ərzində 3,3 milyondan çox yol hərəkəti qayda pozuntusu, o cümlədən 9,4 minə yaxın nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə edilməsi, 1,7 milyondan çox sürət həddinin aşılması, 140,5 min ötmə, manevr və qarşıdan gələn nəqliyyatın hərəkət zolağına çıxma qaydalarının pozulması, 135 minə yaxın yolayrıcını keçmə qaydalarının pozulması ilə bağlı fakt qeydə alınıb.
Qayda pozuntularına görə 10 min 996 nəfərin sürücülük hüququ məhdudlaşdırılıb. Həmin inzibati xətaların 63,3 faizi xüsusi texniki vasitələrin köməyi ilə, qalanları isə "İ-patrul” sistemi vasitəsilə və əməkdaşlar tərəfindən aşkarlanıb.
Aysel Aslan