Sürücünü diqqətdən yayındırmaqla bağlı qadağa, cərimə var

Amma bunun indiyə qədər praktikada tətbiqi sıfıra bərabər olub, bundan sonra da belə olacaq



Bakının Nizami rayonunda sürücülərdən biri avtomobildə söhbət etdiyi üçün polis inspektoru tərəfindən saxlanılıb. Onun sözlərinə görə, avtomobili idarə edərkən dostu ilə söhbət etdiyini vurğulayan sürücü Məhərrəm Quliyev bu barədə müraciət edib.

DYP əməkdaşı, polis inspektoru onun avtomobilini saxlayıb və sürücüyə xəbərdarlıq edib ki, sükan arxasında olarkən sərnişinlə diqqəti yayındıra biləcək söhbətlər etməsin. Əks halda həmin sürücünü cərimə gözləyir.

Polis inspektoru sürücünü avtomobili idarə edərkən söhbəti etdiyi zaman saxlamaq, cərimə etmək hüququ varmı? Bu məsələ qanunda öz əksini tapıbmı?

"Digesta” hüquq firmasının direktoru, hüquqşünas Ərşad Hüseynovun sözlərinə görə, avtomobildə diqqəti yayındıracaq söhbətə görə qanunvericilikdə cərimə nəzərdə tutulub, sadəcə bunu praktikada tətbiq etmək asan olmur.

Hüquqşünasın sözlərinə görə, "Yol hərəkəti haqqında” qanunda sürücüləri nəqliyyat vasitəsini təhlükəsiz idarə etməsi ilə bağlı tələblər var: "O tələblərdən biri də odur ki, nəqliyyat vasitəsini idarə edən zaman diqqəti yayındıran söhbətlər etmək olmaz. Ümumiyyətlə, əsas diqqət nəqliyyat vasitəsinin idarə olunmasına, yol hərəkət şəraitinə nəzarətə yönəlməlidir. Əgər insan avtomobili idarə edən zaman davamlı söhbət edərsə, telefonla danışarsa, hətta müxtəlif işlərlə məşğul olarsa, məsələn, yemək yeyər, su içər, siqaret çəkərsə, təhlükə artır, nəqliyyat vasitəsinə nəzarət zəifləyir. Bu cür hərəkətlərin bəzilərinə cərimə nəzərdə tutulur, bəzilərinə tutulmur. Ancaq nəzərdə tutulan cərimələri də tətbiq etmək, demək olar ki, mümkün deyil”.

Ə.Hüseynovun sözlərinə görə, "nəqliyyat vasitəsini idarə edən zaman diqqəti yayındıran söhbətlərdə iştirak etmək olmaz ifadəsi” özü də mücərrəd ifadədir: 

"Diqqəti yayındıran söhbəti kənardan necə müəyyən etmək olar? Necə müəyyən etmək olar ki, bu söhbət adi işgüzar, yoldaşcasına söhbətdir, yoxsa diqqəti yayındıran söhbət? Birincisi, bunu qiymətləndirmək mümkün deyil, ikincisi isə bunu praktiki olaraq qeydə almaq mümkün deyil. Məsələn, avtomobili idarə edərkən telefonla danışan zaman bunu praktiki görmək, şəklini çəkmək olur, ancaq söhbətin diqqəti yayındıran söhbət olmasını necə müəyyən etmək olar? Diqqəti yayındıran söhbətlərdə iştirak etməklə bağlı qadağa, cərimə var, amma onu tətbiq etmək qeyri-mümkündür. Ona görə də bu cərimənin indiyə qədər praktikada tətbiqi sıfıra bərabər olub, bundan sonra da belə olacaq. Ancaq sürücülər öz təhlükəsizlikləri, həm də yol hərəkəti iştirakçılarının təhlükəsizliyi üçün bu məsələlərdə diqqətli olmalı, təhlükə yaradan hərəkətlərə yol verməməlidirlər”.

Qeyd edək ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov da nəqliyyat vasitəsi idarə edilərkən diqqəti yayındıracaq hərəkətlərin edilməsinin qanunla qadağan olduğunu deyib:

"Yol hərəkəti haqqında” qanunun 37-ci maddəsinin 5-ci bəndində qeyd olunur ki, nəqliyyat vasitəsi idarə edilərkən diqqəti yayındıra biləcək söhbətdə iştirak etmək, nəqliyyat vasitəsinin hərəkəti zamanı telefonu əldə saxlamaqla ondan istifadə etmək, hərəkət zamanı sükanı əlindən buraxmaq qadağandır. Bundan başqa, sükan arxasında su içmək və şüşəsini maşından kənara atmaq, musiqiyə səs verib maşının şüşələrini aşağı salmaq da qadağandır və cəriməsi var. Əgər sürücü bu qaydalara əməl etməsə, qanunla 40 manat cərimələnəcək”. Bölmə rəisi həmçinin qəzalara səbəb olmamaq üçün sürücüləri diqqəti yayındıran hərəkətləri etməməyə çağırıb.

Şəymən