Təəssüf ki, müsəlmanlar birlik nümayiş etdirmir

Moskvada azərbaycanlı dindarların toplaşdığı məscid daxili münaqişələr nəticəsində bağlana bilər



Bu günlərdə azərbaycanlı dindarların Moskvada toplaşdığı yeganə məscidi bağlanıb. Rusiya Federasiyasının paytaxtı Moskvanın Otradnı rayonunda müsəlmanlara məxsus "İnam” cümə məscidi bağlandığı üçün cümə namazına heç kim buraxılmır.

Məlumata görə, məscid onu azərbaycanlılara icarəyə verən tatar mənşəli Rəşid adlı sahibi tərəfindən bağlanıb. Məscidin qarşısında etiraz edən azərbaycanlı inanclılarla görüşə gəlməyən sahibi bağlamağına səbəb olaraq icarə haqqının onu qane etmədiyi ismarıcını göndərib.

Rusiyada yaşayan azərbaycanlıların sayı bəlkə də 2 milyona yaxındır. Hələ Türkiyə və İran vətəndaşlarını da nəzərə alsaq, bu hadisə müsəlmanlar üçün heç də xoşagələn deyil. Məscidin bağlanmasına səbəb kimi icarə haqqı vurğulansa da, bu, inandırıcı gəlmir. Nəticədə icarə haqqı azdırsa, onu qaldırmaq da mümkündür.

İlahiyyatçı Hacı Atif İsmayılov "Şərq”ə açıqlamasında bildirib ki, həmyerlilərimiz müxtəlif məzhəblər daxilində olduqları üçün onlar arasında ayrı-seçkilik yaranır. Belə olanda isə məscidin bağlanması üçün müvafiq zəmin yaranır: 

"Bu məsələ ilə bağlı Moskvada yaşayan həmyerlilərimizlə çoxlu danışıqlarımız oldu. Məlumdur ki, hər zaman dünya azərbaycanlılarına öz dəstəyimizi vermişik. Bütün söhbətlərin zahirindən bəllidir ki, icarə müqaviləsində olan qiymətə görə narazılıq var. 

Amma təəssüflər olsun ki, dünyanın hər yerində, xüsusilə, islam məzhəbində cəfəri təriqətinin ardınca gedən insanlar artıq müxtəlif dəstələrə bölünüb. Əgər məzhəblər daxilində bu cür anlayışlar ortaya gəlirsə, aldığım nəticə bundan ibarətdir ki, orada hansısa bir qurum arasında olan daxili münaqişələr nəticəsində meydana gələn səbəblərdən məscid bağlana bilər. Təəssüflər olsun ki, bu gün müsəlmanları daxildən parçalayıblar. Bunların nəticəsində vəziyyət elə həddə gəlib çatır ki, məzhəblər arasında münaqişələr yaranandan sonra dünyanın hər yerində, eləcə də ölkəmizdə din münasibətləri pozulur. 

Vətəndaşlarımız məsciddə bir yerdə ibadət edib, amma bir-birinə yaxınlaşmırsa, bu zaman dövlətin məscidi bağlamaq səlahiyyəti ola bilər. Bu, təbii bir haldır. Təəssüflər olsun ki, inanclı insanların ortaq qərara gəlməməsi və bir-birinə qarşı səmimi münasibət göstərməməsi məscidin bağlanmasına səbəb oldu. Əgər qarşı tərəf icarə haqqı ilə razılaşmırsa, vətəndaşlarımız "icarəni qaldıraq və yenə ibadətimizə davam edək” kimi fikir səsləndirə bilərdilər. 

Apardığım araşdırmalar nəticəsində təəssüflə deyirəm ki, kaş bizim ibadət edən inanclı insanlarımız bir olardılar. Əgər onlar kimlərinsə fikri ilə idarə olunmasaydılar, işlər bu həddə çatmazdı. Vətəndaşlarımız əlbir olub ibadət etsəydi, belə hallar da baş verməzdi”.

Yeganə Bayramova