Cənubi Azərbaycanda güclü müqavimət hərəkatı qurulmalıdır
İranda yaşayan azərbaycanlılar yüz illərdir yaşadıqları şəhərlərin və kəndlərin adlarının kütləvi şəkildə farslaşdırıldığını deyiblər. İranda yaşayan İbrahim Hüseyni bildirib ki, Savalan dağının adını dəyişib "Səbəlan” ediblər. Qədim Qoşaçay şəhərinin adını dəyişdirib qoyublar Miandoab. Farsca "iki çayın arasında” anlamını verir. Hələ üstəlik həmin çayların - Cığatı və Tatai çaylarının adlarını da farslaşdırıblar: "Şiminərud və Zərrinrud” qoyublar. Araz çayının adının da fars sözü olan "Ərəs” kimi dəyişdirilməsidir. Həmçinin, sakinlər bəyan ediblər ki, ərizə və arayışlarda türk adlarını olduğu kimi qeyd edə bilmirlər: "İxtiyarımız yoxdur ki, başqa formada yazaq.
Məcburuq bu qaydada yazmağa. Çünki rəsmi sənədlər, ərizələr yeni adları tələb edirlər, əks halda ərizəyə baxmırlar”. İbrahim Hüseyni deyib ki, milli fəallardan biri yerli jurnalda təkcə onun yaşadığı bölgədə 100-200 arası toponimin dəyişdiyini yazıb: "Dəyişdirilənlər təkcə şəhər, dağ və kənd adları deyil. Məhəllə, bulaq, meydan, bazar, hətta bazarların giriş qapılarının da adlarını dəyişiblər. Azərbaycanlıların iddialarına görə, "farslaşdırma siyasəti” ötən əsrin 20-ci illərindən, pəhləvilərin hakimiyyətə gəlişindən sonra vüsət alıb”.
İranın Azərbaycandakı səfirliyinin mətbuat katibi Əli Musəvi isə açıqlamasında bildirib ki, məhəllə, şəhər, xiyaban adları fars adlarına dəyişdirilə bilər, amma bu iş "kütləvi” xarakter daşımır.
Cənub qonşumuzda yaşanan arzuolunmaz proseslə bağlı "Şərq”ə danışan politoloq Əhəd Məmmədli deyib ki, gedişatın qarşısının alınması üçün Cənubi Azərbaycanda güclü müqavimət hərəkatı qurulmalıdır:
"Cənubi Azərbaycanda müqavimət illərdir ki, var. Amma görünür, kifayət etmir. Müqavimət hərəkatı gücləndirilməlidir.
Rəsmi Tehran nəhayət anlamalıdır ki, türklərlə zarafat etmək olmaz. Üstəlik, məsələyə Azərbaycan və Türkiyə də sərt reaksiya verməlidir. İran rəhbərliyi görməlidir ki, Cənubi Azərbaycan türkləri tək deyil, onların arxasında Azərbaycan və Türkiyə kimi dövlətlər var. Bununla yanaşı, İran səfiri Azərbaycan XİN-ə çağrılaraq ona etiraz notası verilməlidir. Bakı Tehrandan bu problemlə bağlı izahat tələb etməlidir. Ankara ilə birlikdə Tehrana təzyiq göstərməliyik”.
Ekspertin sözlərinə görə, İranın vəziyyəti onsuz da asan deyil və get-gedə daha da çətinləşə bilər:
"Hər an İrana qarşı Cənubi Azərbaycan kartından ABŞ, Böyük Britaniya və İsrail də istifadə edə bilər. Əgər Azərbaycan və Türkiyə Cənubi Azərbaycana vaxtında diqqət yetirməsə, güneydəki soydaşlarımıza başqa güclər sahib çıxmağa çalışacaqlar. Bunun da nəticəsi ağır olar”.
İsmayıl