Bakıda beş alan şagirlərə bu avtobus pulsuz oldu. Azərbaycanda avtobuslardan birində yerləşdirilən maraqlı bir elan diqqət çəkib. Gediş haqqının 30 qəpik olduğu bir vaxtda o, məktəblilər üçün maraqlı kampaniya başladıb. Belə ki, sürücü avtobusa "beş alan şagirdlərə gediş haqqı pulsuzdur" elanını yapışdırıb. Onun bu addımı sərnişinlər tərəfindən böyük maraqla və təqdirəlayiq addım kimi qarşılanıb.
Maraqlıdır, görəsən bu kimi kampaniyalar şagirdlərin oxumağa olan maraqlarının artmasında stimul rolunu oynaya bilərmi ?
Suallarımızı cavablandıran təhsil eksperti Kamran Əsədov "Sherg.az”a bildirib ki, belə məqamlar həqiqətən də ürəkaçandır:
"Hər hansısa bir şəxsin, şirkətin və ya müəssisələrin şagirdlərin davamiyyətini, təhsilini yüksəltməyə xidmət göstərən kampaniyalarını müsbət hal hesab edirəm. Belə faktorlar şagirdlərin çalışmağını, onlar arasındakı oxumaq rəqabətini gücləndirir. Bu vaxta kimi belə bir müsbət hallar az alub. Ötənlərdə "Megafun” əyləncə mərkəzi dərs qiymətləri beş olan şagirdlərə müəyyən güzəştlər edib. Bu kimi məqamlara həqiqətən də ehtiyac var. Bilikli şagirdlərin başqa bir şəxs və ya şirkət tərəfindən dəyərləndirilməsi vəziyyətə müsbət təsir göstərir. Zaman-zaman bu kimi kampaniyalar universitetlərdə də tətbiq olunub. Amma bunun orta təhsil müəssisələrinə daşınması həm şagirdlərə stimul olar, həm də təhsilin kefiyyətini ciddi şəkildə yüksəldər.
Məsələn, Azərbaycan Dillər Universitetində (ADU) birinci kursda oxuyan tələbələrə lazım olan kitabların pulunu universitet ödəyir. Bu da təbii ki, olduqca yaxşı tendensiyadır. İndiki vaxtda ailəsinin maddi imkanı zəif olan şagirdlərin gündəlik gediş haqları çox oxumaqlarından dolayı ləğv olunması onlarda stimul yaradacaq. Məktəblilər əziyyətlərinin qarşılığını gördükcə daha çox oxuyub, gələcəyin istedadlı bir kadrı, mütəxəsisi olacaq. Onlar bu gün dörd qiyməti alırlarsa, sabah beş qiymətinə layiq görülməyi istəyəcək".
Ekspert onu da qeyd edib ki, təhsildə qiymətləndirmə, mükafatlandırma və cəzalandırma kimi amillər var:
"Hazırda bizdə cəzalandırma metodlarından daha çox istifadə olunur. Amma indi qiymətləndirilmə ilə yanaşı mükafatlandırılmanın olması məktəblilər üçün müsbət hal olacaq. Bir təhsil eksperti olaraq bu kampaniyanı həyata keçirən sürücüyə öz təşəkkürlərimi bildirirəm. Cəmiyyətimiz, gələkəcəyimiz, uşaqların dərsə davamiyyəti üçün bu hadisəni xoş qarşılayıram. Ümüd edirəm ki, gələcəkdə belə tədbirlər daha çox olar. Həm özümüz sevinək, həm də şagirdləri sevindirək”.
Kənan Eynuroğlu