Təhsil naziri doğru addım atıb

Daha müavinlərini direktorlar özləri təyin edəcək




Təhsil nazirinin yeni əmrinə əsasən respublika tabeli ümumtəhsil məktəblərinin təsərrüfat işləri üzrə direktor müavinlərini bundan sonra həmin müəssisənin direktoru təyin edəcək. Sözügedən əmr ictimaiyyətdə məktəb direktorlarına əlavə səlahiyyət verilməsi kimi təqdim olunur. Təhsil sahəsi üzrə ekspert Nabatəli Qulamoğlu isə belə hesab edir ki, əmrin məğzi düzgün anlaşılmayıb:

- Birincisi, burada söhbət orta məktəb direktorlarından yox, internat, lisey, gimnaziyalardan gedir ki, əmrə qədər təsərrüfat işləri üzrə direktor müavinlərini vəzifəyə Təhsil Nazirliyi təsdiqləyirdi. Bu zaman da rüşvət amilinin ortaya çıxmasına imkan yaranırdı. Direktorlar kimisə təqdim edirdilər, nazirliyə göndərirdilər, o adam da kabinetləri gəzirdi və bəzən müəyyən rüşvət müqabilində həmin vəzifəyə təsdiqlənirdi. Hesab edirəm ki, nazir bu əmri verməklə çox doğru addım atıb. Nazirlik lazım olmayan yükdən özünü azad edib. Nazirliyin adının korrupsiya və rüşvətdə hallanma ehtimalının qarşısını alıb. Qərar düzgün qərardır. Bu əmrlə, nazir, əslində direktorlara müstəqillik verir ki, müavini özünüz təyin edin, cavabdehliyi də özünüz daşıyın. Bu da məncə, direktorların səlahiyyətinin artmasından daha çox, məsuliyyətlərinin artırılması deməkdir. Məncə, nazirin əmri bu yöndən şərh edilməlidir.

N.Qulamoğlu bildirdi ki, nazirlik orta məktəblərdə direktor müavinlərinin işə qəbulundan özünü kənarlaşdırıb. Orta məktəblərdə direktor müavinləri məktəb direktorunun təqdimatı ilə rayon təhsil şöbəsinin müdiri tərəfindən müvafiq əmrlə təsdiqlənir. Nazirlik bu işə də qarışmır.

Məlahət Rzayeva