Əjdər Ağayev: “Müəllimlərin maaşı faizlə deyil, 3-5 dəfə artırılmalıdır”
Millət vəkili Siyavuş Novruzov müəllimlərin maaşının artırılması ilə bağlı təklif verib. Deputatın sözlərinə görə, müəllimlərin sayını azaltmaqla maaşları artırmaq lazımdır. S.Novruzov hesab edir ki, kimin qabiliyyəti çatır, oturub işləməlidir, kimin də qabiliyyəti çatmır, həm xalqın uşağını şikəst etməməli, həm də digərlərin boğazına şərik olmamalıdır. Müəllim sinifdə yaxşı dərs deyəndən sonra uşağın repetitor yanına getməyinə ehtiyac qalmır. Oturub kitabdan oxuyar, istiqamətə uyğun hazırlaşar. Yaxşı müəllimin özü istiqamət verir”.
Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayev isə müəllimlərin maaşının hansı mexanizmlər vasitəsilə artırılmasını açıqlayıb. O, Milli Məclis üzvünün müəllimlərin əmək haqlarının qaldırılması məsələsinə toxunmasını müsbət dəyərləndirib. Hesab edir ki, müəllimlərin əməyinin stimullaşdırılması, təhsildə keyfiyyətin artırılması və digər məsələlər baxımından bu sahəyə diqqətin göstərilməsi çox vacibdir: "Bu məsələ bir neçə dəfə parlamentdə də qaldırılıb. Ayrı-ayrı millət vəkilləri də müxtəlif zamanlarda öz münasibətlərini bildirib, təkliflərini veriblər. Əlbəttə, müəllimlərin əmək haqları dövlət vəsaiti hesabına artırılmalıdır. Bu məsələ təhsilin inkişafı ilə bağlı Dövlət Strategiyasında da göstərilib. Yəni əməyinin nəticəsi yüksək olan müəllimin maaşı yaxşı olmalıdır. Məsələn, Azərbaycanda iki müəllim eyni fəndən dərs deyir. Onlardan biri nailiyyət qazanır, şagirdləri dərin biliyə, yüksək bacarığa yiyələnir. Qoy bunun əməkhaqqı 1000-1200 manat olsun. Digər müəllimin isə şagirdlərinin nəticəsi qənaətbəxş deyil. Onun maaşı, məsələn, 500 manat olmalıdır. Yəni maaş məsələsinə diferensiallaşma mexanizmi ilə yanaşılmalıdır. Belə olan halda 500 manat alan müəllim çalışacaq ki, nailiyyət qazanan həmkarına çatsın. Yox, əgər bunu bacarmazsa, öz-özünə sıradan çıxacaq və müəllimlikdən gedəcək. Bu yol ən optimal variantdır. Əlbəttə, monitorinq keçirilməli, hansı müəllimin əməyinin yüksək olması müəyyənləşməlidir”.
Müəllimlərin işdən çıxarılması hesabına digərlərinin əməkhaqqının yüksələcəyini gözləməyin absurd olduğunu deyən professor S.Novruzov müəllimləri ixtisar etməklə maaşların artırılması təklifini məqsədəuyğun variant hesab etmədiyini deyib. O, bu mexanizmi narazılıq doğuran yanaşma hesab edir: "Əməkhaqqı problemini müəllimləri ixtisar etməklə, Əlinin papağını
Vəlinin başına, Vəlinin papağını Əlinin başına qoymaqla həll etmək olmaz. Bu məsələ dövlət səviyyəsində həll edilməlidir. Son illər müəllimlərin əməkhaqqı bir neçə dəfə artırılıb, lakin faizlə! Faizlə əsaslı dəyişiklik etmək mümkün deyil. Müəllimlərin əməkhaqqı faizlə deyil, 3-5 dəfə artırılmalıdır. Ancaq bu halda müəllimlərin sosial durumunda əsaslı dönüş yaratmaq mümkün olacaq. Yoxsa ki, bəzi müəllimləri işdən kənarlaşdırmaq, dərs saatlarını artırmaq çıxış yolu deyil. Düşünürəm ki, belə variant məqsədəuyğun deyil. Elə etmək lazımdır ki, bacarığı, savadı olmayan müəllim öz ərizəsi ilə getsin. Bunun də real mexanizmini yuxarıda qeyd etmişəm”.
Ə.Ağayev deyib ki, müəllimin əməkhaqqı onun tələbatını ödəməlidir: "Ancaq konkret olaraq müəllimin orta aylıq əməkhaqqının nə qədər olması dövlətin iqtisadi imkanlarından, büdcəsindən asılıdır. Bir də ki, ölkədə istehlak bazarındakı qiymətlərlə uyğunlaşmalıdır. Məsələn, bizim ölkədə qiymətlər çox bahadır. Ona görə də tələbatı ödəməyə çox pul lazımdır. Elə ölkə var ki, bahalıq deyil, deməli, onlara nisbətən az vəsait lazımdır”.
Ekspert həmçinin hesab edir ki, müəllimlərin əmək haqlarının qaldırılması repetitorluğun səviyyəsini azaldacaq: "Demək olmaz ki, repetitorluq aradan qalxacaq. Bu iş var və olacaq. Ancaq hesab edirəm ki, müəllimlərin əmək haqları artırılarsa, repetitorluğa maraq azalar”.
Şəymən