Təklif:"Yanacaqdoldurma məntəqələri bu marşrut avtobuslarına qadağa qoysun !"

Elməddin Muradlı:"Sərnişinlə dolu marşrut avtobuslarının yanacaqdoldurma məntəqələrinə daxil olması qadağandır"
"Sərnişinlə dolu marşrut avtobuslarının yanacaqdoldurma məntəqələrinə daxil olması qadağandır”.
Bunu "Sherg.az”a Avtosfer.az saytının baş redaktoru, nəqliyyat eksperti Elməddin Muradlı deyib. Onun sözlərinə görə, bu qayda pozuntusuna yol verən sürücülər 60 manat məbləğində cərimə edilirlər:
"Daşıyıcı şirkətlər nəzarəti gücləndirdiyinə görə, belə hallar xeyli azalıb. Amma hələ də analoji qayda pozuntularına yol verənlər olur. Özlərini nəzarətsiz hesab edən daşıyıcı şirkətlər hələ də qalıb. Hər avtobusa xüsusi nəzarətçi qoymaq qeyri-mümkündür. Sərnişinlər özləri, belə hallarla qarşılaşdıqda dərhal daşıyıcı şirkətə, yaxud polisə məlumat verməlidir. Avtobusun nömrəsini, markasını və s. çatdırmaqla problemin qarşısının alınması üçün yardım etmək mümkündür.
Təklif edirəm ki, yanacaqdoldurma məntəqələri də sərnişinlə dolu avtobusların məntəqəyə bu şəkildə daxil olmasına qadağa qoysun. Ən yaxşı vasitə bu olar”.
Qeyd edək ki, son günlər içərisi sərnişinlə dolu avtobusların yanacaqdoldurma məntəqəsinə daxil olması ilə bağlı redaksiyamıza çoxsaylı müraciətlər olunur. Müraciətlərdən aydın görünür ki, bu hallar daha çox Bakı ətrafı istiqamətlər üzrə hərəkət edən marşrut avtobuslarında qeydə alınır. Misal olaraq, 135, 199, 119 və s. avtobusları göstərmək olar.
Aysel Aslan