Bakıda əhalinin sayı çoxaldıqca, infrastruktur dəyişdikcə, sürüşmələr artır
Yağıntılar intensiv şəkildə davam etsə, Bakıətrafı qəsəbələrdəki sürüşmə ehtimalı arta bilər. AMEA-nın Coğrafiya İnstitutunun açıqlamasına görə, paytaxtda, xüsusilə Bakıətrafı qəsəbələrdəki sürüşmə sahələrində vəziyyət yaxşı deyil. Yağıntılar bir neçə gün də intensiv şəkildə davam etsə, həmin ərazilərdə sürüşmənin sürətlənməsi ehtimalı böyükdür. Belə proseslərə hazır olmaq lazımdır.
Məlumat üçün bildirək ki, hazırda Bakının Zığ, Yeni Günəşli, Əhmədli zonasında, Masazır adlanan ərazisində sürüşmə sahələrində aktivləşmə var. Bayılda və Badamdar yoxuşunda isə hələlik fəallaşma müşahidə edilmir.
Bu təbiidir və təkcə yağıntı ilə əlaqəli deyil. Kommunikasiya xətlərindəki problemlərin də bu məsələdə böyük rolu var. Bu proses daha çox Bakıətrafı qəsəbələrdə yaranır. Çünki orada bir çox ərazidə kanalizasiya sistemi yoxdur, məişət suları birbaşa torpağa axıdılır. Yağıntılar nəticəsində də sürüşmənin aktivləşməsi yaranır. Atmosfer yağıntıları bu prosesi bir qədər də gücləndirir”.
Milli Ekoloji Araşdırmalar Mərkəzinin sədri Telman Zeynalov sürüşmənin səbəblərini "Şərq”ə şərh edərkən qurunt sularının həddindən artıq aşağı düşməsini və yay mövsümünün quraq keçməsini əsas gətirdi: "Lay sularının çəkilərək quruması və yağıntıların son 5 ildə azalması sürüşmənin sürətlənməsinə təkan verir. Yəni qurunt quruyur, yağıntılar zamanı da bu sularla birlikdə qurunt ağırlaşaraq gəlib ağ gilə çatır. Ağ gil də sürüşkən element olduğuna görə mavzoloy kimi şişərək öz ağırlığına tab gətirmir və üzərində nə yerləşirsə, hamısı sürüşüb gedir”. T.Zeynalovun sözlərinə görə, paytaxtdakı landşaftları nəzərə almadan təpəciklərdə yüksəkmərtəbəli binaların inşası sürüşməni sürətləndirən amillərdən biridir: "Bu tikililərdə bizdən və təbiətdən asılı olmayaraq torpağı yumşaldırlar. Yəni möhkəmliyini zəiflədir”.
Ekoloq Bakıətrafı qəsəbələrin kanalizasiya xətlərinin olmamasını sürüşməni artmasına təsir edən əsas səbəblər sırasında görmür: "Bakı şəhərinin neçə əsr yaşı var və tarix boyu kanalizasiya sistemi olmayıb. Həmçinin qədim dövrlərdə paytaxtda çox sürüşmələr baş verməyib. Lakin indi əhalinin sayı çoxaldıqca, infrastruktur dəyişdikcə, sürüşmələr artır. Sadəcə köhnə kanalizasiya sistemlərinin harasındasa yırtıq və çatdan sızan su sürüşməyə səbəb ola bilər”. Ekspert hər hansı elmi araşdırmalar və tikinti işləri aparmazdan öncə geoloqlara və torpaqşünaslara müraciət etməyi tövsiyə edir: "Onlar işlər aparılacaq ərazinin torpağını, lay və qurunt sularını öyrənərək məsləhət versinlər və həmin ərazidə tikinti işləri aparmağın məqsədəuyğun olub-olmamasını elmi cəhətdən əsaslandırsınlar”.
Vüqar Şahinoğlu