ABŞ Ankara ilə danışıqlardan sonra da terrorçulara dəstəkdən vaz keçməyəcək
Amerika Birləşmiş Ştatları Türkiyəyə qarşı növbəti təxribata əl atıb. Ölkənin Müdafiə Nazirliyi Suriyadakı PYD və YPG terrorçularına müasir silahlar və tank daşıya bilən zirehli avtomobillər göndərib. Məlumata görə, Amerika Suriyada Fərat çayının şərqindəki özünə aid bazadan çayın qərbindəki Menbiç vilayətinə 50 TIR dolusu silah-sursat yollayıb.
Sözügedən silahlar türk ordusuna qarşı vuruşan terrorçulara təhvil verilib. Müasir silahların dəyəri milyon dollarlarla ölçülür. Məlumat üçün deyək ki, ABŞ son bir il ərzində terrorçuları 5 min TIR və 2 min təyyarə dolusu ağır silahlarla təchiz edib. Üstəlik, Türkiyə dövlətinə qarşı açıq savaş aparan terrorçulara 550 milyon dollar maliyyə yardımı ayırıb. "Demokratik Suriya Qüvvələrinin” inkişafı üçün 300, yaradılması nəzərdə tutulan sərhəd təhlükəsizlik qüvvələri üçün 250 milyon dollar nəzərdə tutulub.
Prosesi "Şərq”ə dəyərləndirən politoloq Məhəmməd Əsədullazadə deyib ki, Amerikanın maliyyə yardımının dövlət katibi Reks Tillersonun Türkiyəyə səfəri və Trampın milli təhlükəsizlik məsələləri üzrə müşavirinin Ankara rəsmiləri ilə apardığı danışıqlar fonunda edilməsi terror təşkilatına dəstəyin bundan sonra da davam edəcəyini göstərir:
"Hesab edirəm ki, ABŞ rəsmilərinin Ankara ilə aparılan danışıqlarından sonra da terrorçulara verilən dəstəkdən vaz keçilməyəcək. Vaşinqtonun terror təşkilatına yardım siyasəti Türkiyənin "Zeytun budağı” əməliyyatına cavabdır. Ola bilsin, Tillersonun Yaxın Şərq turu çərçivəsində Türkiyəyə səfəri və aparılacaq danışıqlar nəticəsiz başa çatsın. ABŞ qərarını geri götürməzsə, Ankara-Vaşinqton əlaqələri daha da kəskinləşə bilər.
Məlumdur ki, Trampın Ərdoğana YPG ilə bağlı verdiyi sözü tutmaması onun siyasi iradəsindən xaric məsələdir. Türkiyəyə qarşı terrorçuların silahlandırılmasını həyata keçirən Pentaqonun "quduz it” ləqəbli müdafiə naziri Ceyms Mattisdir. Bu işdə əsas fiqur odur. Mattis Yaxın Şərq üzrə ABŞ-ın əsas müharibə strateqidir. General hətta Türkiyə ilə açıq hərbi qarşıdurmaya getməyə hazır olan şəxsdir. Göründüyü kimi, Vaşinqton-Ankara müttəfiqliyi sadəcə sözdədir. Vaşinqton Türkiyəyə qarşı düşməncəsinə hərəkət edir”.
Politoliq Elxan Şahinoğlu da bildirib ki, ABŞ Konqresinə təqdim olunan hesabatda rəsmən təsdiq olunub ki, Amerika Suriyada PKK-nın qolu olan YPG-yə dəstək verir və bu siyasət davam edəcək:
"Yəni hesabatda "PKK-nın qolu” ifadəsi işlənib. Halbuki, Amerika həmin PKK-nı illər öncə terrorçu təşkilat kimi tanıyıb. Bununla özlərinin tanıdığı terrorçulara dəstək verdiklərini rəsmən etiraf ediblər. Burada artıq məntiq işləmir. Amerika deyir ki, "nə edirəm, yaxşı edirəm, özüm bilərəm”.
İsmayıl