Topu Təhsil Nazirliyinə ötürdülər

Məktəb çantalarının ağır olması artıq bu ölkədə xorla səslənirUşaqların çantasını yüngülləşdirmək üçün ya dərs yükünü azaltmaq lazımdır, ya da kitabların elektronlaşması həyata keçirilməlidir
Dərs ilinin başlamasına sayılı günlər qalıb. Hər tədris öncəsi olduğu kimi şagirdlər həyəcanlı, valideynlər isə qayğılıdırlar. Dərs ilinin başlanması bir sıra problemləri də ortaya çıxarır ki, bu problemlərdən biri də məktəbli çantalarının ağır olmasıdır. Artıq bu məsələ təkcə şagirdlərlə valideynlərin deyil, səhiyyə işçilərinin də ciddi narahatlığına səbəb olub. Çünki orta məktəb şagirdlərinin çiyinlərinə daşıya biləcəkləri qədər yox, həddindən artıq ağır bir yük qoyurlar. Dərslərin ağırlığı, proqramın həddindən artıq yüklü olması bir yana, fənn kitablarının çoxluğu və ağırlığı da uşaqlara zülm edir.
Qeyd edək ki, Səhiyyə Nazirliyi yeni tədris ilinin başlanması ilə bağlı məktəblərdə gigiyena qaydaları, azyaşlıların qidalanması və yeni dərs ilinə hazırlıq məsələlərinə həsr olunmuş mətbuat konfransı keçirib.
Tədbirdə bildirilib ki, bu gün pediatriyanın qarşısında duran ən aktual problemlərdən biri uşaqların düzgün qidalanmasıdırsa, digəri də ağır məktəbli çantalarının yaratdığı fəsadlardır: "Uşağın məktəb çantalarının ağırlığı onun çəkisinin on faizinə bərabər olmalıdır. Çantanın ağır olması qamət pozuntularına səbəb olur ki, bu da zahiri görünüşdə yaranan dəyişikliklərlə yanaşı, daxili orqanların da zədələnməsi ilə nəticələnə bilər. Məktəbli çantasının kəməri enli olmalı və hər iki çiyinə geyilməlidir. Bu problemlərdən biri də uşaqların hədsiz isti geyimlərlə geyindirilməsidir. Bu da immun sisteminin zəifləməsi ilə nəticələnir. Yay mövsümü ilə əlaqədar gündəlik rejimin pozulması yaranan problemlərdən biridir ki, burada yuxu əsas rol oynayır. Uşaqları rejimə alışdırmaq böyüklərə nisbətən çox çətindir. Bu səbəbdən tədris ilinin başlanmasından təxminən iki həftə əvvəl uşağı məktəb rejiminə alışdırmaq lazımdır”.
Məsələ ilə bağlı danışan pediatr Vaqif Qarayev məktəbli çantalarının ağır olmasının uşaqların sağlamlığı üçün zərərli olduğunu deyib: 
"Çantalar çox ağır olur, götürə bilmirlər. Ağır çantalar onların qamətini, onurğa sütununu əyir. Çünki təzəcə formalaşan uşaq orqanizminə əlavə məcburi yük düşür. Ağır çanta uşaq orqanizmi üçün zərərlidir və qamətin formalaşmasında ciddi problemlər yaradır. Xüsusən də, qız uşaqları üçün ağır çantalar sonradan böyük fəsadlar yaradır”.
Həkim təkərli çantaların da tibbi baxımdan uşaqlara xeyir etmədiyini deyib: "Uşaqların çantasını yüngülləşdirmək üçün ya dərs yükünü azaltmaq lazımdır, ya da kitabların elektronlaşması həyata keçirilməlidir. Artıq bəzi ölkələrdə kitabların elektronlaşması həyata keçirilib. Aşağı sinif şagirdləri çantaları daşıya bilmir. Bədənin gücü çatmır həmin çantaları daşımağa. Mən hamıya deyirəm, xüsusən uşaqları ibtidai sinifdə oxuyan valideynlər, uşaqlarını əzməsinlər. Uşaqların çantalarının ağır olması onurğa sütunun əyriliyinə səbəb ola bilər”.
Tarixçi alim, təhsil eksperti Kamran Əsədov da hesab edir, həm valideynlər, həm də balacaların çoxu haqlı olaraq məktəbli çantalarının ağır olmasından şikayət edir: 
"Ağır çantalar uşaqlarda bir çox xəstəliklərə yol açır. Bəzi valideynlər məktəbə yollanan uşaqları üçün məktəb ləvazimatı alarkən ən çox onların çantasına fikir verirlər. Çünki bəzən şagirdlərin götürdüyü çantalar ya özü ağır olur, ya da onun içərisinə o qədər dəftər-kitab yığılır ki, bu da şagirdlər arasında onurğa əyriliyinə kimi gətirib çıxarır. Ona görə də məktəbli çantası mütləq yaşa uyğun seçilməlidir. Eyni zamanda çantanın materialına diqqət yetirmək lazımdır. Bunu etmədikdə yük birtərəfli qaydada bir çiyni üstə düşür və skoliozla nəticələnir. Bu isə sonda onurğa əyriliyinə gətirib çıxarır.
Bu gün təkcə dərs oxumaq yox, həm də o dərsi oxumaq üçün kitabları qoyduğumuz çantaları daşımaq müşkülə çevrilib. İndi əksər hallarda aşağı sinif şagirdlərinin çantasını şagirdlərdən çox valideynlərin daşıdığını görürük. Bu isə əlbəttə ki, məktəbli çantalarının ağırlığından irəli gəlir. Ağırlığı bəzən hətta 10 kiloqramı keçən çantalar tək şagirdlər üçün yox, elə valideynlər üçün də hər gün daşımalı olduqları yükə çevrilib”.
K.Əsədovun sözlərinə görə, çantaların ağırlığının səbəbi hər fənn üzrə kitab və dəftərdən başqa, əlavə dərs ləvazimatlarının da daşınmasıdır: "Şagird hər fənn üzrə bir kitab, bir dəftər, bir test kitabı, bir iş dəftəri özü ilə götürməlidir. Bunların hamısını yığdıqda çanta çox ağır olur. Bundan başqa, bir çox şagirdlər özləri ilə yemək və su götürür ki, bu da çantanın daha da ağırlaşmasına gətirib çıxarır. Sizə beynəlxalq təcrübəni və qəbul olunan prinsipləri deyim. Çantanın çəkisi uşağın çəkisinin 14-15 faizini keçməməlidir: bu hesabla 8 yaşınadək olan uşaqlar 2 kilo (içindəkilərlə), 8-12 yaşınadək uşaqlar ən çox 4, 12-15 yaş uşaqlar isə 5 kilo ağırlığında çanta götürməlidirlər. İçində heç nə olmayan çantanın çəkisi 700 qramı keçməməlidir. Kürək çantaları hər iki çiyindən asılmalıdır. Çantanı yalnız bir çiyindən asmaq beldə sağa-sola əyilmələrə, yəni skolioz kimi xəstəliklərə səbəb ola bilər.
Mən bununla bağlı monitorinq aparmışam. Məlum oldu ki, I sinif üçün 5 kitab var, onların çəkisi 2 kiloqram 145 qramdır, iş dəftərləri ilə birlikdə 4 kiloqram və ya 5 kiloqrama yaxındır. Əlavə qələm və digər ləvazimatları da daxil etdikdə bu rəqəm 7 kiloqrama çatır. Əlbəttə ki, bu, 1-ci sinif şagirdi üçün çoxdur”.
Ekspert çıxış yolu olaraq deyib ki, çalışma dəftərləri sinifdə qalmalı, tədris olunan fənlərin sayı azaldılmalı, kitabların həcmində ixtisarlar edilməlidir.
Şəymən