Türkiyə Afrin əməliyyatını niyə həyata keçirdi ? - ŞƏRH

Tofiq Abbasov: " Türkiyə ABŞ-ın əsas planlarından birinin kürd dövlətinin yaradılması olduğunu anlayır"
"Türkiyə özünün sərhədyanı bölgəsinin təhlükəsizliyini təmin etmək, terrorçu qruplaşmaları zərərsizləşdirmək məqsədilə Afrin əməliyyatını həyata keçirdi”.
Bu barədə "Sherg.az”a politoloq Tofiq Abbasov danışıb. 
O diqqətə çatdırıb ki, Türkiyə ABŞ-ın əsas planlarından birinin kürd dövlətinin yaradılması olduğunu anlayır:
"Buna görə, Amerika PYD qüvvələrini həm hazırlayır, həm də silah-sursatla təmin edir. Yaranmış vəziyyətdə iki dövlətin – Rusiya və İranın mövqeyi diqqət çəkir. Anlayırlar ki, Türkiyə təhlükəsizliyini təmin etmək, Suriyanın şimalını nəzarətə götürmək üçün bu addımları atır. Rusiya və İran bundan ehtiyatlanır. Müxtəlif qüvvələr qütbləri dəyişirlər və onların maraqları haçalanır.
Türkiyənin Afrin bölgəsindəki səyləri bir neçə məqsədə yönəlib. Çalışırlar, həm özlərinin təhlükəsizliyini təmin etsinlər, həm də Suriyanın şimalına nəzarəti həyata keçirsinlər. İstər-istəməz İranla Amerikanın, hətta Rusiyanın da bu məsələdə baxışları üst-üstə düşür. Lakin bunlar strateji müttəfiqlik anlamına gələn məsələlər deyil.
Hazırda geosiyasi böhran yeni mərhələyə qədəm qoyur. Əsas iştirakçıların diplomatiyası çevik, dinamik əks olunacaqsa, nəticə də bundan asılı olacaq. Türkiyə qoşunları 10 km-ə qədər irəliləyibsə, demək ki, məqsəd problemi həll etməkdir”.
Qeyd edək ki, yanvarın 20-də Türkiyə Baş Qərargahı yerli vaxtla saat 17:00-da Afrin bölgəsində "Zeytun budağı" əməliyyatı başladığını, hərbi əməliyyatda məqsədin bölgənin PKK terror təşkilatının Suriya qolu PYD/YPG, İŞİD və digər terror təşkilatlarından təmizləmək olduğunu bəyan edib. Türkiyə qırıcı təyyarələri bölgədə terror təşkilatının hədəflərinə hava zərbələri endirib. Yanvarın 21-də isə Türkiyə ordusu Suriyanın Afrin bölgəsində quru əməliyyatına başlayıb. Suriyada "Fərat" qalxanı əməliyyatı çərçivəsində azad edilmiş bölgədən də Afrinə müxalif Azad Suriya ordusunun hücumu başlayıb. Azad Suriya Ordusunun bölmələri Türkiyə tanklarının müşayiəti ilə irəliləyir. Gün ərzində 3 kənd terrorçulardan təmizlənib.
Aysel Aslan