Türkiyə məzlum dünyanın ümidinə çevrilir

"Ərdoğanın BMT kürsüsündəki cəsarətli çıxışı qardaş ölkənin dünyada nüfuzunun artmasından xəbər verir"



Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin Baş Assambleyasının 73-cü sessiyasında dünyadakı zülmlərə səssiz qalan üzv dövlətləri tənqid edib. Ərdoğan bildirib ki, BMT-nin Təhlükəsizlik Şurası dünyada baş verən zülmləri seyr edən və 5 daimi üzvə xidmət edən əhəmiyyətsiz bir qurum halına gəlib: "Bir daha təkrar edirəm, dünya "5”dən böyükdür. Biz Türkiyə olaraq insanlığın ortaq vicdanının səsi olduğumuza inanırıq”. 

Türkiyə Prezidenti zülmə məruz qalan Fələstini daim müdafiə edəcəklərini də sözlərinə əlavə edib: "Fələstinlilərə tətbiq olunan zülmə səs çıxarmayanların, onlara edilən yardımlara mane olanların cəhdləri zalımların cəsarətlərini artırmaqdadır. Bütün dünya üz çevirsə də, məzlum fələstinlilərin yanında olmağa, ilk qibləmiz Qüdsün tarixi və hüquqi statusuna sahib çıxmağa davam edəcəyik”. Məlumata görə, Ərdoğan tribunaya çıxmazdan öncə Trampla ayaqüstü görüşüb və qısa söhbət edib. Türkiyə Prezidenti dünya ictimaiyyətinin gözü önündə BMT-i ilk dəfə tənqid etmir. Ərdoğan həm xarici səfərlərdə, həm də ölkədaxili çıxışlarda tez-tez təsirsiz hala düşmüş beynəlxalq qurumları hədəf seçir, imperialist gücləri ittiham edir. Maraqlı tərəf odur ki, getdikcə Ərdoğanı bu istiqamətdə dəstəkləyən ölkələrin sayı da artmaqdadır.

Ərdoğanın bəyanatını "Şərq”ə dəyərləndirən "Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri Əhəd Məmmədli deyib ki, Türkiyə məzlum dünyanın ümidinə çevrilir. Ekspertin fikrincə, Ərdoğanın BMT kürsüsündəki çıxışı böyük diqqət mərkəzində idi: 

"Bu, qardaş ölkənin dünyada nüfuzunun artmasından xəbər verir. Ərdoğanın çıxışı gözlənilən və təqdirəlayiq idi. Türkiyə Prezidenti növbəti dəfə vurğuladı ki, dünya 5-dən böyükdür. Əlbəttə, prezident tamamilə haqlıdır. Dünya artıq birdən də, ikidən də, beşdən də böyükdür. Müasir beynəlxalq siyasət artıq ikiqütblülüyü qəbul etmir və çoxqütblüyə qayıdır. Ərdoğan da məhz buna diqqət çəkir. "Dünya 5-dən böyükdür” deyən Ərdoğan BMT-yə mesaj verir ki, 6-cı qütb Türkiyədədir”.

Analitikə görə, Türkiyə liderinin bu sözləri üçüncü dünya ölkələrinə ümid verir

"Fələstin məsələsi Türkiyə üçün önəmlidir. Ərdoğanın vurğuladığı kimi, Türkiyə yaxşı mənada ekspansiya siyasətini davam etdirir. Bu siyasət Türkiyəni yenidən islam dünyasında söz sahibinə çevirir. Ərdoğanın məqsədi də məhz budur. Türkiyənin qüdrətlənməsi birbaşa Azərbaycanın mənafeyinə də uyğundur. Türkiyə BMT-də söz sahibi olarsa, ATƏT-in Minsk Qrupunda da söz sahibi olacaq. Hadisələrin bu cür gedişatı Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyini gücləndirəcək. Bütün dünya Türkiyənin yenidən beynəlxalq siyasətə bir oyunçu kimi qayıdışını seyr etməkdədir”.

İsmayıl