Ərəstun Oruclu: “Hələlik məlum olan budur ki, terror aktını İŞİD törədib”İlham İsmayıl: “Çox güman ki, terroru PKK, ya da İŞİD törədib”
Türkiyədə Atatürk hava limanında törədilən terror aktı bütün dünyanın diqqət mərkəzindədir. Qanlı hadisənin İŞİD tərəfindən törədilməsi iddia edilsə də, bəzi ekspertlər düşünülmüş terror aktının daha hazırlıqlı Qərb, yaxud Rusiya xüsusi xidmət orqanı tərəfindən törədildiyi ehtimalının daha inandırıcı olduğu qənaətindədir.
Onların fikrincə, xüsusi mühafizə olunan bir əraziyə birdən-birə üç terrorçunun silah və bombalarla daxil olması ciddi informasiya və əlaqələr tələb edir. İŞİD-in bunun öhdəsindən təkbaşına gələ biləcəyi isə sual doğurur. Terrorun pərdə arxasında dayanan güclərdən danışan "Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclunun sözlərinə görə, İstanbul hava limanında törədilən terror aktının arxasında konkret kimlərin dayandığını birmənalı olaraq demək çox çətindir. Çünki bu gün Türkiyədə stabilliyi pozmaq bir çoxlarının marağındadır: "Özü də burada söhbət təkcə xarici qüvvələrin marağından getmir, bu məsələdə maraqlı olan müəyyən daxili qüvvələr də var. Xüsusən Türkiyə iqtisadiyyatında önəmli paya sahib olan turizmə zərbə vurmaq baxımından belə bir terror aktını törətmək heç vaxt təsadüfi sayıla bilməz. Bu, çox incə şəkildə planlaşdırılmış və həyata keçirilmiş terror aktıdır. Xüsusən, Türkiyə rəhbərliyinin Rusiya və İsraillə münasibətlərini məsbətə doğru inkişaf etdirmək istiqamətində addımlar atdığı dövrdə baş verməsi də təsadüf deyil. Bütün bu amillər son terror aktını törətməyə sövq edə bilərdi”. Ekspertin fikrincə, Türkiyənin təhlükəsizlik qüvvələrinin vəziyyəti qənaətbəxş deyil: "İstər polisin, istərsə də xüsusi xidmət orqanlarının bərbad vəziyyətdə olması faktdır. Məhz bu fakta görə, Türkiyə dəfələrlə planlaşdırılmış terror aktlarına məruz qalıb. Fikrimcə, bu, uzun illər terrorla üz-üzə dayanan və onun mübarizə təcrübəsi olan bir ölkə üçün heç də yaxşı göstərici deyil”. Politoloq İŞİD-in terroru üzərinə götürməsində də münasibət bildirib: "11 sentyabr kimi ciddi terror aktının "Əl-Qaidə” terror təşkilatı tərəfindən törədilməsinin şahidi olmuşuq. İŞİD ondan heç də zəif təşkilat deyil. İstənilən dövləti o zaman terrorda ittiham etmək olar ki, əldə ciddi dəlillər olsun. Hələlik məlum olan budur ki, terror aktını İŞİD törədib”.
Təhlükəsizlik orqanının sabiq polkovniki İlham İsmayıl baş verən terror aktını Türkiyəyə təzyiq vasitəsi kimi dəyərləndirib. Onun sözlərinə görə, terror aktları zamanı təhlükəsizlik sisteminin zəif olub-olmadığını söyləmək bir az çətin məsələdir: "Əgər terror aktını kamikadzelər törədirsə, təhlükəsizlik sisteminin zəif işlədiyini söyləmək düzgün olmaz. Çünki kamikadzeni zərərsizləşdirmək çox çətindir”. Ekspert deyib ki, Brüssel hava limanındakı terror aktından sonra
İstanbulda da terror aktının baş verəcəyi gözlənilirdi: "İstər İŞİD, istərsə də PKK və PYD terror aktları törədərək Türkiyəyə təzyiq göstərməyə çalışırlar. Türkiyə-Rusiya münasibətlərində yaxşılaşma prosesləri gedən zaman terror aktının baş verməsi bir mesajdır. Yəni demək istəyirlər ki, "Rusiya ilə münasibətləri normallaşdırmaq sizi xilas etməyəcək”. Çox güman ki, terroru PKK, ya da İŞİD törədib. Ona görə də birbaşa təhlükəsizilik sistemini günahlandırmaq lazım deyil”.
İsmayıl