Bizim üçün əsas olan Azərbaycan- Türkiyə əməkdaşlığı, xüsusilə də, hərbi anlaşmalardır
Türkiyə, Azərbaycan və Gürcüstanın xarici işlər nazirləri Qarsda üçtərəfli görüş keçiriblər. XİN rəhbərlərinin sayca dördüncü olan bu görüşündə regional əməkdaşlığa, sabitliyə və enerji məsələlərinə dair bir sıra mühüm mövzular müzakirə olunub. Tərəflər Trans-Anadolu təbii qaz boru kəmərinin və Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin əhəmiyyətini xüsusilə qeyd ediblər.
Görüşdə, həmçinin regionda və dünyada cərəyan edən hadisələr ətrafında da fikir mübadiləsi aparılıb. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiya ilə imzalanan anlaşma memorandumuna diqqət çəkərək bunun TANAP-ın reallaşmasına təsir etməyəcəyini deyib. Çavuşoğlu Trans-Anadolu qaz kəməri layihəsini Rusiyanın son təklifindən daha prioritet sayıb və TANAP-ın arxa plana keçmədiyini vurğulayıb. Üçtərəfli görüşü və enerji layihələrinin müzakirəsini şərh edən politoloq Qabil Hüseynli deyib ki, əgər Moskva Türkiyə ilə bağlı iqtisadi təkliflərində səmimi olarsa və bunu həyata keçirərsə, Azərbaycan qazının rus qazına rəqib olmasına əngəl yarana bilər: "Avropanın istəyi rus qazının həlledici mövqeyindən azad olmaq və Azərbaycan qazını Qərb bazarlarına çıxarmaqdır. Rusiya isə hər vəchlə Ukraynadan yan keçməklə alternativ qaz kəməri çəkməyə çalışır. Ancaq bu prosesdə Türkiyənin mövqeyi başadüşülməz olaraq qalır. Avropaya arxa çevirən və Qərbin düşmənləri ilə əlbir olan Türkiyə söz sahibi Azərbaycan olan TANAP layihəsi haqda Rusiya ilə bazarlıq edir. Belə məqamda Çavuşoğlunun bəyanatı da heç bir məsələyə tam olaraq aydınlıq gətirmir”.
Bütün bunları nəzərə alan politoloqun sözlərinə görə, XİN rəhbərlərinin üçtərəfli görüşündə yalnız cari məsələlər müzakirə edildi və siyasi mahiyyət daşıyan problemlərə toxunulmadı: "Üçtərəfli görüşlər hələ də formal xarakter daşımaqdadır. Düzdür, bir sıra layihələrlə bağlı müzakirələr aparılır və bəzi məsələlərdə sazişlər bağlanılır. Amma bizim üçün əsas olan Azərbaycan-Türkiyə əməkdaşlığı, xüsusilə də, hərbi anlaşmalardır. Azərbaycan uzun müddətdir ki, Türkiyə ilə hərbi-siyasi saziş bağlamaq istəyir. Hətta bu istiqamətdə siyasi blok yaradılması ideyası da ortaya atır. Amma rəsmi Bakı lazımi dəstək ala bilmir. Zənnimcə, iki dövlət arasında hələ bütün daşlar yerinə oturmayıb”.
İsmayıl