Uorlik səlahiyyətlərini aşır

Həmsədrin separatçılarla görüşüb, müzakirə aparması düzgün deyil

İşğal olunmuş Dağlıq Qarabağdakı separatçı rejimin "parlament” sədri Aşot Qulyan ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorliklə görüşüb. Görüş A.Qulyanın ABŞ-a səfəri çərçivəsində baş tutub.

Amerikalı "narahat həmsədr” qondarma parlamentin təmsilçisi ilə regiondakı son hadisələri və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələsini "müzakirə” ediblər.

Görüşün qanunsuz olduğunu deyən politoloq Qabil Hüseynli amerikalı həmsədrin səlahiyyətini aşdığını bildirib. Siyasi ekspertin sözlərinə görə, Uorlik bu hərəkəti ilə Minsk Qrupunun tərəfsizliyini və obyektivliyini sual altında qoyub: "Bütün normaları alt-üst edən bu görüş Azərbaycan tərəfinin Minsk Qrupundan imtina etməsinə gətirib çıxara bilər. Çünki Uorlikin Dağlıq Qarabağın qondarma parlament sədrini qəbul etməyə heç bir ixtiyarı yoxdur. Əgər amerikalı həmsədr qanunsuz məclis sədrini tərəf kimi tanıyırsa, bu, onun təmsil etdiyi ölkənin də mövqeyinə ziddir. Deməli, ya Uorlik rəsmi Vaşinqtonun mövqeyinə zidd hərəkət edir, ya da ABŞ Dağlıq Qarabağ məsələsinin həllində ikiüzlülük nümayiş etdirir. Təxminən bir ay əvvəl həmsədr işğal olunmuş torpaqların geri qaytarılması haqqında bəyanatla çıxış edib və bunu ABŞ-ın rəsmi mövqeyi kimi qələmə verib. İndi birdən-birə nə dəyişdi?”. Politoloq bu cür davranışın super-dövlətə yaraşmadığını deyib: "Axı Uorlik qondarma sədri hansı sifətlə, hansı dövlətin pasportu ilə öz ərazisinə buraxıb? Əgər həmsədr ermənini turist yox, rəsmi nümayəndə kimi qəbul edibsə və Dağlıq Qarabağla bağlı müzakirə aparıbsa, dərhal bunun açıqlamasını verməlidir. Rəsmi Bakı da bu məsələyə ciddi surətdə etiraz etməlidir. Hətta Uorlikin Minsk Qrupunun həmsədri vəzifəsindən çıxarılması barədə vəsatət qaldırmalıdır. Çünki Uorlikin qondarma rejimin rəhbərlərini qəbul etməklə onları rəsmiləşdirməyə çalışması amerikalı həmsədrin münaqişənin həllində maraqlı olmadığını göstərir. Ona görə də onu səlahiyyətlərindən məhrum etmək lazımdır”.