
Uşaqlar arasında xəstəliklər artıb
53 uşaqda onkoloji xəstəliklər aşkar olunubŞəmsiyyə Namazova: “Biz həkimlər hər zaman anaları körpəni ana südü ilə qidalandırmağa çağırırıq. Ana südü misilsizdir”

Təkcə 2015-ci il ərzində Elmi Təhqiqat Pediatriya İnstitutuna 9099, 2016-cı ilin birinci yarımilliyində isə 4500 müxtəlif dərəcəli sağlıq problemləri olan uşaq gətirilib. Səhiyyə Nazirliyindən Lent.az-a verilən məlumata görə, ötən il ərzində konsultativ poliklinika şöbəsində 21 761, 2016-cı ilin birinci yarımilində isə 10 530 uşaq müayinədən keçirilib.
Ötən il ərzində uşaq xəstəlikləri arasında tənəffüs sistemi xəstəliklərinə daha çox rast gəlinib. Sıralanma belə davam edir: qan və qanyaradıcı orqanların xəstəlikləri, mərkəzi və periferik sinir sistemi, endokrin sistemi, həzm sistemi, göz və göz aparatının xəstəlikləri, ürək qan-damar sistemi, dayaq-hərəkət, sidik-cinsiyyət, dəri və dərialtı toxumanın xəstəlikləri, psixi və davranış pozuntuları, 53 uşaqda isə onkoloji xəstəliklər aşkar olunub.
Tibb elmləri üzrə fəlsəfə doktoru Şəmsiyyə Namazova "Şərq”ə açıqlamasında son illər uşaqlar arasında müxtəlif xəstəliklərin artması tendensiyasının müşahidə edildiyini bildirdi:
- Tamamilə razıyam ki, uşaqlar arasında ən çox müşahidə edilən yuxarı tənəffüs yolları xəstəlikləridir. Bu xəstəlik hava-damcı yoluyla ötürüldüyündən nəinki uşaqlar, həmçinin böyüklər, yaşlılar arasında geniş yayıla bilir. Yuxarı tənəffüs yolları xəstəlikləri mövsümi xarakter daşıyır. Yaz-payız aylarında daha çox rast gəlinir. Payızda uşaqlar ev, ailə mühitindən ayrılıb böyük kollektivlərə gedir. Uşaq bağçası, məktəb... Yuxarı tənəffüs yolları xəstəlikləri 0,5 - 1 metr məsafə radiusunda yayıla bilir. Uşaq bağçası da, məktəb də virusların yayılması üçün münbit şərait olan yerlərdir, çünki sıxlıqdır, uşaqlar biri-biri ilə sıx təmasdadırlar, bir yerdə oynayır, qidalanır, yatırlar. Orta məktəbdə də məlumdur ki, uşaqlar biri-birilə yaxın təmas şəraitindədirlər. İmmun sistemi zəif olan uşaq xəstəliyə tez yoluxur, belə uşaqların xəstəliklə mübarizə aparmaq gücləri olmur. Belə şərtlər altında yuxarı tənəffüs yolları xəstəliklərinin yayılması və uşaqlar arasında da bu xəstəliyə daha çox rast gəlinməsi gözləniləndir. Allergik xəstəliklər də mövsümi xarakterlidir. Qan və qanyaradıcı orqanların xəstəliklərinə isə adətən revmatizmə meyilli olanlar, qurd xəstəliyi olanlar arasında rast gəlinir. Qurd xəstəlikləri də son illər geniş yayılıb. Mərkəzi və periferik sinir sistemi xəstəliklərinin də geniş yayılması artıq təəccüblü deyil. Çünki körpələrin böyük əksəriyyəti kəllədaxili təzyiqlə doğulur. Doğuş zamanı travmaların alınması beyindaxili təzyiqi şərtləndirir. Amma sizə deyim ki, təkcə travmalarla dünyaya gələn körpələrdə deyil, travmasız doğulmuş körpələrdə də çox zaman beyindaxili təzyiq müşahidə edilir. Bilirsiz, burada bir səbəb axtarmaq düzgün deyil. Ekoloji tarazlığın pozulması, ətraf mühitdə baş verənlər, ananın hamiləlik dövründə qidalanmasından tutmuş, keçirdiyi hər hansı sarsıntıya qədər hər bir şey körpənin sağlam doğulub-doğulmamasına öz təsirini göstərir. Biz həkimlər hər zaman anaları körpəni ana südü ilə qidalandırmağa çağırırıq. Ana südü misilsizdir. Baxın, ana südü ilə qidalanmış körpələrə və süni qidalarla qidalanmış körpələrə. Aralarında çox böyük fərq var. Həm fiziki göstəricilər, həm bioloji, tibbi göstəricilər, sağlamlıq baxımından. Körpə ana südü ilə qidalanmırsa, bu, artıq bütün bir ömür boyu problemli yaşamaq deməkdir. Ana südü ilə qidalanmayan körpələrdə həzm sistemi pozğunluqları, qəbizlik yaranır. Bu problemlər uşaq böyüdükcə digər problemlərə, xəstəliklərə yol açır.
Ş.Namazova yay fəslində ata-anaları uşaqlara qarşı xüsusən diqqətli olmağa çağırdı:
- Bilirsiz ki, yay ayları bir sıra mövsümi xəstəliklər üçün münbit bir dövrdür. Allergik xəstəliklər, mədə-bağırsaq pozuntuları və günvurma halları, infeksion xəstəliklər arta bilir.
Yay, istirahət mövsümündə uşaqlara daha çox diqqət yetirilməlidir. Çalışmaq lazımdır ki, yay mövsümünün verdiyi üstünlüklərdən - təzə meyvə-tərəvəz, dəniz, çimərlik, təmiz hava, istirahət imkanlarından düzgün istifadə olunsun. Yayın bizə verdiyi imkanlardan orqanizmin möhkəmlənməsinə sərf edilsin ki, payız-qış mövsümündə uşaqlar xəstələnməsin, xəstələnərsə də yüngül keçirsin, tez sağalsın. Uşaqları gün şüaları altında çox saxlamaq ziyanlıdır. Qısa fasilələrlə günəşlənmək lazımdır. Dəniz havası, günəş vannası uşaqlara çox vacibdir, sümüklərin möhkəmlənməsinə, revmatizmin aradan qalxmasına kömək edir. Qidalanmaya da diqqət edilməlidir. Yuyulmamış meyvə-tərəvəzi uşaqlara qətiyyən vermək olmaz. Körpələrini əmizdirən analar xüsusən yay aylarında ana südünü kəsməməlidir. Həşəratlardan qorunmaq da əsas şərtdir. Zəhərli həşəratlar körpəyə ziyan verə, müxtəlif infeksion xəstəliklərin yayılmasını şərtləndirə bilər. Çalışmaq lazımdır ki, yay mövsümündən maksimum fayda qazanılsın.
Məlahət Rzayeva