Politoloqlar Ərdoğanın addımını doğru qərar hesab edirlər
Üzrxahlıq məktubu...
Rusiya və Türkiyə arasındakı gərginlik arxada qaldı
Politoloqlar Ərdoğanın addımını doğru qərar hesab edirlər
Politoloqlar Ərdoğanın addımını doğru qərar hesab edirlər
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Su-24” qırıcı təyyarəsinin vurulmasına görə, Rusiya Prezidenti Vladimir Putindən üzr istəyib. Bu barədə V.Putinin mətbuat katibi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, R.T.Ərdoğan "Su-24” qırıcı təyyarəsinin vurulmasına görə V.Putinə üzrxahlıq məktubu göndərib: "Kreml sözçüsü deyib ki, Ərdoğan öz məktubunda "üzr istəyirəm” ifadəsi işlədib. Bununla yanaşı, Türkiyə Prezidenti bildirib ki, rəsmi Ankara Moskva ilə münasibətləri korlamaq istəmir. Ərdoğanın məktubunda o da vurğulanıb ki, Türkiyə "Su-24” təyyarəsinin həlak olmuş pilotuna görə onun ailəsinə istənilən maddi və mənəvi zərəri ödəməyə hazırdır”.
Xatırladaq ki, Türkiyə hərbçiləri ötən il noyabrın 24-də Rusiyaya məxsus "Su-24” təyyarəsini Türkiyə-Suriya sərhəddində vurub. Nəticədə təyyarədəki iki pilotdan biri həlak olub.
Binəli Yıldırım Azərbaycana təşəkkür etdi
Türkiyənin Baş naziri Binəli Yıldırım Rusiya ilə münasibətlərin normallaşmasına göstərdiyi yardıma görə Azərbaycana təşəkkür edib. Məlumata görə, Baş nazir əlaqələrin normallaşdırılmasına göstərdiyi yardıma görə Qazaxıstana da minnətdarlıq edib: "Türkiyə və Rusiya arasında əlaqələrin normallaşdırılması prosesi başlayıb”.
Jirinovskidən Türkiyə təklifi
"Türkiyəylə münasibətlər bərpa edilməlidir”. Bunu Rusiyanın qalmaqallı siyasətçisi, Liberal-Demokratik Partiyasının lideri Vladimir Jirinovski bildirib. Onun sözlərinə görə, türk tərəfi vurulmuş təyyarə üçün kompensasiya ödəməlidir: "Türkiyəni bağışlamaq lazımdır, qonşudur, Avropa və amerikalılara nifrət edir. Əgər biz cənubu özümüzə doğru çəkməyə çalışsaq - Türkiyə, İran, Suriya və başqalarını, onda ümumiyyətlə bəşəriyyətdə problemlər olmayacaq”. Siyasətçinin fikrincə, gələcəkdə xüsusən turizm sahəsində əməkdaşlığın yenilənməsi mümkündür: "Biz hamısını qaytarırıq, Krasnodar, Krım, Kuban. Qoy sakitcə gedib dincəlsinlər. Apreldən oktyabra qədər dörd-beş milyon rus Türkiyədə dincələcəklər. Bizə sərfəlidir ki, türklər bizə hörmət etsinlər və sevsinlər, həmçinin də biz özümüz”. Əlbəttə, R.T.Ərdoğanın addımı istər Türkiyə, istərsə də, Azərbaycan siyasi və ictimai həyatında birmənalı qarşılanmayıb. Şübhəsiz ki, Türkiyə liderini dəstəkləyənlərlə yanaşı, onu tənqid atəşinə tutanlar da az deyil. Bu təzadları nəzərə alıb, məsələyə dair bir neçə ekspertin rəyini öyrəndik.
Əvvəlcədən razılaşdırılmış protokol qaydası idi
Vəziyyəti dəyərləndirən Qabil Hüseynli isə”Şərq”ə söyləyib ki, Ərdoğan Rusiya xalqından üzr istəməyib, sadəcə, baş verən hadisədən təəssüfləndiyini bildirib: "Türkiyə lideri, hadisə zamanı həlak olan pilotun ailəsindən üzr diləyib. Peskov və mətbuat məktubdakı bəzi məsələləri qarışdırır. Bu, əvvəlcədən razılaşdırılmaış protokol qaydası idi və icra olundu. Söhbət ondan gedirdi ki, tərəflər arasında qarşılıqlı anlaşmaya nail olunsun. Güman edirəm ki, nail olunacaq da. Ərdoğanla Putinin telefon danışıqları var”.
Müsahibimizin fikrincə, Türkiyə-Rusiya arasındakı münasibətlərin yaxşılaşmasının Azərbaycan üçün önəmi çox böyükdür: "Onlar arasındakı münasibətlər Dağlıq Qarabağ probleminin müsbət həllinə kömək edə bilər. Güman edirəm ki, atılan addım doğrudur. Birdən-birə Türkiyə-İsrail və Tükiyə-Rusiya əlaqələrinin qaydaya salınması bizim də ümumi işimizin xeyrinədir”.
Sərhəddin pozulması faktı da var
Digər politoloq Tofiq Abbasov söyləyib ki, Rusiya təyyarəsinin vurulması yanlış addım idi. Ekspertin sözlərinə görə, geosiyasi müstəvidə atılan addımlar ciddi şəkildə ölçülüb-biçilməlidir: "Hesab edirəm ki, bu insident yaşanmaya bilərdi. Türkiyə hava sərhədlərinin pozulması sadəcə bir bəhanə idi. Artıq təsdiq olunub ki, Türkiyə təyyarələri Rusiya təyyarələrini vurmaq üçün pusquda dayanıblar. Düzdü, sərhəddin pozulması faktı da var. Bu da təsdiqini tapıb. Həmin addım atılanda bunun kimə qarşı olduğunu düşünmək lazım idi”.
Qərb qütbünün də böyük marağı vardı
Politoloq diqqətə çatdırıb ki, üzr diləməklə Türkiyə faktiki olaraq səhvini düzəldir: "Əlbəttə, Türkiyə ilə Rusiya arasında soyuqluğun yaranmasında Qərb qütbünün də böyük marağı vardı. Çünki bir vaxtlar V.Putin Avrasiya məkanında Ankaranın daha vacib rol oynaması ilə bağlı mesajlar vermişdi. Belə bir ehtimallar da yer alırdı ki, rəsmi Ankara Moskvanın yaratdığı Avrasiya İqtisadi Birliyinə (AİB) daxil olsun və yaxud da yaxından sıx əməkdaşlıq etsin. Bu səbəblərə görə, məlum gərginliyin yaranmasında 3- cü tərəfin də rolu vardı. Lakin üçüncü tərəf ört-basdır edilir”.
Türkiyənin itkiləri arta bilərdi
"Türkiyənin üzrxahlıq məktubunu zəruri edən nə idi” sualına gəlincə, ekspert qeyd edib ki, Türkiyənin geosiyasi meydanda vəziyyəti çətinləşib: "İndiki halda Ankaranın Almaniya və Avropa İttifaqı ilə münasibətlərində çox böyük gərginlik yaşanır. Bu gərginliyin fonunda Türkiyənin itkiləri də böyük ola bilər. Digər yandan, Almaniyanın prokurorluq və məhkəmə orqanları kürdlərlə bağlı hadisələrə münasibət bildirirlər. Buna dair cinayət işi açmağa çalışırlar. Belə olan halda, Türkiyənin məlum addımı atmağına ehtiyac vardı. Bu risklər, artan təhdidlər, Ərdoğan hakimiyyətini Moskva ilə barışığa getməyə vadar etdi. Təbii ki, bu, gözlənilən addım idi. Həmçinin Türkiyə iqtisadiyyatı çox itkilərə məruz qaldı. İndi yay mövsümüdür. Son illər Rusiyadan Türkiyəyə dincəlməyə gələnlərin sayı durmadan artırdı. Amma gərginlikdən sonra yüksək texnologiya, enerji və atom energetikası sahəsindəki əməkdaşlıqlar qeyri-müəyyən hal aldı. Görünür, Rusiya "zərərin yarısından qayıtmaq da xeyirdir” yolunu seçdi. Bu baxımdan Ankara barışıq qərarı verdi”.
Hər iki tərəf itirirdi
"Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu da vurğulayıb ki, Rusiya-Türkiyə arasındakı gərginlik hər iki dövlətə ziyan vurdu: "Əslində bu gərginlik rəsmilərin günahı idi. Sonradan anladılar ki, münasibətləri normallaşdırmaq lazımdır. Sual yaranır ki, niyə məhz Türkiyə-İsrail və Türkiyə-Rusiya münasibətlərinin normallaşması eyni günlərə təsadüf edir? Təbii ki, bunun psixoloji tərəfləri var. Ərdoğan bununla göstərir ki, necə ki, başqaları məndən üzr istəyirlər. Mən də başqasından üzr istəməyə hazıram və bu, mənim böyüklüyümdür. Son zamanlar Rusiyada anti-türk təbliğatı güclənmişdi. Ondan başqa Rusiyanın PKK -ya silah-sursat ötürməsinə dair şübhələr vardı. Moskva-Ankara əleyhinə Türkiyənin içərisində fəaliyyət göstərməyə başlamışdı. Eyni zamanda Türkiyənin iqtisadi itkiləri vardı. Turistlərin sayı azalmışdı. Deyim ki, Rusiyanın da itkiləri ola bilərdi. Hazırda "Türk axınına” ehtiyacı var. Türkiyədə 20 milyard dollara başa gələn nüvə elektrik mərkəzi tikilməli idi. Bu məsələdə münasibətlər gərginləşdikdən sonra havada qalmışdı. Yəni hər iki tərəf itirirdi. Nəhayət, Ərdoğan belə addım atdı”.
Binəli Yıldırım önəmli addımlar atır
Ekspert hesab edir ki, Türkiyədə Rusiyaya qarşı yumşalmalar Baş nazir dəyişəndən sonra baş verdi: "İxtisasca nəzəriyyəçi professor olan Əhməd Davudoğlu bildirirdi ki, qonşularla sıfır problem olacaq. Amma biz əksinin şahidi olduq. Qonşu ölkələrlə əlaqələr korlandı. İndi görürük ki, təsərrüfatçı Binəli Yıldırım Baş nazir olduğu qısa müddətdə önəmli addımlar atır. O, açıqlamasında bildirmişdi ki, düşmənlərin deyil, dostların sayını artıracaqlar. Bu yöndə də fəaliyyət göstərir. Artıq iki istiqamətdə önəmli addımlar atılıb. Rusiya ilə münasibətlərdə top yenə də Moskvanın meydanındadır”.
Məktub Putinin yaxın ətrafı ilə də razılaşdırılıb
E. Şahinoğlu vurğulayıb ki, Ərdoğan üzərinə düşən hər şeyi etdi: "Məktubda təzminat, üzrxahlıq işarəsi və pilotları vuran şəxsin cinayət məsuliyyətinə cəlb olunması da yer almışdı. Pilotlara heç nə olmasaydı, gərginlik bu həddə çatmazdı. Rusiyanı qıcıqlandıran pilotun öldürülməsi idi. Ərdoğan da mətkubda ona işarə edərək deyib ki, kaş belə hadisə olmayaydı. Sonda həmin pilotların ailəsinə baş sağlığı verir, düşünürəm ki, bundan sonra Moskva və Ankara arasındakı münasibətlərin normallaşması mərhələsi başlayacaq. Düzdü, hazırda Türkiyə əleyhdarları olan rusiyalı ekspertlər iddia edirlər ki, üzrxahlıqla iş bitməyəcək. Vəziyyət normallaşmayacaq. Amma güman edirəm ki, məktub Putinin yaxın ətrafı ilə də razılaşdırılıb. Rusiya məlum məktubdan bir neçə müddət əvvəl elan etmişdi ki, Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu Moskvada Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının toplantısına dəvət edilib. Üstəgəl, belə bir informasiya gəlib ki, Putin ya sabah, ya da biri gün Ərdoğana zəng edib, məktubla bağlı fikir mübadiləsi aparacaq. Zənnimcə, məktubdan sonra Rusiya müəyyən addımlar atacaq”.
Bakı ağır seçimlərdən xilas oldu
E Şahinoğlu onu da əlavə edib ki, bu ölkələr arasındakı münasibətlərin normallaşması Azərbaycanın da maraqlarına uyğundur: "Türkiyə Azərbaycanın strateji müttəfiqi, İsrail və Rusiya isə starteji tərəfdaşıdır. Bu ölkələr arasında münasibətlərin gərginləşməsi bizə mənfi təsir göstərir. Bir faktı da xatırladım, Türkiyənin keçmiş səfiri vardı. Türkiyə-İsrail münasibətləri gərginləşəndə belə bir ifadə işlətmişdi ki, Azərbaycan da İsraillə münasibətlərə göz gəzdirsin. Düzdü, Türkiyə bizim müttəfəqimizdir. Amma biz Ankara istəyirdi deyə, İsraillə əlaqəni korlaya bilməzdik. Əksinə, biz İsrailə neft satırıq, onlardan isə lazım olan silah-sursat alırıq. Aprel döyüşləri isə sübut etdi ki, bu silah-sursat bizə çox lazımdır. Bir sözlə, münasibətlərin yaxşılaşması bizi ağır seçimlərdən qurtardı”.
Gərgin maneələr yaradırdı
Analitik Arzu Nağıyev düşünür ki, Rusiya-Türkiyə münasibətləri düzəlməli idi. Çünki onları birləşdirən bir çox maraqlar var: "Xarici siyasətdə dostluq və ya düşmən münasibətləri ümumi maraqlardan sonra gəlməlidir: "Çox təəssüf ki, hər iki ölkənin dövlət başçılarının öz ambisiyalarına uyğun şəkildə hərəkət etməsi, Rusiya və Türkiyənin iqtisadiyyatına kifayət qədər mənfi təsir etmiş oldu. Türkiyə tərəfindən Rusiya təyyarəsinin vurulmasından sonrakı proseslər qardaş ölkənin turizminə böyük zərbə vurmaqla yanaşı, həm Rusiyada olan bir sıra türk şirkətləri iflasa uğradı, həm də kənd təsərrüfatı və digər məhsullara embarqo qoyuldu. Bütün bunlar hər iki ölkənin ziyanına idi. Bundan başqa, bölgədə meqa-layihələr var ki, sözügedən ölkələr arasında gərgin münasibət onların həyata keçməsində maneələr yaradırdı. Bu baxımdan iki ölkə arasında münasibətlərin düzəlməsi istiqamətində müvafiq addımlar atılırdı”.
Belə bir insident baş verməyə bilərdi
Türkiyə Prezidentinin Rəcəb Tayyib Ərdoğanın Rusiya Prezidenti Vladimir Putinə başsağlığı məktubu ünvanlaması ilə bağlı fikirlərini bildirən A.Nağıyev söyləyib ki, nədənsə, bəzi analitiklər bu məsələyə fərqli yanaşaraq bunu qardaş ölkənin Prezidentinin üzr istəməsi kimi qiymətləndirdilər: "Amma bu heç də belə deyil. Sadəcə olaraq Ərdoğan Türkiyə tərəfindən vurulan təyyarənin pilotunun ailəsindən üzr istəyərək bildirmək istədi ki, belə bir insident baş verməyə bilərdi”.
Rusiya ilə NATO arasında gərginlik var
Politoloqun fikrincə, Türkiyə-Rusiya arasında münasibətlər arasında gərginlik uzun müddət davam edə bilməzdi: "Rusiya ilə NATO arasında müəyyən gərginlik var. Türkiyənin də NATO-nun üzvü olduğunu nəzərə alsaq, düşünürəm ki, bu cür gərginlik Rusiyaya lazım deyil. Bundan
başqa, Qərbin hərtərəfli sanksiyasına uğrayan Rusiya Türkiyə ilə münasibətini bərpa etməklə müsbət addım atmış olar. Bu gün Qərb eyni zamanda Türkiyəyə qarşı da qeyri-adekvat addımlar atır. Belə olan halda onun Rusiya kimi tərəfdaşı itirməsi düzgün sayılmaz. Məhz Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məhz bu məsələləri nəzərə alaraq, iki dövlət arasında münasibətin qurulması üçün addımlar atır”.
Azərbaycan bundan öz xeyrinə istifadə edə bilər
Rusiya-Türkiyə münasibətlərinin müsbət məcraya yönəlməsinin Azərbaycana təsirinə gəlincə, A.Nağıyev söyləyib ki, sözügedən ölkələr arasında münasibətlərin yaxşı olması ölkəmiz üçün çox önəmlidir: "Rusiyanın NATO ilə əlaqələri nə qədər gərgin olsa da, NATO ilə Türkiyənin sərhəd xətti Ermənistandan keçir. Ermənistanla bizim münasibətlərimiz gərgindir. Türkiyə bu məsələdə bizi dəstəkləyir. Belə bir məsələdə Rusiya ilə Türkiyənin birgə addım atması çox müsbət haldır. Eyni zamanda Rusiya böyük dövlətdir və Azərbaycanın həmin ölkə ilə həm hərbi, həm iqtisadi, həm də digər sahələrlə bağlı geniş əlaqələri var. Bu baxımdan Rusiya ilə Türkiyə arasında münasibət nə qədər müsbət məcraya yönəlsə, o qədər Azərbaycan bundan öz xeyrinə istifadə edə bilər. Hazırda Azərbaycan regionda həyata keçirilən böyük layihələrin iştirakçısıdır. Həmin layihələrin həyata keçirilməsi baxımından da Rusiya-Türkiyə arasında münasibətlərin yaxşı olması çox önəmlidir”.
Ayyət Əhməd