Dövlət qulluğuna qəbulda müsahibə mərhələsi çox əhəmiyyətlidir
İddialı şəxsin peşə hazırlığı, dünyagörüşü, davranışı, psixoloji hazırlığı da vacibdir
Dövlət qulluğuna iddialı namizədlər çox vaxt birinci mərhələdən keçsələr də, ikinci mərhələ onlar üçün bir düyünə çevrilir. Bir sıra hallarda bilik və savadı, dövlət qulluğuna düzəlmək üçün müəyyən edilən meyarlara tam uyğun, hətta ondan da artıq olan namizədlərin ikinci turdan keçə bilməməsi haqlı iradlara yol açır. Dövlət qulluğuna keçmək istəyənlər az hallarda müsahibə mərhələsindən alnıaçıq, üzüağ çıxırlar.
Parlamentin ötən iclasında millət vəkili Fazil Mustafa da dövlət qulluğuna qəbulun çətinliyindən danışıb. F.Mustafa deyib ki, dövlət qulluğuna qəbul imtahanları zamanı müsahibə mərhələsi ləğv edilməlidir: "Məncə, müsahibə mərhələsinə ehtiyac yoxdur. Hesab edirəm ki, yalnız Dövlət İmtahan Mərkəzinin keçirdiyi test imtahanının nəticələri əsasında vətəndaşlar müvafiq vəzifələrə qəbul edilməlidir”.
Dövlət qulluğunda müsahibə mərhələsinin keçirilməsinin lüzumsuz olduğu iddialarının əleyhinə olan Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev isə ikinci mərhələnin vacibliyini vurğulamaqla bunun əhəmiyyəti haqqında danışıb. Onun sözlərinə görə, dövlət qulluğuna qəbul kifayət qədər şəffaf, təmiz keçirilir:
"İkinci mərhələdə həm də çox sadə suallar verilir. Müsahibə mərhələsi dövlət qulluğunda vəzifəyə iddialı olan şəxsin peşə hazırlığı, dünyagörüşü müəyyənləşdirilir. Vətəndaşın testdən keçməsi əsas şərt deyil.
Eyni zamanda onun davranışı, qabiliyyəti, psixoloji hazırlığı da vacib amildir. Ona görə bunu aydınlaşdırmaq üçün müsahibə mərhələsinə ehtiyac duyulur. Burada hər hansı korrupsiya sövdələşməsindən söhbət belə gedə bilməz. Azərbaycan cəmiyyətində də dövlət qulluğuna qəbulla bağlı hər hansı narazılıq görmürük”.
Ekspert bildirib ki, nəticələrdən narazı qalan şəxslərin iddiasını doğrultmaq üçün imkanlar da mövcuddur.
"Əgər şəxs ikinci mərhələdən narazıdırsa, apelyasiya şikayəti verə bilər. Bundan sonra şəxsin özünün iştirakı ilə bütün videomateriallara yenidən baxılır. Şəxs yenə də narazı qalarsa, məhkəməyə müraciət edə bilər”. Ə.Nuriyev ikinci mərhələni adlamış şəxslərin rezerv (ehtiyat) işçi qüvvəsi olması məsələsinə də aydınlıq gətirib. Hüquqşünasın sözlərinə görə, müvafiq nazirlik və ya qurum vakant yerlərə daha qabiliyyətli şəxsləri seçir: "Digərləri isə rezervdə qalır. Daha sonra həmin qurumda yeni boş yerlər olursa, dövlət qulluğuna qəbul olmuş şəxslər orda işlə təmin olunurlar. Boş yerlərə digər şəxslər götürülə bilməz. Vakant yerlərə müqavilə əsasında işçi götürməmək haqqında Prezident Administrasiyası rəhbərliyinin qəti qərarı var”.
Şəymən