Vurğun Əyyub partiyadaşlarının ittihamına cavab verdi

“Həmin adamların mənim ictimai-siyasi fəaliyyətim haqqında danışmağa səlahiyyətləri çatmır”



Müsavat Partiyasının qurultayından sonra narazı tərəflərin yaratdığı Azərbaycan Demokratiya və Rifah Hərəkatı öz fəaliyyətini sürətləndirib. Partiya tərəfindən inkar edilsə də, yeni hərəkatın
genişlənməsinin və üzvlərinin sayının artmasının Müsavat rəhbərliyini ciddi narahat etdiyi göz qabağındadır.

ADR-in təsisçiləri haqqında deyilən fikirlər və ittihamlar da partiya funksionerlərinin hərəkatı ciddi təhlükə kimi gördüyünü göstərir. Başqan Arif Hacılıya yaxın olan funksionerlərin əsas hədəfi hərəkatın təsisçilərindən olan Vurğun Əyyubdur. V.Əyyubu ittiham edən Müsavat Partiyasının Məclis üzvü Mustafa Hacıbəyli onun mübarizə adamı olmadığını deyib və öz işi ilə məşğul olmasını məsləhət görüb. Eyni zamanda partiyanın Məclis sədri Nüşabə Sadıqlı isə V.Əyyubun məclisdə üzv olaraq qalmasını digər müsavatçıların haqqının tapdalanması kimi qiymətləndirib. Müsavat başqanının müavini Səxavət Soltanlı ADR-ə 3 aylıq ömür biçərək, Qubad İbadoğluna və Vurğun Əyyuba inam qalmadığını bildirib. S.Soltanlının sözlərinə görə, inam olmayan bir hərəkata kütləvi axın ola bilməz: "Onlara Müsavata görə hörmət edilirdi. Amma son hərəkətləri onları bitirdi”.

Barəsində deyilənlərlə bağlı "Şərq”ə danışan partiyanın Məclis üzvü Vurğun Əyyub onu ittiham edənlərə qısa və konkret cavab verib: "Əgər Müsavat funksionerləri ADR haqqında və mənim barəmdə bu qədər ittihamlar səsləndirirlərsə, məni hədəf seçirlərsə, deməli, bizdən və hərəkatımızdan ciddi narahat olurlar. Bunun başqa adı yoxdur. Mən öz işimlə məşğulam. Həmin adamların mənim ictimai-siyasi fəaliyyətim haqqında danışmağa səlahiyyətləri çatmır. Ümumiyyətlə, o cür insanların dediklərini şərh etmək istəmirəm”.

İsmayıl