"“Winter Park Hotel Baku”nun milli musiqimizə dair qadağasına parlamentdə baxıla bilər"

Zahid Oruc:"Kimsə burada fəaliyyət aparıb, milyonlar qazanıb, məmləkətə həqarət edəcək, Azərbaycanı 4-cü dərəcəli inkişaf etmiş ölkələrin səviyyəsində görəcəksə, bu, dözülməzdir"
"Bakıdakı hansısa restoranda Azərbaycan musiqisini qadağan edilməsi qətiyyən yaxşı nümunə deyil”.
Bunu "Sherg.az”a paytaxtda yerləşən "Winter Park Hotel Baku” otelinin Azərbaycan musiqisinə qadağa qoymasına münasibət bildirərkən millət vəkili Zahid Oruc deyib. 
O bildirib ki, bu, ölkəmizdə fəaliyyət göstərən qurumun ölkənin musiqi mədəniyyətinə mənfi münasibət göstərməsi ilə əlaqədar deyil:
"Sözsüz ki, bu qurumların hər birinin fərdi şəkildə istəkləri, tələblər var. Fərdi formada antipatiya və simpatiyalarını ifadə edə bilərlər. Onlara qida menyusu, istirahət məkanlarını özləri seçir. Bu cəhətdən azad cəmiyyətik. Lakin hər hansı otel çoxluq olaraq bu ölkə vətəndaşlarının istifadəsindədir. Onlar hər bir işdə konkret hüquqları etalon götürürlərsə, bu, ilk növbədə insan haqqına zidd məsələdir. Həm də mənəvi kateqoriyada olan amildir. Ona görə, kimsə burada fəaliyyət aparıb, milyonlar qazanıb, məmləkətə həqarət edəcək, Azərbaycanı 4-cü dərəcəli inkişaf etmiş ölkələrin səviyyəsində görəcəksə, bu, dözülməzdir. Belə görürəm, biz neft müqaviləsindən tutmuş başqa sahələrə qədər xarici şirkətlərə fəaliyyət hüquqi tanıdıqda, müştərək və ayrılıqda bu cür addım atanlara öhdəliklərini də xatırlatmalıyıq. Bunun içərisində narazılıq doğuran parametr də yer almalıdır”.
Deputat vurğulayıb ki, ölkə qarşısında öhdəliklər düzgün anlaşılmalıdır. Burada yeməkxana kimi fəaliyyət göstərən qurumdan mütləq kabab verməsi tələb edilmir:
"Eyni ölçüdə götürüləcək məsələ deyil. Restoran və ya otel vətəndaşların ümumi servisindədir, ictimai istifadədədir. Girişinə "yalnız almanlar, ingilislər, yaxud avstraliyalılar üçündür” yazısı vurulmayıb ki? Həmin otelin xidmətlərindən hər kəs istifadə etdiyindən bu cür hörmətsizlik edilməsi yolverilməzdir.
Məsələnin hər hansı qanuni boşluqlardan irəli gələn səbəbi varsa, buna parlamentdə də baxa bilərik. Amma hər bir şirkət, bu cür fəaliyyət göstərən təşkilatlar çalışdıqları ölkə ilə bağlı öhdəliklərini bilməlidirlər. Digər postsovet ölkələrində də bu cür hallarla qarşılaşırıq”.
Qeyd edək ki, bu barədə jurnalist Tünzalə Rafiqqızı sosial şəbəkələrdəki hesabında məlumat paylaşıb.
Aysel Aslan