“...Xalqımız bu faciəni unutmadı, unutmayacaq və unutdurmayacaq” - Deputat





"Xocalı soyqırımının anım günü Azərbaycan xalqının milli birliyinin, bərabərliyinin və milli təəssübkeşliyinin simvoluna çevrilib”.

Bunu "Sherg.az”a açıqlamasında millət vəkili, siyasi elmlər doktoru Hikmət Babaoğlu deyib.

Deputat bildirib ki, Xocalı soyqırımı ilə bağlı təşkil olunan yürüş əslində bütün dünyaya bir mesaj verir ki, Azərbaycan xalqı bu faciəni unutmadı, unutmayacaq və unutdurmayacaq: 

"Bu gün Azərbaycan Prezidenti, Ali Baş Komandanmız başda olmaqla on minlərlə Azərbaycan vətəndaşının Xocalı soyqırımı abidəsini ziyarət etməsi bir daha ondan xəbər verir ki, biz Xocalıya qayıtmayana qədər, Xocalıya ədaləti bərpa etməyənə qədər bu yürüş davam edəcək. Hazırda bu istiqamətdə Azərbaycan dövləti çoxşaxəli fəaliyyət göstərir. Diplomatik kanallarla, qeyri-hökumət təşkilatları və Heydər Əliyev Fondu vasitəsilə çox böyük işlər görülür ki, Xocalı soyqırımı dünya tərəfindən tanınsın. Nəticə olaraq bu gün artıq10-dan çox ölkə Xocalı soyqırımını rəsmən tanıyıb. Bir neçə beynəlxalq təşkilat, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı Xocalını soyqırım kimi tanıyıb. Bütün bunlar istər Dağlıq Qarabağ probleminin həll olunmasında, istərsə də Xocalı soyqırımının dünyaya çatdırılmasında atılan mühüm addımlardır. Bu gün hər bir Azərbaycan vətəndaşı 27 il bundan əvvəl olmuş bu hadisəni illər öncəsindəki emosiya ilə yaşayır. Bu yara soyumayıb, bu yara qaysaq bağlamayıb. Ona görə ki, bu bizim ümummilli yaramızdır”.

Parlament üzvünun sözlərinə görə, buna paralel olaraq Xocalıya ədalətin bərpa olunması üçün bu cinayəti törədənlərlə bağlı hüquqi prosedurun başladılması üçün Azərbaycan çox böyük işlər görüb:

"Bilirsiniz ki, cinayətdə əli olan, soyqırımı törədənlərədən 39 nəfərin adı müəyyənləşdirilərək, ilkin istintaq materialları yekunlaşdırılaraq interpola təqdim edilib. Doğrudur, bu gün müxtəlif səbəblərdən, dünyada olan ikili standartlar siyasəti ucbatından biz hələ həmin cinayətkarların cəzalandırılmasına nail ola bilməmişik. 

Amma Azərbaycan xalqının nümayiş etdirdiyi yüksək iradə, əzm və bu hadisəni unutmaması bizdə ümid yaradır. Nəhayət dünyanın qulağı bu hadisəni eşidəcəkdir, dünya bunu görəcək və qiymət verəcək. Azərbaycan xalqının, Ali Baş Komandanının məqsədi ondan ibarətdir ki, biz məhz torpaqlarımızı azad edək və Xocalını bir şəhər kimi yenidən bərpa edək”.

İsmayıl