Bəhruz Quliyev:"Əhalinin sosial rifahının yaxşılaşması istiqamətində imzalanan sərəncamlar tələbələrin təqaüdlərinin artırılması ilə bağlı görülən işlər Azərbaycanı istəməyən anti-milli qüvvələri narahat edir"
"Kimlərinsə iddia etdiyi yanlış fikirlər yalnız Azərbaycan daxilində vəziyyəti gərginləşdirmək, əhalini hakimiyyətin əleyhinə səsləmək məqsədi güdür”.
Bu sözləri "Sherg.az” a açıqlamasında "Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev deyib.
Baş redaktorun sözlərinə görə, son zamanlar ölkədə qiymət artımı ilə bağlı səslənən fikirlər absurd və yersizdir:
"Son illər xalqımızın rifah halının yaxşılaşdırılması istiqamətində dövlətimiz çoxlu sayda tədbirlər həyata keçirir. Belə olduğu halda Azərbaycanı istəməyən qüvvələr aranı qarışdırmaqla məşğuldurlar. Amma əhalinin sosial rifahının yaxşılaşması istiqamətində imzalanan sərəncamlar, gənclərlə bağlı həyata keçirilən siyasət, tələbələrin təqaüdlərinin artırılması ilə bağlı görülən işlər sözün əsl mənasında Azərbaycanı istəməyən anti-milli qüvvələri narahat edir.
Onlar düşünürlər ki, biz Azərbaycanda iğtişaşı və ara qarışdırmağı hansı vasitə ilə edə bilərik? Bunun üçün də ən primitiv yollara əl atırlar. Məsələn, filan məhsulun qiymətinin artması, bazarda qiymətlərin dəyişməsi və.s. Lakin aparılan araşdırmalardan da bəlli oldu ki, nə ərzaq məhsullarının, nə də çörəyin qiymətində heç bir bahalaşma yoxdur. Hətta satıcılar da heç bir qiymət artımının olmadığını etiraf etdilər.
Neftin, qızılın qiyməti bütün dünyada demək olar ki eynidir. Azərbaycan da dünyanın bir parçası olduğu üçün istənilən məqamda dünyanın bu cür reallıqlarına cavab verməlidir. Kimlərsə yanlış məlumatlar yayaraq bunu siyasi oyun predmetinə çevirirlər.
Dövlətimiz hər zaman bazara nəzarət edir. Elə məhsullar var ki, onun qiymətinin kiminsə şəxsi iradəsi hesabına artması və ya azalması mümkün deyil. Bu baxımdan bir tərəfdə dayanan inkişaf, digər tərəfdə isə bu inkişafı gözü götürməyən qüvvələr var. Lakin xalqımız olanları yaxşı görür. Dövlətin apardığı vətəndaş siyasəti milli maraqlara söykənir. Əsas odur ki, Azərbaycan vətəndaşı və ailəsinin inkişafı, onların sosial təminatı hər zaman dövlətin diqqətindədir”.
Yeganə Bayramova