Xalxalda şəlaləyə baxmaq və şəkil çəkdirmək pulludur - BİABIRÇILIQ

Bələdiyyə sədri deyir ki, bu məsələyə müdaxilə etmək səlahiyyəti yoxdur
Ekspert: “Yalnız Oğuzda deyil çox yerlərdə belə hallarla qarşılaşırıq”



Oğuz rayonundakı Xalxal şəlaləsinə baxmaq, şəlalənin yaxınlığında şəkil çəkdirmək istəyən turistlərdən ödəniş tələb olunur. Rayonun Xalxal kəndində olan şəlaləyə yaxınlaşmaq üçün olan körpüdən keçmək də ödənişlidir.
Məlumata görə, şəlaləyə yaxınlaşmaq və şəkil çəkdirmək üçün adambaşına 1 manat 20 qəpik, qayıqla 10 dəqiqəlik gəzinti üçün isə 20 manat ödənilməlidir. İstirahət mərkəzində olan şəlalə, əslində, təbii şəlalədən seçilməsə də, 2015-ci ildə istirahət mərkəzinin sahibi tərəfindən yaradılıb.

İstirahət mərkəzinin nümayəndəsi ərazinin hər yerində deyil, təkcə şəlaləyə gedən körpüdən suya yaxınlaşmanın ödənişli olduğunu deyir. O bildirib ki, bu şəlalənin onlar tərəfindən yaradılması Oğuz rayonuna turistlərin daha çox cəlb olunmasına səbəb olub.

Xalxal bələdiyyəsinin sədri Nəriman Ramazanov da şəlalənin 2015-ci ildə obyekt sahibləri tərəfindən süni yaradıldığı təsdiq edib. Bələdiyyə sədri bu məsələyə müdaxilə etmək səlahiyyətinin olmadığını bildirib.

Şəlalənin yaradılmasında əsas məqsəd turist axınının artırılması olsa da, görünən odur ki, şəkil çəkdirmək üçün belə ödənişin tələb edilməsi turistlərin sayının nəinki artmasına əksinə azalmasına şərait yaradacaq. Çüenki müvafiq qiymətlərin tələb edilməsi birmənalı qarşılanmayıb. Girişin nə üçün pullu olduğu hər kəsdə sual doğurur.

"Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin sədri Vüqar Tofqili isə "Sherg.az”-a açıqlmasında bildirib ki, əgər Xalxaldakı istirahət mərkəzi özəlləşdirilibsə, orada müvafiq ödənişlərin tələbi mümkün ola bilər

"Lakin ərazidə özəlləşdirmə yoxdursa, hansısa bələdiyyəyə və nazirliyə məxsusdursa, bu zaman xidmətin pullu olması düzgün hal deyil. Hər bir halda kifayət qədər böyük məbləğdə vəsaitin tələbi və ya girişin qadağan edilməsi yolverilməzdir.

Məsələn bölgələrdə, tarixi yerlərdə suvenirlərin və müəyyən məhsulların satışı tətbiq olunmalıdır. Amma giriş və şəlaləyə baxmaq üçün vəsaitin tələbi düzgün deyil. Ərazi özəl mülkiyyətdir və sahibkar müəyyən şərait yaradıbsa, xidmət haqqı olaraq öz gəlirini götürə bilər. Dövlətə, hansısa təşkilata məxsus olan istirahət mərkəzində belə halların baş verməsi yaxşı hal deyil. Bu istər-istəməz turist axının qarşısını alacaq. Yalnız 

Oğuzda deyil çox yerlərdə belə hallarla qarşılaşırıq. Düşünürəm ki turizimlə bağlı siyasətimizdə atılacaq addımlara və icra olunancaq işlərə ciddi diqqət yetiriləcək”.

Yeganə Bayramova