Xaricdəki soydaşlarımız bütün imkanlarını səfərbər etməlidirlər

“Rusiya rəsmiləri baş verən bütün hadisələri baş-ayaq təqdim etdilər və erməni təxribatını Azərbaycanın ayağına yazmağa çalışdılar”



"Dünyanın obyektiv məlumatlandırılması üçün bütün imkanlarımız səfərbər edilib”. Bunu mətbuata açıqlamasında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov deyib. Cəbhədə baş verənlərlə bağlı diasporamızın bəzi ölkələrdə zəif işləməsi ilə bağlı iddiaları cavablandıran Komitə rəhbərinin sözlərinə görə, beynəlxalq təşkilatlara, müxtəlif ölkələrin parlamentlərinə müraciətlər göndərilib:

"Azərbaycan diaspor təşkilatları Avropada, Amerikada, MDB məkanında, ümumiyyətlə, dünyanın müxtəlif ölkələrində bununla bağlı etiraz aksiyaları, məlumatlandırma kampaniyaları təşkil edirlər. Bu barədə kütləvi informasiya vasitələrinə əlavə məlumatlar veriləcək. Hesab edirik ki, tarixi məqamda harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı öz milli-mənəvi məsuliyyətini dərindən dərk edir. Dünya Azərbaycan xalqının nə qədər güclü və həmrəy bir xalq olduğunu bir daha görəcək. Bir daha üzümüzü xaricdə yaşayan həmvətənlərimizə tutaraq bu çətin və şərəfli tarixi məqamda doğma vətən naminə bütün imkanlarını səfərbər etməyə çağırırıq. Bu, elə bir tarixi andır ki, biz hər birimiz Azərbaycan Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı ətrafında daha sıx birləşməliyik. Ümummilli liderimiz Heydər Əliyevin söylədiyi "Fəxr edirəm ki, azərbaycanlıyam” fikri hər bir azərbaycanlını öz vətəninə, torpağına bağlayan bir ideyadır, hər bir vətənpərvər soydaşımızın həyat fəlsəfəsidir. Bu tarixi anda elə etməliyik ki, yaddaşımıza hopmuş bu dərin mənalı sözləri söyləməyə hər zaman mənəvi haqqımız olsun”.

Məsələ ilə bağlı "Şərq”ə danışan sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli deyib ki, bir sıra xarici dövlətlərin, xüsusən qonşu ölkələrin cəbhədə yaşanan olaylara birmənalı münasibəti heç də diasporanın zəif fəaliyyəti ilə bağlı deyil. Ekspertə görə, bu cür yanaşma bir sıra hökumətlərin tutduğu qərəzli siyasi xətlə əlaqəlidir: "Cəbhədəki olaylar dünya ictimaiyyətində müxtəlif aspektlərdən qəbul edildi. Amma dünyanın böyük əksəriyyəti hadisələrə obyektiv qiymət verdi. Əvvəlki dövrlərdə biz bunu görmürdük. Məsələn, AŞ PA-nın prezidenti Pedro Aqramuntun Azərbaycan lehinə bəyanat verməsi olduqca mühümdür. Nüfuzlu bir qurumun rəhbəri ermənilərin işğalçı olduğunu öz açıqlamasında vurğuladı. Bundan əlavə ABŞ hökuməti də Dağlıq Qarabağ münaqişəsinin birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasını istədi. O cümlədən almaniyalı deputatlar ölkəmizin haqlı mövqeyini müdafiə etdilər. Digər Qərb dövlətlərinin münaqişə tərəflərini sülhə və atəşkəsə çağırması da normal qarşılanmalıdır. Amma çox təəssüflər olsun ki, qardaş Türkiyə dövləti və Pakistan Respublikası istisna olmaqla, digər ölkələr, xüsusən Rusiya və İran tamamilə fərqli mövqe nümayiş etdirdilər. Rusiya rəsmiləri baş verən bütün hadisələri baş-ayaq təqdim etdilər və erməni təxribatını Azərbaycanın ayağına yazmağa çalışdılar. Məsələn, Tərtərin mülki əhalisi düşmən tərəfindən atəşə tutuldu və nəticədə bir neçə sakin dünyasını dəyişdi. Ancaq rus mediası iddia etdi ki, guya ölən azərbaycanlı yox, erməni vətəndaşıdır. Lakin hamıya bəllidir ki, bu cür qərəzli məlumatların Rusiya mətbuatında tirajlanması birbaşa Kremlin iradəsi, göstərişi ilə baş verir. Bunu oradakı diasporun zəif işləməsi ilə əlaqələndirmək doğru deyil. Onsuz da Putin hökuməti öz istədiyini həyata keçirir. Rusiyanın rəhbərlik etdiyi KTMT-nin Azərbaycanı ittiham etməsi də göstərir ki, şimal qonşumuz Azərbaycanın Qərblə yaxınlaşmasından ciddi narahatlıq duyur. Moskva açıq şəkildə ifadə edir ki, əgər Azərbaycan hücumu dayandırmasa bu, Cənubi Qafqazda çox böyük problemlərə gətirib çıxara bilər. İran da müsəlman dövlət olmasına baxmayaraq, ikibaşlı siyasət yeridir. Halbuki Azərbaycan qanunsuz iş görmür, heç bir dövlətin ərazisinə müdaxilə etmir. Sadəcə işğal altındakı torpaqlarımızı müdafiə edirik və yeni təcavüzün qarşısını alırıq. Sağlam düşünən hər kəs bu həqiqətin fərqindədir”.

İsmayıl