Azər Allahverənov: "Müəyyən cinayətkar qrupların hədəfindəki isə konkret iqtisadi və maddi cəhətdən imkanı olan şəxslərdir"
Son zamanlar xarici ölkələrdə vətəndaşlarımızın qətlə yetirildiyi hadisələr hansısa ictimai maraqların toqquşması və məişət problemlərindən qaynaqlanan hallardır”.
Bunu "Sherg.az”a Azərbaycan vətəndaşlarının xarici ölkələrdə qətlə yetirilməsi hallarına münasibət bildirərkən Dövlət Miqrasiya Xidməti (DMX) yanında İctimai Şuranın sədri Azər Allahverənov deyib.
O bildirib ki, baş verən mübahisələrdə, qətllərdə soydaşlarımızın adları cinayət törətməklə də hallanır:
"Bu, onu göstərir ki, iqtisadi maraqların toqquşması, məişət zəmində baş verən mübahisələr, digər səbəblər belə xoşagəlməz hallara gətirib çıxarır. Ukraynanın şərq əyalətlərində mərkəzi hakimiyyət hər hansı formada siyasətini həyata keçirə bilmir. Hansısa qruplaşmaların təsiri ilə biznesmenlərin qətlə yetirilməsi halları olur. Müəyyən cinayətkar qrupların hədəfindəki isə konkret iqtisadi və maddi cəhətdən imkanı olan şəxslərdir. Biznes maraqlarının toqquşması elementləri, maddi durum nəticədə zorakılığa əl atma hallarına qədər gəlib çıxır.
Belə halların qarşısını almaqda əsas məqam insanların maariflənməsidir. Bəzi hallarda insanlar öz hüquqlarını başqa formada təmin edə bilmədiklərindən zorakılığa əl atır. Hansısa nemətlər uğrunda əks tərəfin qətlə yetirilməsini daha izdihamlı hesab edirlər. Halbuki biznes maraqları, iqtisadi maraqların toqquşması varsa, məhkəmə, hüquq-mühafizə orqanları münasibət bildirə bilər. Özünü bu rəqabətdə haqlı tərəf sayan şəxslər bu cür zorakılığa əl atmamalıdır”.
Belə kriminal xəbərlərin çox zaman Rusiyadan gəldiyini vurğulayan A.Allahverənov bunun səbəbini Rusiyada soydaşlarımızın çox yaşamasında görür:"Son vaxtlar Ukrayna ilə bağlı da bu cinayətlər çoxalıb. Çünki miqrantların çoxu elə məhz Rusiyada və Ukraynada yaşayır. Ukraynada müxtəlif mənbələrdə 150-200 minə qədər Azərbaycanlı olduğu bildirilir. Azərbaycanlılar belə ölkələrdə daha çox ticarət, biznes sahələrində təmsil olunurlar. Neqativ hallar da məhz bu sahələrdə özünü büruzə verir.
İstəsək də, istəməsək də, Rusiyada gedən proseslər soydaşlarımıza toxunur. Hər şeydən əvvəl qanun istənilən mübahisəni aradan qaldıracaq gücə malikdir və qanunla belə problemləri həll etmək mümkündür. Heç bir müsahibəni zorakılıqla aradan qaldırmaq düzgün deyil”.
Qeyd edək ki, ötən gün Ukraynada yaşayan Göyçay rayon sakini qətlə yetirilib. Belə ki, ölən şəxs Göyçayın Çaxırlı kənd sakini 1986-cı il təvəllüdlü Məmmədov İlqar Tahir oğludur. O, bir neçə il əvvəl işləmək üçün Ukraynaya gedib, orada kiçik bizneslə məşğul olub.
Aysel Aslan