"Amma nə yazsalar da, ailəmin adını hallandırmasınlar"
Müğənni Xatirə İslamın yenə də həmkarı Rüfət Axundovla görünməsi onlar barədə dolaşan söz-söhbəti yenidən gündəmə gətirmiş oldu. Hətta bəzilərinin fikrincə, Xatirə İslam sanki izləyicilərinin acığına Rüfətlə əl-ələ şəklini paylaşıb. Sanki kimisə qısqandırmaq istəyirmiş kimi şəkilaltı fikirlər yazıb: "Görün, Rüfət necə maşınla gəlib mənim dalımca”.
Xatırladaq ki, iki sənətçi barədə söz-söhbətin əsasının "Günəbaxan” verilişində, aparıcı Vüsalə Kərimova tərəfindən qoyulduğu deyilirdi. Bu söz-söhbətlərdən bir müddət sonra aparıcının proqramdan getməsi də Xatirənin adı ilə əlaqələndirildi. Bundan bir neçə gün sonra Xatirənin yenidən Rüfətlə birgə fotolarını paylaşması da yenidən sənətçilərin münasibətini gündəmə gətirdi.
Bəs görən, bu söz-söhbətlər müğənni Rüfət Axundovun evində, ailəsində narahatlıq yaratmadı? Rüfətin ailəsində bu söz-söhbətə görə gərginlik hiss olundumu? Bütün bu suallarla bağlı Rüfət Axundov "Şərq”ə danışdı: "Əvvəla, mənim Xatirə ilə dostluğum illərə köklənib. Biz bir-iki ilin dostları deyilik. Ona görə də son günlər barəmizdə deyilənlər də məni böyük mənada narahat etmədi. Bizi tanıyanlar tanıyır deyə, narahat olmağa səbəb görmürəm. O insan narahat olsun ki, aralarında gizli nəsə var. Mənim inanın ki, heç vecimə belə olmadı. Çünki yalandı. Xatirə mənim dostumdu. Bu dostluq da sınaqlardan keçib, belə söz-söhbətlər bizim aramızda narahatlıq yarada bilməz. Şou-biznes o qədər çirkin mühitdir ki, istəsən də, istəməsən də, səndən yazırlar. Ona görə mən bunlara əhəmiyyət vermirəm. Qaldı ailəmə, hamı bilir ki, mən ailəmdən danışmağı sevmirəm. Mənim ailəm internetden çox uzaqdı. Mənim evimdə interneti izləmək ənənəsi də yoxdur. Çünki ailəmdə belə bir qanun qoymuşam. Ona görə də internetdə olan yazılardan xəbərləri yoxdu. Ancaq televiziyanı izləyirlər. Amma bu da mənim ailəmdə söz-söhbətlərə səbəb ola bilməz. Çünki ailəmdə olan qayda-qanun belə qurulub. Onların yaradıcı mühitdə baş verənlərə müdaxilə etmək ixtiyarı yoxdu. Mənim ailəmdə ailə başçısının sözü qanundu. Ona hörmət edilir. Odur ki, kimsə ailəmdə söz-söhbətin yarandığını düşünsə də, yanılır. Mənim bütün mətbuat nümayəndələrinə hər zaman hörmətim olub. Allah hamının köməyi olsun. Sadə, bir az insaflı yazsınlar. Bilirəm ki, onlar da bəzən qalmaqal yazmağa məcburdular. Amma nə yazsalar da, ailəmin adını hallandırmasınlar. Bunu hər bir mətbuat nümayəndəsindən xahiş edirəm. Ailəmin şou-biznesə aidiyyəti yoxdu”.
Tahirə