Xəlil Rza Ulutürkün məzarı ziyarət olundu - 85 illik yubley + FOTO

Oktyabrın 21-də bir qrup ədəbiyyat nümayəndəsi və ziyalılar istiqlal şairi Xəlil Rza Ulutürkün 85 illik yubleyi münasibəti ilə Fəxri Xiyabanda məzarını ziyarət edib.
"Sherg.az" xəbər verir ki, tədbiri giriş sözü ilə açan gənc yazar Emil Rasimoğlu Xalq şairinin həyat və yaradıcılığından və milli istiqlal hərakatındakı rolundan əhatəli nitq söyləyib. O, Xəlil Rza poeziyasının ümumilikdə Azərbaycan ədəbiyyatı tarixinə qızıl hərflərlə yazıldığını vurğulayıb.
Daha sonra şair-publisist Namiq Hacıheydərli bildirib ki, Xəlil Ulutürk sağlığında məktəb yaratmış şairlərdəndir:
" O, təkcə milliyətçi şair deyildi.Ulutürk həm də yaradıcılığında böyük insanlıq məvhumunu aşılayan mübariz ziyalı idi.O milli kimliyini torpaqlarımızın ərazi bütövlüyü uğurunda gedən döyüşlərdə daha qabarıq şəkildə ortaya qoydu.Təsadüfü deyil ki, onun övladı Təbriz Xəlilbəyli həmin döyüşlərin ön sıralarında olub və Azərbaycanın Milli Qəhrəmanı olub.Çox təəssüf ki, bu gün Xəlil Rzaya vətəndaş və ictimai diqqət yetərincə deyil. "
Daha sonra şair- publisist Aybəniz Qafarlı, Hikmət Nikbin, Yetim Qacar və digərləri, gənc yazarlardan Tural Turan, Çinarə Ömray və başqaları çıxış edərək onun xatirələrindən, şeirlərindən söz açıblar.
Qeyd edək ki, Xəlil Rza Ulutürk 1932-ci ilin bu günü Salyanın Pirəbbə kəndində dünyaya gəlmişdir.