Bəzən özəl klinikalar lisenziyada göstərilməyən fəaliyyət növü ilə məşğul olurlar
"Atlas Medikal Center” klinikasının fəaliyyətinin dayandırılması özəl tibb müəssisələri problemini qabartdı. Məlum oldu ki, adıçəkilən klinika lisenziyadankənar fəaliyyətlə məşğul olurmuş. Səhiyyə Nazirliyindən bu barədə verilən açıqlamada qeyd edilir ki, "Atlas” klinikasında ginekoloji və doğuşayardım xidmətləri də göstərilirmiş ki, əslində, bu, qanunazidd imiş.
Çünki klinikaya verilmiş lisenziyada bu xidmətlərin göstərilməsinə icazə olmayıb. Müəssisənin yoxlanışı zamanı tibb xidmətlərinin təşkili zamanı mövcud normativ tələblərin ciddi şəkildə pozulması halları da aşkarlanıb.
"Atlas”a bənzər klinikalarsa bir deyil, iki deyil. İctimaiyyət özəl klinikalarda həyatını itirən, sağlamlığı ağır zərbə alan insanların faciəsindən xəbərdardır. Uzağa getməyək. Jurnalist həmkarımız Anar Niftəliyevin həyat yoldaşı, tənqidçi Elnarə Tofiqqızının həyatı məhz özəl klinikada - "Medi Sina” tibb müəssisəsində məhv oldu. Bu kimi faciəvi həyat hekayələri çoxdur. Əksəriyyətində də özəl klinikaların adı keçir. Bunlar həmin klinikalardır ki, səhərdən-axşamadək telekanallarda reklam edilirlər, orada xarici həkimlərin işləməsindən fəxrlə danışırlar. Sonra da məlum olur ki, demə, bu xarici həkimlər öz ölkələrində tanınmayan, ya da həkimlikdən uzaqlaşdırılan şəxslərdir ki, Azərbaycanı pul qazanmaq üçün münbit məkan bilib bura üz tutublar. Daş isə həmişə özümüzünkülərin başına dəyir. Pul xərcləyən də, həyatını "xərcləyən” də yenə bizlər oluruq.
Özəl klinikalar məsələsinə münasibət bildirən Azərbaycan Dövlət Tibb Universitetinin professoru Adil Qeybulla qeyd etdi ki, bu, çox aktual problemdir:
- Təbii ki, klinika lisenziyasında göstərilməyən fəaliyyət növü ilə məşğul olmamalıdır. Bu, qanunsuzdur. Belə faktlar aşkarlandığı halda, Səhiyyə Nazirliyi çox doğru olaraq həmin klinikanın fəaliyyətini dayandırır. Nazirlik klinikaların fəaliyyətini həm peşəkarlıq, həm də texniki baxımdan araşdırır, uyğunluq olmadığı aşkarlandıqda, tibb müəssisəsinin fəaliyyətini davam etdirməsinə icazə verilmir. Amma problem həm də bundadır ki, tibb müəssisələrinə müraciət edən pasiyentlər bundan xəbərsiz olur. Pasiyent bilmir ki, hansı xidmət növünə icazə var, hansına yoxdur. Klinikalar çox yaxşı reklam olunurlar, pasiyentlər də həmin tibb müəssisələrinə müraciət edirlər. Klinikanın lisenziyadan kənar xidmət növləri ilə məşğul olursa, bu, pasiyentlərin həyatına və sağlamlığına riski də artırır. Bəlkə də məhz lisenziyadan kənar göstərilən xidmət növü olduğu üçün həmin sahə üzrə mütəxəssis orada işləməsin və ya həmin sahəyə uyğun tibbi avadanlıqlar klinikada mövcud olmasın. Bu da pasiyentin həyatı üçün real təhlükədir.
Digər bir problem isə Azərbaycanda dərman bazarı və müalicə vasitələrinin reyestrinin olmamasıdır. Həkim də, pasiyent də bilməlidir ki, ölkədə hansı dərman preparatlarına qadağa yoxdur və hansı müalicə üsullarından istifadəyə rəsmi icazə verilir. Yoxsa, biri ekrana çıxıb "dünyada analoqu olmayan aparat”ı reklam edir. Bu aparat harda yoxlamadan keçirilib, mənfi və ya müsbət tərəfləri hansı qurum tərəfindən müəyyənləşib və ondan istifadəyə kim icazə verib? Bunlar bilinmir. Problem yaradan da belə məsələlərdir. Məlum məsələdir ki, özəl klinikalar kommersiya təyinatlı müəssisələrdir. Və onlar üçün gəlir əldə etmək vacibdir. Amma əlaqədar strukturlar bu müəssisələrin tibb istiqamətini ciddi yoxlamalıdır. Klinikalara nəzarət daimi olmalıdır.
Məlahət Rzayeva