Xəzər bir gündə 7 nəfəri “uddu”

“Mahir üzgüçülər də dənizdə boğula bilər”
Eyyub Hüseynov: “FHN nəzarətsiz ərazilərdə vətəndaşların dənizə baş vurmasının qarşısını almalıdır”





Deyəsən, bu yay da çimərlik mövsümü dənizdə boğulmalarla yadda qalacaq. Əgər bir gündə 7 nəfər dənizdə boğulursa, bu artıq təsadüfi qəza hesab olunmur. Qeyd edək ki, faciələrin əksəriyyəti çimərlik üçün nəzərdə tutulmayan ərazilərdə, Sularda Xilasetmə Xidmətinin fəaliyyət göstərmədiyi yerlərdə baş verir.

Xəzər cavana, qocaya baxmadan nəzarətsiz ərazilərdə çimən insanları "udur”. Ekspertlərin bir hissəsi hesab edir ki, dənizdə boğulma hallarının çox hissəsi spirtli içkinin təsiri altında suya girməyə görə baş verir. Digər qrup ekspertlər isə deyir ki, Azərbaycanda Xəzər sahili boyu daha təmiz, təhlükəsiz ərazilərin məmurlar tərəfindən hasara alınması da sıravi vətəndaşları daha təhlükəli ərazilərdə istirahət etmək, üzmək məcburiyyətində qoyur. Dənizi hasarlayan məmur dəbdəbəli imarətində hovuzda təhlükəsiz şəraitdə üzdüyü bir vaxtda sərinləməyə can atan vətəndaş daha təhlükəli ərazilərdə suya baş vurmalı olur. Nəticədə də acınacaqlı statistik rəqəmlər alınır.
İstirahət obyektlərinin qanunun tələblərinə uyğun davranmalarını təmin etməyin məhz FHN, İqtisadi İnkişaf Nazirliyi, Vergilər Nazirliyinin səlahiyyətində olduğunu vurğulayan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, əksər istirahət mərkəzlərində çimərliyə gələnlərdən qapıdaca pul alınır, heç bir kassa çeki də verilmir: "Çimərlik ərazisində qamışdan düzəldilmiş sınıq-salxaq oturacaqlara görə 15 manat pul alırlar. Ətraf natəmizlik, antisanitariya, dəniz zibilli... Belə yerdə necə dincələsən?! Amma gəlin görək, əhali niyə nəzarətsiz çimərliklərə üz tutur? Bunun səbəbləri var. Birincisi, özəl çimərliklərdəki soyğunçuluqdur. Bir halda ki, təkcə giriş üçün bəzi çimərliklərdə 10 manat, bəzilərində isə hətta 25 manat pul tələb edilir, sizcə, orta statistik azərbaycanlı yay mövsümü ərzində neçə dəfə dənizə çimməyə gedər? Bəlkə bir dəfə, bəlkə də heç getməz. Amma normal çimərliklər olsa, təmizliyə riayət edilsə, sahil zolağı təmizlənsə, əhalinin böyük hissəsinin maddi imkanı çatacaq səviyyədə giriş haqqı qoyulsa, insanlar niyə getməz ki?! Hamı istəyər ki, təmiz, mühafizə edilən çimərlikdə çimsin, təhlükəsizliyi təmin olunsun. Amma bunlar olmadığından, əhali də çimərlik soyğunçularına bu şəkildə etiraz edir və "vəhşi ərazilərə” üz tutur. Əslində isə FHN nəzarətsiz ərazilərdə vətəndaşların dənizə baş vurmasının qarşısını almalıdır. Çünki burada söhbət insan həyatından gedir. Digər tərəfdən, fikirləşəndə isə vətəndaşların da çıxılmaz durumda olduğunu görürsən. Özəl çimərliklərə getməyə maddi imkanı çatmayanlar zibilliklər arasında çimmək məcburiyyətində qalırlar. Nəzarətsiz sularda isə hər cür təhlükə gözləniləndir”.
Bəzən mahir üzgüçülərin də boğula biləcəyini vurğulayan E.Hüseynov insanların dənizdə boğulmasının da səbəbləri olduğunu düşünür: "Mənə elə gəlir ki, dəniz üzə bilməyənlər üçün daha təhlükəsiz olur. Çünki onlar özlərinə güvənib dənizin dərinliklərinə baş vurmurlar. Üzməyi bilənlərsə çox zaman özlərinə arxayın olub dalğaların qoynuna atılır, lakin düzgün hesab aparmadıqlarından boğulma təhlükəsi ilə üzləşirlər. Gərək çimərliklərlə bağlı, üzməklə bağlı maarifçilik aparılsın. Vətəndaşlara dənizdə çimməyin qaydaları öyrədilsin. Dəniz dəryadır. Dənizə baş vuran onu nələrin gözlədiyini bilə bilməz. Dənizin dibində o qədər dəmir qırıntıları, armaturlar, naqillərədək, hər cür əşya, taxta, daş parçası olur. Hər bir adam dənizə girəndə ehtiyatlı olmalıdır. Xüsusən də üzməyi bacaranlar. Üzməyi bacarırlar deyə, çox uzaqlara üzür, biri-biri ilə yarışırlar. Sahildən uzaqlaşdıqca isə insanın gücü tükənir, insan yorulur, bəzən suda aşağı ətrafların qıcolması baş verir. Belə halda insan müvazinətini itirir və boğulma təhlükəsi yaranır. Hər bir vətəndaş dənizdə yalnız üzməyə icazə verilən ərazidə çimməlidir. Qadağan olunmuş zolağı keçməməlidir. Mən özüm çox yaxşı üzgüçüyəm. Hətta bir dəfə bulvarda özünü dənizə atmış gənc qızı da xilas etmişəm. Hansı ölkəyə səfər etmişəmsə, dəniz olubsa, o dənizdə üzmüşəm. Hətta okean sularında da üzmüşəm. Ona görə bilirəm ki, dəniz necə təhlükəlidir. Nə qədər cazibədar, möhtəşəmdirsə, bir o qədər də qorxulu və təhlükəlidir”.
Şəymən