Xocalı faciəsi xarici mətbuatda lazımınca işıqlandırılıb
Sadəcə bəzi ölkələr ermənipərəstliklərindən Azərbaycanın haqq davasını təsdiq etmək istəmir
Xocalı faciəsinin 26-cı ildönümünü qeyd edirik. İnsanlıq adına utanc olan bu faciə haqqında 26 ildir danışılır, deyilir, yazılır. Amma nə yaramızın axan qanı durur, nə də söz bitir. İllər keçdikcə o gecənin dəhşətləri gözümüzdə, qəlbimizdə daha da böyüyür. Erməni vəhşiliyinə qəzəbimiz də artır. Qəzəbimizi artıran bir səbəb də dünyanın erməni vandallığına şahid olduğu halda, bir sıra dövlətlərin hələ də ermənipərəst mövqedən əl çəkməmələri, həqiqətlərə göz yummaq istəkləridir. Dünyanın erməni vəhşiliyindən xəbərdar olduğunun sübutu isə 1992-ci ildə xarici mətbuatda Xocalı faciəsi haqqında yazılanlar, dərc olunan informasiyalar, məqalələrdir.
Xarici ölkə jurnalistlərinin yazdıqlarını oxuyanda, "Azərbaycan həqiqətlərini lazımi səviyyədə dünya ictimaiyyətinə çatdıra bilməmişik” iddiasının əsassız olduğu da görünür. Əslində, hamı - dünya dövlətləri hər şeyi çox gözəl bilir, çox da yaxşı, hərtərəfli məlumatlıdırlar. Sadəcə, bəzisi nəyinsə müqabilində, bəzisi isə bəlkə də sırf ermənipərəstliklərindən Azərbaycanın haqq davasını təsdiq etmək istəmir. Xocalı faciəsi xarici mətbuatda necə əks edilib, bundan yazacağıq.
"Vaşinqton post”dan "The Tiems”ə...
Azərbaycan Xarici İşlər Nazirliyinin internet səhifəsində Xocalı faciəsi günlərində xarici mətbuatda yazılanlar barədə geniş məlumatlar verilir. Həmin günlərdə "Vaşinqton Post” (28 fevral 1992-ci il) yazırdı:
"Dağlıq Qarabağ qurbanları Azərbaycanın şəhərində dəfn olundular. Qaçqınlar ermənilərin hücumları nəticəsində yüzlərlə insanın öldüyünü deyir”.
Tomas Qoltz, Ağdam, Azərbaycan, 27 fevral
"Dağlıq Qarabağın müharibə zonasının şərqində yerləşən şəhərin baş məscidinin rəsmilərinin bildirdiyinə görə erməni silahlı qüvvələrinin çərşənbə günü ələ keçirdikləri müharibə zonasındakı Azərbaycanın şəhərindən gətirilən 27 cəsədi bu gün dəfn ediblər.
Anklavın paytaxtı Stepanakertdən 6000 şimal-şərq məsafədə yerləşən Xocalıdan qaçan qaçqınlar qadın və uşaqlar daxil olmaqla 500-ə qədər insanın hücum zamanı öldürüldüyünü iddia edirlər. Bu şəraitdə nə qədər insanın öldüyünü təxmin etmək mümkün deyildi. Ağdam məscidinin rəsmisi Səid Muan oğlu Sadıxov deyir ki, çərşənbə günündən etibarən qaçqınlar məsciddə 477 Xocalı faciəsinin qurbanının adını qeydiyyatdan keçirmişlər.
Azərbaycanın paytaxtı, Bakı rəsmiləri isə Xocalıda hücum zamanı 100-ə qədər ölüm olduğunu müəyyənləşdirdikləri halda Ermənistanın paytaxtı Yerevandakı erməni rəsmiləri isə hücum zamanı yalnız iki azərbaycanlının öldüyünü iddia edirlər.
Bu gün burada 7 cəsəd var idi, ikisi uşaq, üçü isə qadın idi, cəsədlərdən birinin yaxın məsafədən sinəsinə açılan atəş nəticəsində öldüyü görünür. Çoxu bıçaq zərbəsindən yaralanan digər 120 qaçqın isə Ağdam xəstəxanasında müalicə almaqdadırlar.
Ağdama çərşənbə günü gecə gələn Raisə Aslanova ermənilərin çərşənbə axşamı Xocalıya hücum edən zaman ancaq atəş açdıqlarını, aramsız olaraq atışma olduğunu deyir. Yoldaşının və qaynının öldürüldüyünü, qızının isə itkin düşdüyünü dedi.
Dağlıq Qarabağın dağlıq ərazisindən bura gələn qaçqınlardan ikisi keçmiş SSRİ Daxili İşlər Nazirliyi qüvvələrinin türkmən əsgərləri erməni serjantlarının onları müsəlman olduqlarına görə döydüyü üçün hərbi hissəni cümə günü tərk edərək Xocalıya sığındıqlarını deyirlər.
Fərarilər xidmət etdikləri 366-cı diviziyanın erməni silahlı qüvvələrinin Xocalını işğal etməsini dəstəklədiyini bildirir. Qadınlara və uşaqlara xilas olmağa kömək etdiklərini deyirlər. Bir qrup insanı dağın arasıyla keçirib apararkən ermənilər bizə tapıb atəş açmağa başladılar, fərarilərdən biri Ağamehmet Mütif dedi. On iki nəfər atışmada öldürüldü”.
"The İndependent” 1992-ci il 29 fevral.
Helen Vomakın dili ilə:
"Röyter” xəbər agentliyinin Ağdamdakı müxbiri Elif Koban çərşənbə günü baş verən soyqırımdan sonra azərbaycanlıların məskunlaşdığı ikinci ən böyük şəhər hesab edilən Xocalının ermənilər tərəfindən qarət edildiyi zaman, azərbaycanlıların öldürülən onlarla insanı dəfn etmələri xəbərini verdi. "Dünya orada baş verən hadisələrə arxa çevirirdi. Biz ölürük və siz də sadəcə bunu izləyirsiniz” - deyə yas saxlayan şəxs bir qrup jurnalistə qışqırdı”.
"The Sunday Times”, 1 may 1992-ci il
"Erməni əsgərlərinin törətdiyi soyqırım nəticəsində yüzlərlə insan yurd-yuvalarından didərgin düşdü’’.
Tomas Qoltz, Ağdam, Azərbaycan
"Sağ qalanlar ermənilərin əksəriyyəti qadın və uşaqların olduğu 450-dən çox insanı güllələdiyini və süngü ilə vurduqlarını söylədilər. Yüzlərlə, bəlkə də minlərlə insan itkin düşmüş, ya da qorxudan ölmüşdü.
Hücum edənlər qadınları və uşaqları müdafiə edən əksər könüllüləri və əsgərləri qətlə yetirdilər. Daha sonra isə onlar öz silahlarını qorxudan dəhşətə gələn qaçqınlara tərəf çevriltdilər. Çox az sayda sağ qalan insan daha sonra nə baş verdiyini təsvir edir; "Bu əsl qırğının başladığı vaxtdır” - deyə sağ qalan üç əsgərdən biri Azər Hacıyev dedi. "Ermənilər dayanmadan atəş açırdılar və daha sonra onlar şəhərə daxil olaraq öz süngüləri və bıçaqları ilə insanları doğramağa başladılar”.
"Onlar fasiləsiz atəş açırdılar” -deyə yolları erməni sıralarından düşən və digər qadın və uşaqlarla Ağdama gəlib çatan Raisa Aslanova bu sözləri deyirdi. O dedi ki, həyat yoldaşı Kayun və kürəkəni onun gözləri qarşısında öldürüldü. Qızı isə hələdə itkin idi.
Ağdama gəlib çatan oğlanın qulağı kəsilmişdi.
Sağ qalanlar 2000 insanın çətin şəraitdə itkin düşdüyünü, bəzilərinin qaçıb getdiyini, çoxlarının isə yaralanma və soyuqdan tələf olduğunu dedilər.
Dünən axşamadək 479 ölü Ağdamdakı meyitxanada qeydə alınmış və 29 cəsəd isə qəbiristanlıqda dəfn edilmişdi. Dəfn edilməyi gözləyən gördüyüm 7 cəsəddən ikisi uşaq, üçü qadın idi və biri isə sinəsindən nişan alınaraq vurulmuşdu.
Ağdam xəstəxanası terror və qırğın səhnəsinə çevrilmişdi. Həkimlər orada əksəriyyətinin güllə və ya dərin bıçaq yarası alaraq qırğından qurtulan 140 xəstənin olduğunu bildirdilər.
Onlar heç Ağdamda da təhlükəsiz şəraitdə deyildilər. Cümə günü axşam raketlər 150 000 nəfər əhalisi olan şəhərə enərək bir neçə binanı dağıtdı və bir nəfəri öldürdü.
"The Washington Times”, 2 mart 1992-ci il
"Ermənilərin qəfil hücumları azərbaycanlıları öldürdü və didərgin saldı’’
Təxminən Xocalının 10000 nəfər sakininin 1000 nəfəri çərşənbə axşamı baş verən hücumda Erməni Ordusu tərəfindən qırğına məruz qaldı. Azərbaycan televiziyası Xocalı şəhərinin ərazisindən daşınan cəsədlərlə dolu vaqonları göstərdi.
"The New York Times”, 3 mart 1992-ci il
"Ermənilərin törətdikləri qırğın barədə məlumat verilir”
2 Mart, Ağdam, Azərbaycan (Röyter) - hər tərəfdən Qafqaz dağları ilə əhatələnən Dağlıq Qarabağda erməni döyüşçüləri tərəfindən vətəndaşlara qarşı törədilən qırğınla bağlı yeni sübutlar ortaya çıxdığından keçmiş Sovet qoşunları bu gün oradan çıxmağa başladılar.
İTAR-Tass mətbuat agentliyindən verilən məlumata əsasən, 366-cı Motoatıcı Piyada Alayı geri çəkilməyə başladı, əslində o, regionun iki döyüşən etnik qrupunu, azərbaycanlıları və erməniləri ayıran sonuncu zəif qoruyucu vasitəsini çıxarırdı.
İki tərəf də bu məsələyə müdaxilə etməyə cəhd göstərmədilər - deyə agentlik məlumat verirdi.
Dağlıq Qarabağ Azərbaycan Respublikasının daxilindədir, lakin əhalisinin əksəriyyəti ermənilərdir.
"Üstü açılmış soyqırım”
"The Times” qəzeti 3 mart 1992-ci ildə yazır:
Anatoli Lieven
Dağlıq Qarabağın yamaclarında 60-dan çox qadın və uşaq da daxil olmaqla insan bədəni tapıldı və bu da erməni qoşunlarının azərbaycanlı qaçqınları kütləvi şəkildə öldürdüyü barədə iddiaları bir daha təsdiq etdi. Yüzlərlə insan itkin düşmüşdür.
Solmuş ot və kollar arasında və dağ yamaclarında çərşənbə günündə ermənilər tərəfindən azərbaycanlı qaçqınlara qarşı törədilmiş soyqırımın nəticələri olan insan cəsədləri səpələnmişdi.
Ümumilikdə həmin an 31 cəsəd görmək olardı. Ötən 5 gün ərzində ən azı əlavə 31 insan cəsədi Ağdama aparılıb. Çərşənbə gecəsi ermənilərin Azərbaycan şəhəri olan Xocalını bombaladığı zaman həlak olan mülki vətəndaşlar bu rəqəmlərə daxil deyil. Həmçinin hələ də tapılmamış cəsədlər də bu rəqəmlərə daxil deyil, soyqırımdan sağ çıxan Zahid Cabbarov getdikləri yerlərdə öldürülmüş 200-ə yaxın insan gördüyünü deyir, bundan başqa müxtəlif istiqamətlərdən qaçqınlar da dəfələrlə atəşə tutulduqlarını və yolları boyunca cəsədlərdən ibarət cığırın yaranmasını deyirdilər. Gördüyümüz cəsədlər arasında səpələnmiş şəxsi əşyalar, paltar və sənədlər də var idi. Bərk şaxtadan dağ yamaclarına və meşələrə qaçmış insanlar donaraq ölmüş və cəsədləri də donmuşdu. Cəsədlərin hamısı adi insanlara, kasıb və nimdaş işçi geyimlərində olan insanlara məxsus idi.
31 cəsəddən yalnız biri polis və digər 2 könüllü hərbi formada idi. Qalan digərləri səkkiz qadın və üç azyaşlı uşaq daxil olmaqla mülki vətəndaşlar idi. Çox güman ki, iki ailə olan insanlar ananın əlləri ilə qucaqladığı uşaqları ilə birlikdə ölmüşdülər.
Onlardan bəziləri kiçik qız da daxil olmaqla başlarından çox dəhşətli zədələr almışdılar, bu qızın yalnız üzü salamat idi. Hadisədən sağ çıxanlar ermənilərin insanlar torpağa uzandıqda belə onlara atəş açdıqlarını deyir.
BBC1 Səhər Xəbərləri 07:37, çərşənbə axşamı, 3 mart, 1992-ci il.
BBC müxbiri birbaşa bağlantıda bəyan edirdi ki, o, azərbaycanlı kişi, qadın, uşaqların, həmçinin çox yaxın məsafədən başından vurulmuş körpə də daxil olmaqla 100-dən artıq insan görüb.
BBC1 Səhər Xəbərləri 08:12, çərşənbə axşamı, 3 mart 1992-ci il
Dağlardan toplanmış insan cəsədlərinin yaratdığı mənzərə çox dəhşətli idi. Müxbirin dediyinə əsasən operator və qərb jurnalistləri ermənilər tərəfindən qətlə yetirilmiş 100-dən çox kişi, qadın, uşaqlardan ibarət insan cəsədi görmüşlər. Onlar 1 metr məsafədən başlarından güllə ilə vurulmaqdan həlak olublar. Şəkildə həmçinin təxminən on nəfərin (əsasən qadınlar və kişilər) başlarından vurulduğu görünürdü. Azərbaycan 1000-dən çox mülki vətəndaşının erməni hərbi qüvvələri tərəfindən qətlə yetirildiyini bəyan edir.
"Röyter” agentliyinin fotoqrafı Frederik Lengeyn Ağdam yaxınlığında azərbaycanlı cəsədlərlə dolu iki yük avtomobili görmüşdür.
"İlk avtomobildə 35, çox güman, ikincidə də elə o qədər cəsəd var idi. Bəzilərinin başı kəsilmiş, əksəriyyəti yanmış idi. Hamısı kişi idi və çox az hissəsi xaki formasında idi”.
Onlarla donmuş cəsədin qarlı təpələrdə səpələnməsini əks etdirən dəhşətli film mübahisəli Qafqaz anklavından sağ-salamat çıxan qaçqınların qəhər içində danışdığı amansızlıqla qətlə yetirilmiş qadınların və uşaqların sayını təsdiq edir.
Bütün bu yazılanlar ermənilərin Azərbaycan xalqına qarşı soyqırımını faktlarla ortaya qoyan xarici mətbuatın yazdıqlarıdır.
Məlahət Rzayeva
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb