Xocalıda soyqırım əmrini Sarkisyan verib

Buna görə keçmiş Ermənistan prezidenti hökmən cəza almalıdır


Tariximizin qanlı səhifələrindən olan Xocalı soyqırımından artıq 27 il ötür. 1992-ci ildə Xocalıda erməni vandalları tərəfindən törədilmiş cinayətlər nəinki görənləri, eləcə də bu əməllər eşidənləri belə dəhşətə gətirir. Ermənilərin törətdiyi Xocalı soyqırımı bir tərəfdən hərbi cinayətdirsə, digər tərəfdən dinc əhaliyə qarşı törədilmiş kütləvi terror aktıdır.

Dövlətimiz Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və tanıdılması istiqamətində genişmiqyaslı işlər aparır. Xalqımıza qarşı törədilən vəhşiliyin bütün dünyaya çatdırılması dövlət siyasətinin əsasını təşkil edir. 

Xüsusilə bu vəhşilikdə barmağı olan hər kəsin layiqli cəza alması şəhidlərimizin ruhunun şad olması, tökülən qanların yerdə qalmaması deməkdir.

Xocalı soyqırımından söhbət düşəndə isə ilk növbədə ağla Ermənistanın keçmiş rəhbərləri olmuş Serj Sarkisyan və Robert Koçaryan gəlir. Hansı ki, Xocalıda baş verənlərlə birbaşa əlaqəsi olsa da, bu şəxslər hələ cəzalanmayıblar. Təbii ki, əvvəlki illərdə müəyyən vəzifələri əsas gətirərək məsələni ört-basdır etməyə çalışırdılar. Lakin hazırkı durumda həmin şəxslərin nə vəzifəsi var, nə də ki rütbəsi. Belə olan halda onların cinayət məsuliyyətinə cəlb edilməsi mümkündürmü?

Məsələni dəyərləndirən hüquqşünas İradə Cavadova "Şərq”ə bildirib ki, vəzifəsindən asılı olmayaraq soyqırımda iştirak edən bütün şəxslərin məsuliyyətə cəlb olunması və buna görə cəza çəkmələri çox vacib məqamdır: "Hazırda bu məsələ ilə bağlı araşdırmalar da gedir. 

Məlumdur ki, Serj Sarkisyan 1992-ci ildə Xocalı soyqırımını törədən qüvvələrə komandanlıq etmişdi. Həmin qüvvələrə yüzlərlə insanın öldürülməsi əmrini məhz Sarkisyan verdi. Ona görə də Sarkisyanın soyqırımda birbaşa iştirak etdiyi hər kəsə məlumdur. Buna görə keçmiş Ermənistan prezidenti hökmən cəza almalıdır. 

Eyni zamanda bütün bunlar dünya ictimaiyyətinə də çatdırılmalıdır. Bildiyim qədər məhz bu səbəbdən Sarkisyan Avropa İnsan Haqları Məhkəməsinə verilib. Azərbaycan hökuməti də bu istiqamətdə xeyli işlər aparmalıdır. Biz çox istəyirik ki, ədalət bərpa olunsun və soyqırımda dünyasını dəyişmiş vətəndaşlarımızın ruhları şad olsun. Başda R.Koçaryan və S.Sarkisyan olmaqla Xocalı soyqırımında barmağı olanların hər biri cəzalandırılmalıdır”.

Yeganə Bayramova