Yasamalda çoxmərtəbəli yaşayış binasında güclü yanğın - Sakinlər təxliyə edilib (YENİLƏNİB)

15:31
Bakıda Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsindəki çoxmərtəbəli yaşayış binasında tüstülənmə olub.
Trend-in məlumatına görə, tüstülənmə binanın C blokunda liftin şaxtasındakı elektrik kabellərində qeydə alınıb.
60-dan çox sakin binadan təxliyə edilib.
Dövlət Yanğından Mühafizə Xidmətinin 18 yanğından mühafizə bölməsi və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub, digər aidiyyəti dövlət qurumları məlumatlandırılıb.
Tüstülənmənin qarşısı alınıb.
14:25
Bakıda çoxmərtəbəli yaşayış binası yanır. Bu barədə Sputnik Azərbaycan-a Yasamal rayon Polis İdarəsindən məlumat verilib.
Yanğın Lider telekanalının binasının yaxınlığında, Şəfayət Mehdiyev küçəsindəki 97 nömrəli yeni tikilmiş binada qeydə alınıb.
Yanğın yerli vaxtla təxminən saat 11:45-də başlayıb. Şahidlərin sözlərinə görə, hadisə yerinə altı yanğınsöndürmə briqadası cəlb olunub.
Yasamal RPİ-dən bildiriblər ki, hələlik zərərçəkmişlər barədə məlumat yoxdur. Yanğının mənzillərdən birində başladığı bildirilir. Hazırda yanğının 23-cü mərtəbəyə çatdığı, binadan sakinlərin təxliyə edildiyi bildirilir. Təxliyə edilənlər arasında uşaqlar da var.
Artıq iki uşaq yanğınsöndürənlərin köməyi ilə yanan binadan çıxarılıb.