Yaşlı insanların müalicəsi üçün şöbə yaradılıb

Qocalar feysbukdan xəbərsiz olduğuna görə yaxşı olar ki, onlar məlumatlandırılsın
Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasının bazasında, ölkəmizdə ilk dəfə olaraq yaşlı insanların müalicəsi məqsədilə heriatriya şöbəsi yaradılıb. Burada 60 yaşından yuxarı xəstələrin müalicəsi nəzərdə tutulur.
Bu barədə AZƏRTAC-a məxsusi müsahibəsində Azərbaycan Tibb Universitetinin II daxili xəstəliklər kafedrasının müdiri, professor Vəsadət Əzizov bildirib. V.Əzizov qeyd edib ki, heriatrik tibb müəssisələri dünyanın bir çox ölkələrində var. Bu da dünyada yaşlılaşma prosesinin problem halını alması ilə bağlıdır: "Bütün dünyada yaşlılaşma prosesi mühüm problemə çevrilib. Hazırda yaşlı insanların sayı yenidoğulmuşlardan daha çoxdur. Dünya Səhiyyə Təşkilatı bu insanları yaş həddinə görə üç qrupa ayırır. Bunlar 60-74, 75-89 yaş arası insanlar və 90 yaş və yuxarı uzunömürlülərdir. Yeni texnologiya və müalicə üsulları insan ömrünün uzanmasına şərait yaradır ki, bu da yaşlıların sayının artmasına səbəb olur. Uzunömürlülük nəticə etibarilə yaşlı insanların sayını cəmiyyətdə artırır. Hazırda dünya əhalisinin təxminən dörddə-biri, yəni 25 faizə yaxını yaşlı insanlardır. Tendensiyanın belə davam etməsi gələcəkdə bu rəqəmin artacağını, yəni əhalinin təxminən üçdə-birinin yaşlı insanlar olacağını göstərir. Cavan insanlardan fərqli olaraq yaşlıların müalicə prinsipində fərq olmalıdır. Bu, orqanizmin özündə morfoloji və funksional struktur dəyişikliyindən irəli gəlir”.
V.Əzizov bildirib ki, yaşlı insanlarda ən çox rast gəlinən xəstəliklər şəkərli diabet, katarakta, ürəyin işemik xəstəliyi (ÜİX), hipertoniya və digərləridir. Adətən yaşlılarda cavanlardan fərqli olaraq bir neçə yanaşı xəstəlik olur və bu, zamanla xroniki hal alır. Yaşlı insanlar adətən ağrını daha az hiss edirlər. Bu səbəbdən diaqnostik nəticələr onlar üçün çox vacibdir və xüsusi yanaşma tələb edir.
50 yaşa çatan insanlarda 4-5 xroniki xəstəlik olur, 80 yaşa çatdıqda isə bu xəstəliklər çoxalır. Nəticədə müxtəlif heriatrik simptomlar inkişaf etməyə başlayır. Bu zaman adətən insanlar sahə həkiminə müraciət edirlər. Heç bir nəticə əldə olunmadıqda isə dar sahənin mütəxəssislərinə üz tutub, yorulana qədər onların yanına gedir, müxtəlif müalicələr alaraq dərmanların yan təsirindən vəziyyətlərini daha da ağırlaşdırırlar. Bununla da qüsurlu bir dövran yaranır.
"Qocalma prosesindən yaranan xəstəliklərin sayı çoxdur. Onlar müxtəlif qruplara bölünürlər. Bunlara ürək-damar sistemi, həzm traktı, sidik-ifrazat sisteminin patologiyaları, yaşla əlaqəli endokrin və mübadilə proseslərinin pozulmaları, şəkərli diabet, tənəffüs orqanlarının xəstəlikləri, dayaq-hərəkət aparatının problemləri, eləcə də onkoloji xəstəliklər aiddir.
Qocalan orqanizmin kompensasiya qabiliyyəti xeyli aşağı düşmüş olur ki, bu da öz növbəsində dərman preparatlarına həssaslığı artırır və yan təsirlərin çoxalmasına səbəb olur. Xəstəliyini və zəifliyini qocalma ilə əlaqələndirdiyinə görə insanlar həkimə yalnız ən ağır vəziyyətdə müraciət edir ki, bu da xəstəliyin qarşısını almağa imkan vermir. Yadda saxlamaq lazımdır ki, istənilən bir simptomun əmələ gəlməsi və əsasən də xəstənin vəziyyətinin pisləşməsi diqqət və əlavə müayinələr tələb edir”.
V.Əzizov qeyd edib ki, insanları maarifləndirmək və məlumatlandırmaq məqsədilə feysbuk sosial şəbəkəsində xüsusi "Yaşlı insanların problemləri-herontologiya və heriatriya” adlı səhifə yaradılıb. Bu səhifə vasitəsilə şöbə ilə həm birbaşa əlaqə yaratmaq, həm də şöbənin həkimlərinə müraciət edərək onlayn konsultasiyadan keçmək mümkündür.
Tibb mütəxəssisləri də heriatriya şöbəsinin yaradılmasını müsbət qarşılayır.
Təcili Tibbi Yardım Stansiyasının həkimi Şahvələd Məmmədov "Şərq”ə açıqlamasında heriatriya şöbələrinin yaradılması təcrübəsinin mövcud olduğunu dedi:
- Avropada, Rusiyada heriatriya şöbələri çoxdan fəaliyyət göstərir. Mən Rusiyanın bir neçə şəhərində bu şöbələrin fəaliyyətinin şahidi olmuşam. Heriatriya şöbələri yaşlı insanlara qulluq məqsədi daşıyır. Çox lazımlı, müsbət bir işdir. Azərbaycanda belə bir şöbənin yaradılması, xüsusən də onun ATU-nun Tədris-Terapevtik klinikasının bazasında fəaliyyət göstərməsi yaxşı haldır. Hesab edirəm ki, söhbət yaşlı insanlardan gedirsə, müayinə və müalicə ödənişsiz olmalıdır. Şöbəyə əsasən təqaüdə çıxmış insanlar, ahıllar müraciət edəcək. Ona görə də xidmətlərin pulsuz olması vacibdir.
Ş.Məmmədov şöbə barədə məlumatlandırma işlərinin aparılmasını zəruri saydığını vurğuladı:
- Şöbənin yaradılması əlbəttə, müsbət haldır. Lakin məsələnin əsas tərəfi yaşlı insanları bundan xəbərdar etməkdir. Məlumdur ki, yaşlı insanlar adətən ərazi üzrə poliklinikalara və sahə həkimlərinə müraciət edir. Poliklinikalara getsəniz, ora gələnlərin əksər hallarda körpələr, uşaqlar (uşaq poliklinikalarına) və qocalar olduğunu görərsiz. Bunun səbəbi də poliklinikaların pulsuz olmasıdır. Düşünürəm ki, əhalinin yaşlı, ahıl təbəqəsinin düzgün diaqnostika və müalicəsi qarşıya məqsəd qoyulursa, ilk növbədə onların məlumatlandırılmasına diqqət yetirilməlidir. Bunu poliklinikalar vasitəsilə etmək daha münasibdir. Yaxşı olardı ki, poliklinikalarda heriatriya şöbəsi haqqında, şöbənin harada yerləşməsi, insanların ora necə müraciət edə biləcəyi haqda ətraflı məlumat lövhələri vurulmalıdır. Bildirilir ki, feysbuk səhifəsi var, insanlar səhifəyə daxil olub məsləhət ala bilər, amma nəzərə almalıyıq ki, yaşlı insanlar internet resurslarından demək olar uzaqdır. Bunun üçün gərək ailədə kimsə onlara kömək etsin. Amma poliklinikalarda məlumatlar yerləşdirilsə, həmçinin televiziyalarda bu barədə danışılsa, elan verilsə, daha yaxşıdır. Yaşlı insanların təmasda olduğu vasitələr önə çəkilməlidir.
Məlahət Rzayeva