Yaxşı ki, “qaydalar” qüvvəyə mindi

Bəzi rektorlar özləri-özlərini kafedra müdiri təyin edirdilər



"Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması Qaydaları” artıq qüvvəyə mindi. Qeyd edək ki, sözügedən qaydalar ötən ilin oktyabrında Təhsil Nazirliyinin Kollegiyasının qərarı ilə təsdiqlənmişdi. Mövcud qaydalar mülkiyyət formasından asılı olmayaraq bütün ali təhsil müəssisələrinə şamil edilir.

Qaydalarda diqqətçəkən məqam bir şəxsin eyni zamanda kafedra müdiri və dekan vəzifələrini icra edə bilməyəcəyidir. Həmçinin, bir şəxs dekan vəzifəsinə də 2 dəfədən artıq seçilə bilməyəcək. Kafedra müdiri vəzifəsini tutmaq üçün şərtlər də açıqlanır. Bildirilir ki, kafedra müdiri vəzifəsinə müvafiq kafedranın profilinə uyğun peşə-ixtisas hazırlığına, elmi ad və elmi dərəcələrə, ən azı 5 il elmi-pedaqoji təcrübəyə malik şəxslər iştirak edə bilər. Bu şəxs mövcud qanunvericiliyin tələbləri gözlənilməklə xarici ölkə vətəndaşı da ola bilər. Dekan vəzifəsi ilə bağlı da şərtlər demək olar, eynidir, sadəcə, bir şəxsin 2 dəfədən artıq dekan seçilməməsi şərti də əlavə olunur.

Qüvvəyə minən qaydaları "Şərq”ə şərh edən təhsil eksperti Kamran Əsədov bildirdi ki, bu, vaxtında atılmış addımdır:

- Təəssüf ki, bizim bir çox ali təhsil müəssisələrində eyni şəxslər bir neçə vəzifə daşıyır. "Qaydalar”ın qüvvəyə minməsi bu mənfi halların qarşısının alınmasında böyük rol oynayacaq. Bir var, seçkili orqan, bir də var təyinatlı orqan. Kafedra müdiri vəzifəsi təyinatlıdır. Kafedra müdirlərini birbaşa rektor təyin edir. İndi təsəvvür edin ki, bizim bəzi ali təhsil müəssisələrinin rektorları həm də kafedra müdirləridir. Belə çıxır ki, bu rektorlar özlərini kafedra müdiri təyin edir. Kafedra müdirinin işi ilə dekanın işi biri-birindən fərqlidir. İkisi də çətin, məsuliyyətli vəzifədir. Lakin fəaliyyət arealları fərqlənir. Fakültə dekanı günün 8 saatını iş başında olmalıdır. Tələbələri dinləyir, dərslərin keçilməsi ilə maraqlanır, yoxlamalar, semestr imtahanları və s. 

Dekanın o qədər işi var ki. Necə ola bilər ki, bu qədər işin arasında dekan, üstəlik, kafedra müdiri vəzifəsini də yerinə yetirə bilsin? Dekan kimi vəzifəsini icra etdiyi müddətdə kafedra müdiri vəzifəsi boş qalır. Bir nəfər necə iki yerə parçalansın?! Kafedra müdirləri elmi işlərlə birbaşa məşğul olası adamlardır. Elmi-tədqiqat işlərinin aparılmasında mobillik tələb olunur. Bizim bəzi kafedra müdirləri məhz vəzifələrinin çoxluğu və bir neçə istiqamətə "parçalanmaq” fiziki və zehni baxımdan da mümkünsüz olduğundan birbaşa vəzifələrini icra edə bilmirlər. Bir elmi məqalənin kafedra müdiri tərəfindən təsdiqlənib nəşrə göndərilməsi üçün aylarla gözləyənlər olur. Belə vəziyyətdə əlbəttə, elmimiz də geri qalacaq, müasir dünya elmi ilə ayaqlaşa bilməyəcəyik. Tədqiqat işlərimiz də axsayacaq, geri qalacağıq. Baxın, kafedra müdirlərinin elmi-tədqiqat müəssisələrində tutduqları vəzifələr boş qalıb. 

Onların heç vaxtı yoxdur elmi-tədqiqat işləri ilə məşğul olmağa. Əmək Məcəlləsinin tələbinə görə də insan 8 saat iş başında olmalıdır. Şəxs iki vəzifə daşıyırsa, birinin əmək haqqını tam, digərinin əmək haqqının yarısını almalıdır. Deməli, bir insan yalnız bir işdə tam işləyə bilər. Bizim bəzi rektorlar, kafedra müdirləri və dekanlar bir neçə vəzifə daşıdıqlarından onların heç birini lazımi qaydada icra edə bilmirlər. Dünyanın qabaqcıl ölkələrində, təhsil reytinqində ilk 5-likdə olan universitetlərin heç birində belə təcrübə yoxdur. Yaxşı ki, bu "Qaydalar” qüvvəyə mindi. Bundan sonra bəlkə hər kəs öz işiylə məşğul olar.

Məlahət Rzayeva