Nabatəli Qulamoğlu: Azərbaycan əmək bazarında peşəkar mütəxəssislər çatışmır. Peşə məktəbləri korrupsiya mənbəyi olaraq qalır"Natiq Cəfərli:"Fransada bərbər işləmək üçün sertifikat tələb olunur. Sertifikat almaq üçün də ən azı bir il oxuyurlar. Azərbaycanda isə hansısa ustanın yanında bir müddət şagird olan şəxs saç salonu açır"
"Ona görə, bu kimi sahələrdə peşəkarlığın aşağı olması da təhsilsizlikdən irəli gəlir"
Ötən il Təhsil Nazirliyi tərəfindən peşə təhsili ölkədə iqtisadiyyatın və əmək bazarının dəyişən tələblərinə cavab vermək üçün prioritet sahə elan edildi. Bunun fonunda peşə təhsilinin inkişafı, şagirdlərin peşə məktəblərinə marağının artırılması üçün müvafiq addımlar atıldı. Amma görünən odur ki, ölkəmizdə bu sahəyə meyl güclənmədi. Bunun səbəbini isə peşə məktəblərində tədrisin ürəkaçan səviyyədə olmaması ilə izah olunur. Bu mənada insanlar rəngsazlıq, bərbərlik, çilingərlik, dülgərlik, pinəçilik kimi sənətləri fərdi qaydada, ayrı-ayrı şəxslərədn öyrənərək fəaliyyət göstərməyə başladılar ki, bu da həmin sahələrdə peşəkarlığın zəifləməsinə gətirib çıxardı.
Maraqlıdır, görəsən ölkəmizdə peşə məktəblərinə maraq niyə azdır və bu sahənin inkişafı üçün nələr edilməlidir?
Suallarımızı cavablandıran təhsil eksperti Nabatəli Qulamoğlu "Sherg.az"a bildirib ki, hazırda həmin peşələrin tədris edildiyi orta-ixtisas təhsili müəssisəsi fəaliyyət göstərir. Ekspertin sözlərinə görə, 18 saylı Bakı peşə liseyində adıçəkilən peşələr üzrə savadlı kadrlar yetişdirilir:"Peşə məktəblərinin funksiyası şagirdlərə müxtəlif peşələri yüksək səviyyədə tədris etməkdir. Hazırda əmək bazarında peşəkar mütəxəssislər çatmır. Düzdür, bu sahənin inkişaf etdirilməsi, görülən işlər kadr tələbatının ödənilməsinə yardım edir. Buna baxmayaraq, Sovet dövründən indiyə qədər peşə məktəbləri korrupsiya mənbəyi olaraq qalır. Təhsil Nazirliyi peşə məktəblərini ciddi nəzarətə ala bilsə, bu sahə inkişaf edər və rüşvətsiz, potensial kadr yetişdirən orta-ixtisas təhsili müəssisələri formalaşa bilər”.
N. Qulamoğlu hesab edir ki, orta-ixtisas təhsili müəssisələrinə azadlıq verilməklə bərabər, onların öz qazancını sərbəst təşkil etməsinə şərait də yaradılmalıdır:
"Sərbəst maliyyə qazanan peşə məktəbləri bu qazancın bir hissəsini təhsilə yatırmalı, digərini isə müəssisənin ehtiyaclarına xərcləməlidirlər. Peşə məktəblərinin ən böyük nöqsanları ondan ibarətdir ki, onların hamısı dövlət sektoruna aiddir. Özəl peşə məktəblərinə meydan verilsə və özəl təhsilə qoyulan sədd aradan qalxsa, normal rəqabət mühiti formalaşacaq”.
İqtisadçı, ekspert Natiq Cəfərli isə peşə təhsilinin baxımsız vəziyyətdə olduğu qənaətindədir. Onun fikrincə, peşə təhsili iqtisadiyyatın diktə etdiyi sahələr üzrə peşəkar kadrların hazırlanmasına yönəlməlidir:"Sifarişçi iqtisadiyyat olmalıdır. Sovet dövründə boşluq olan sahələrlə bağlı addım atıldı, müvafiq sənətlər üzrə kadr hazırlığı təşkil edildi. Amma son illərdə iqtisadiyyatın hansı peşələrə ehtiyacı olması barədə araşdırmalar aparılmır. İlkin addım kimi bu tələbatı öyrənmək vacibdir.
Azərbaycanda iqtisadiyyatla təhsilin körpüsü yaradılmalıdır. Müəyyən peşəni öyrənən insan, həmin sahədə özünə iş tapacağına əmin olmalıdır. Sistemli şəkildə tədbirlər müəyyən edilməsə, bu sahədəki problemləri aradan qaldırmaq mümkün olmayacaq. Məsələn, kənd təsərrüfatı, turizm kimi sahələrin inkişafı bu gün pritoritet məsələdir. Bu sahələrin inkişafını tam şəkildə həyata keçirmək üçün kadr hazırlığı problemi də qarşıya qoyulmalıdır”.
Peşə təhsili ilə bağlı Fransadan nümunə gətirən N. Cəfərli vurğulayıb ki, bu ölkədə bərbər işləmək barədə sertifikat almaq üçün ən azı bir il oxumaq tələb olunur:
"Əgər usta bərbər salonu açmaq istəyirsə, əlavə olaraq, bir il də təhsil almalı, peşəkarlaşmalıdır. Azərbaycanda isə hansısa ustanın yanında bir müddət şagird olan şəxs saç salonu açaraq, fərdi fəaliyyət göstərə bilir. Ona görə, bu kimi sahələrdə peşəkarlığın aşağı olması da təhsilsizlikdən irəli gəlir.
Bu gün valideynlər övladının təhsil deyil, diplom almasını istəyir. Ali məktəblərə keçid balının aşağı düşməsi və ödənişli təhsilin genişlənməsi valideynlərin üzərinə əlavə yük qoyur. Əksəriyyət borca girib, övladına ali təhsil diplomu almaq istəyir. Nəticədə ali təhsil alan şəxslərin bəziləri müvafiq sahələr üzrə iş tapa bilmir.
Qeyd edim ki, Böyük Britaniyada ən çox qazanan peşələrdən biri avtomobil ustalarıdır. Onların aylıq gəliri, manatla hesablasaq, 20 min manatdan çox olur. Ona görə, sosial çarxlar, televiziyalarda aparılan müzakirələr vasitəsilə insanları maarifləndirmək lazımdır. Diplom almağa deyil, yaxşı təhsil yaxud yaxşı peşə öyrənməyə çalışmaq vacibdir”.
Aysel Aslan