Yaxşıları seçirlər...
Universitetlərin nəzdindəki orta məktəblərə maraq daha çoxdur
Ölkədəki bir sıra universitetlərin nəzdində orta məktəblər fəaliyyət göstərir.
Ali məktəblərin nəzdində yaradılan orta məktəblərdə də tədris həmin ali təhsil müəssisələrinin fəaliyyət istiqamətlərinə uyğun keçirilir. Yəni orta məktəblər bir növ ali məktəb üçün müəyyən bir baza rolunu oynayır.
Araşdırmamıza görə, Bakı Dövlət Universitetinin nəzdində 2007-ci ildən Təhsil Nazirliyinin razılığı ilə "Gənc istedadlar" liseyi fəaliyyət göstərir. Liseyin başlıca məqsədi isə istedadlı gəncləri tapıb üzə çıxartmaq, onların hərtərəfli inkişafına şərait yaratmaq, dərin bilik, həmçinin yüksək mənəvi keyfiyyətlərə malik gənclər yetişdirməkdən ibarətdir. İstedadlı şagirdlərin liseyə qəbulu hər il iyun ayının birinci yarısında testlərlə və müsabiqə yolu ilə həyata keçirilir. Qəbulu isə rektorun əmri ilə yaradılmış qəbul komissiyası həyata keçirir. Liseydə təhsil ödənişsizdir.
Bakı Slavyan Universitetinin nəzdində isə Məktəb-Lisey Kompleksi fəaliyyət göstərir. Bu Məktəb-Lisey Kompleksinə qəbul test imtahanı vasitəsilə aparılır. Testdən keçən şagirdlərin valideynləri ilə müqavilə bağlanır və ondan sonra qəbul prosedurları aparılır. Məktəb-Lisey Kompleksindən təhsilin ödənişli olub, ya olmaması ilə bağlı heç bir məlumat ala bilmədik.
Xəzər Universitetinin nəzdində 1998-ci ildən "Dünya" məktəbi fəaliyyət göstərir. "Dünya" məktəbinə birinci siniflərin qəbulu ilk növbədə psixoloqla söhbətlə başlayır. Psixoloq həmin uşağın biliyini, təfəkkürünü, rəsmə, musiqiyə marağını, ümumiyyətlə, dünyagörüşünü yoxlayır və sonra da məktəbə qəbul aparılır. Amma yuxarı siniflərdə isə qəbul test imtahanı vasitəsilə aparılır. "Dünya" məktəbində xüsusi diqqət riyaziyyat və intellektə verilir. Məktəbə qəbul ildə bir dəfə aparılır və təsadüfi hallarda isə ilin birinci yarım ilində yenidən qəbul ola bilər. "Dünya" məktəbində təhsilin ödəniş haqqı 5000-6000 manatdır.
Qərb Universitetinin nəzdində isə orta məktəb fəaliyyət göstərir. Bu məktəbə qəbul ilk növbədə psixoloji testlər vasitəsilə keçirilir. Amma yuxarı siniflərdə isə valideynlərin iştirakı ilə uşaqlar ana dili, ingilis dili və riyaziyyatdan imtahan verir. Bu imtahanın nəticəsindən sonra qəbul prosesi həyata keçirilir. Valideynlər də qəbulun keçirilməsini özləri şəxsən seyr edə bilirlər. Təhsilin ödənişi hər ay ərzində olur. Bu da fərdi olaraq hər uşağa görə dəyişir.
Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Dillər Universitetinin nəzdində heç bir məktəb, lisey fəaliyyət göstərmir.
Qeyd edək ki, 2006-cı ildə Prezident İlham Əliyevin sərəncamı ilə "Xüsusi istedada malik olan şagirdlərin (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)" qəbul edilib. Bu proqrama uyğun olaraq bir sıra universitetlər öz tərkibində lisey və məktəb-komplekslərini yaradıblar.
Təhsil eksperti Kamran Əsədov ali məktəblərin lisey və orta məktəbləri ilə dövlət orta məktəbləri arasında ciddi fərq olduğunu deyib. Bu tədris prosesinin qurulmasından, keyfiyyətli təhsil verilməsinə qədər, müasir innovativ vasitələrin tətbiqinə qədər fərqlənir:
"Hazırda bir sıra ali təhsil müəssisələrinin nəzdində orta ümumtəhsil məktəbləri formatında qurumlar fəaliyyət göstərir. Bakı Dövlət Universitetinin nəzdində "Gənc istedadlar" liseyi, Slavyan Universitetinin liseyi, Qərb Universitetinin orta məktəbi, Xəzər Universitetinin Dünya Məktəbi hazırda fəaliyyət göstərir.
Orta məktəblərlə müqayisədə liseylərin nəticələrinin yüksək olmasının əsas səbəbi onların şagirdləri imtahan yolu ilə seçməklə, ən yaxşıları qəbul etməsi ilə bilavasitə bağlıdır. Liseylər də orta məktəblərə tədris olunan fənləri keçirlər. Amma bundan başqa əlavə bilik və bacarıqlar da liseylərdə aşılanır. Bu, bir çox hallarda əlavə xarici dillər, şahmat, rəqs, rəsm dərsləri kimi əlavə məşğələ saatları ilə həyata keçirilir. Liseylər şagirdləri faydalı ekskursiyalara, gəzintilərə, sərgilərə mütəmadi olaraq apardıqları halda, dövlət orta məktəblərində buna az rast gəlinir.
Həmçinin dövlət orta məktəblərindən fərqli olaraq liseylərdə şagirdin təlim nəticələrinə ciddi nəzarət olunur, müəllimlərin keyfiyyətli tədris qurması nəzarətdə saxlanılır. Amma etiraf edək ki, Azərbaycanda orta məktəblər öz funksiyasını yerinə yetirə bilmir. Söhbət ondan getmir ki, universitetə qəbul olan şagirdlərin sayı nə qədərdir? Bəllidir ki, ali məktəbə qəbul olan məzunların sayı ilə orta məktəbi bitirən məzunların sayı arasında fərq çox böyükdür. Orta məktəblər Azərbaycan gəncliyinə yüksək təhsil vermək imkanında deyil. Onlar öz vəzifəsinin öhdəsindən gələ bilmirlər.
Məktəblərin öz fünksiyasını yerinə yetirə bilməməsinin səbəbləri müxtəlifdir. Kadr çatışmazlığı, orta məktəbdə şagirdə bilik öyrətmək əvəzinə ondan və valideynindən nəsə almaq, əldə etmək arzusu var.
Bu gün istər ali məktəblərə qəbul, istər olimpiada və digər tədbirlərdə orta məktəblər ilə liseylərin nəticələri arasındakı fərq qabarıq şəkildə görünür".
Şəymən