Yazarlar xalqın psixoloji durumunu yüksək qiymətləndirirlər
“Milli şüurumuza təsir edə biləcək tarixi günlər yaşayırıq”
Son bir neçə gündə ermənilərin atəşkəs rejimini pozması, Azərbaycan ordusuna qarşı təxribat törətməsi nəticəsində yaranan gərginlik davam etməkdədir. Təmas xəttində şiddətli döyüşlərin getdiyi, bir neçə yüksəkliyin və kəndlərin işğaldan azad olunduğu bir vaxtda xalqımızın ruh yüksəkliyi, Azərbaycan ordusunun döyüş əzmi, qələbəyə inamı yüksək səviyyədədir. Cəbhədən müxtəlif xəbərlər gəldiyi vaxtda xalqın psixoloji hazırlıq səviyyəsini yüksək qiymətləndirən ictimaiyyət nümayəndələri son hadisələrlə bağlı fikirlərini "Şərq”ə bölüşüblər.
"Qanturalı” ləqəbi ilə tanınan gənc yazar Tural Cəfərov Azərbaycanın bu əməliyyatlarda tamam haqlı olduğunu dünyaya çatdırmaq üçün böyükdən kiçiyə hər kəsin öz payına düşəni etməyə çalışdığını deyib: "Hazırda cəbhə bölgəsində hərbi xidmətdə olan əsgərlərin çoxu 90-cı illərdə anadan olan gənclərdir. Bu gənclər isə birinci Qarabağ müharibəsini görməyib. İnsanlarda bu səbəbdən müharibə ovqatı, torpaqlarımızın geri qaytarılması əzmi son dərəcədə yüksəkdir. Bu çox müsbət bir tendensiyadır. Bu mövqedə Azərbaycan ədəbiyyatının da üzərinə böyük məhsuliyyət düşür. Mövcud şəraitdə bütün Azərbaycan xalqı dünyaya səsimizi, həqiqətləri çatdırmaq uğrunda birləşməkdə davam etməlidir”.
Yazarın sözlərinə görə ermənilərin Azərbaycan ordusunun, ümumilikdə Azərbaycan xalqının 1994-cü ildə Atəşkəs imzalanandan indiyə qədər bu dərəcədə yüksək əhval ruhiyyədə olmadığını etiraf etməsi artıq məğlubiyyətlərinin göstəricisidir: "Azərbaycan həm hərbi, həm siyasi, həm iqtisadi güc baxımından kifayət qədər üstün olduğuna görə ermənilər məğlub olacaqlarını artıq özləri də qəbul edib. Xalqımızın milli birliyi və döyüş ruhunun yüksək olması da Azərbaycan torpaqlarının işğaldan azad olunması, həqiqətin və ədalətin bərpasına ciddi zəmin yaradır”.
Sosial şəbəkələrdə və ictimaiyyətdə ruh yüksəkliyinin yaradılmasına çalışan insanları alqışlayan ədib Şəhriyyə Qəzənfərqızı aşırı humanistlik göstərənlərə 90-cı illərdə Qarabağda azərbaycanlıların başına gətirilən müsibətləri xatırladıb: "Əslində, xalqımızda döyüş ruhu var. Əvvəlki zamandan çox, indi insanlar bir sözə bənddirlər müharibəyə getsinlər. Aşırı humanistlik göstərən insanlara gəldikdə isə mən də müharibə əleyhinəyəm. İnsanlar ölməsin, aclıq, səfalət olmasın, körpələrimiz atasız böyüməsin. Ancaq vəziyyət göstərir ki, müharibə qaçılmazdı. Ya indi, ya heç vaxt. Sadəcə Allah səngərdəkilərin üstündə yar olsun. Onlar bu vətən üçün vuruşurlar. Tarixə nəzər salanda, ermənilərin etdiklərini görəndə humanistlik unudulur”.
Ş.Qəzənfərqızı sosial şəbəkələrdə və mətbuatda dezinformasiyalar paylaşanları tənqid edib.
Gənc yazar Aqşin Yenisey deyib ki, "son günlər cəbhədə baş verənlər və cəmiyyətdən gələn dəstək onu göstərdi ki, söhbət vətəndən gedəndə biz birləşə də, döyüşə də bilirik...” 23 il ərzində, az qala, bütün xristian dünyasının bizim Qarabağı unutdurmağa və məğlubiyyətlə barışmağımıza yönəlik apardığı siyasət iflasa uğrayıb. "Ermənilərə, onların arxasında dayanan güclərə, konkret Rusiyaya bir daha aydın oldu ki, Qarabağda erməniyə yer yoxdu. Milli şüurumuza təsir edə biləcək tarixi günlər yaşadığımızı - deyə” yazar xalqımızın vahid fikirdə birləşməsini müsbət dəyərləndirib.
Torpaqlarımızın müharibə yolu ilə azad olunmasına qarşı olan nisbət fikir ayrılıqlarına münasibət bildirən yazar kimliyindən asılı olmayaraq heç kimin hazırki vəziyyətdə hissə qapılmamalı olduğunu deyib: "Müharibə istəməmək Qarabağın erməni torpağını etiraf etmək deməkdir, bir milyon qaçqının yurd-yuvasından qovulmasına haqq qazandırmaqdır, kölə təfəkkürünün yeni formada üzə çıxmasıdır, bu, "Böyük Ermənistan” ideyasının tarixi uğurudur. Bu fikirlər düşünülmüş şəkildə cəmiyyətin beyninə yeridilir. Sadəcə uymamaq lazımdır”.
Jurnalist, yazar Dilqəm Əhməd də xalqımızın Qarabağı azad etmək uğrunda birləşməsini təqdir edib: "Müdafiə nazirliyindən gələn rəsmi xəbərləri böyük sevinclə qarşılayırıq. Sosial şəbəkələrdə də müşahidə edirəm ki, vətəndaşlarımız ruh yüksəkliyi içindədir, ordumuzun qələbəsinin tam olması üçün dualar edilir, hökumətdən xarici təzyiqləri qulaqardına vurmaq istənilir. Demək olar ki, əhalinin müxtəlif kəsimləri ancaq bir hədəf ətrafında birləşib”.
Medianın öncəliklə yanlış məlumatlardan qaçmalı olduğunu qeyd edən Dilqəm Əhməd bəzi saytlarda yanlış xəbərlərin, fotoların yayılmasının informasiya mübarizəsində düşmən ölkəyə kömək edilməsi kimi dəyərləndirib: "Media əhalini düzgün məlumatlandırmalıdır.Çünki görürük ki, xarici mediada da Azərbaycanın əleyhnə yanlış materiallar verilir. Sosial media istifadəiləri də diqqətli olmalıdırlar. Onların yazdıqları hə bir yazıdan düşmən tərəf öz məqsədi üçün istifadəedə bilir. Ədiblərə gəldikdə isə hər kəs peşəsindən, shəsindən, kimliyindən asılı olmayaraq vətəndaşdırvə dövlətimizin, millətimizin haqlı davasının yanına olmalıdır. Bir yazıçının dünyada görmək istədiyi sülh, ədalətdir. Zatən Azərbaycan ordusu da hazırda sülh və ədalətin bərpası üçün çalışır. Bir milyona yaxın qaçqın və məcburi köçkünün yanında olmaq bir yazıçının borcudur”.
Aysel Aslan