Yazıçı şahmatçını haqlı saydı: "Sponsorlar xanım müğənnilərə, rəqqasələrə maliyyə dəstəyi göstərirlər"



Beynəlxalq turnirdə iştirak edən Azərbaycanın məşhur şahmatçısı Şəhriyar Məmmədyarov özünün sosial şəbəkə hesabında müzakirələrə səbəb olan statusla çıxış edib. Qrossmeyster güclü idmançı olmasına baxmayaraq, sponsorsuzluqdan, bütün turnirlərə öz hesabına qatılmasından gileylənib. 

Məmmədyarov qeyd edib ki, Azərbaycana sevgisi sonsuzdur: "Amma heyif ki, mənim gücüm sonsuz deyil, bir gün mən o Şəhriyar Məmmədyarov olmayacam, onda bu söhbətlər sadəcə maraqsız olacaq".

Məşhur idmançının açıqlamasına münasibət bildirən yazıçı Seyran Səxavət "Sherg.az”a açıqlamasında maraqlı məqamlara toxunub. O qeyd edib ki, Şəhriyar Məmmədyarov kimi qrossmeysterin maliyyə dəstəyinin olmaması fərqli səbəblərlə əlaqədardır:

"İlkin səbəblərdən biri təhsilimizin son dərəcə aşağı səviyyədə olmasıdır. Şəhriyar Məmmədyarov çox ciddi idmançıdır, mən hər zaman ona azarkeşlik edirəm. İndiyə qədər onun bir sponsorunun olmaması məni təəccübləndirdi. Lakin sonradan bu təəccübümə özüm də ad qoya bilmədim. Azərbaycanda sponsorların 99 faizi xanımlara maliyyə dəstəyi göstərir. Xanım müğənni, xanım rəqqasə, xanım aktrisa, xanım sənətçi və s. Əgər xanımlara bu diqqət cəmiyyətin kübarlığından irəli gəlsəydi, anlamaq olardı. 

Amma bu sponsorluğun səbəblərini yaxşı bilirik. Müəyyən bir kəsimə - xanımlara edilən sponsorluq milli qürurumuzla, dövlətçiliyimizlə, insanlıqla bağlı deyil. Bu cür sponsorluğun mahiyyətində manyak mövqe dayanır.

Şəhriyar Məmmədyarov kimi qürur yerimiz olan bir idmançının maliyyə dəstəyinin olmaması mənfi nümunədir. Hələ də o xanımlardan Şəhriyara növbə çatmayıb, çatmayacaq. Bütün bunların kökündə təhsilsizlik dayanır”.

Seyran Səxavət isə Azərbaycanda milli burjuaziyanın olmamasından şikayətlənib:

"Bizdə bu gün yoxsul olan biri, sabah ayılıb ki, milyonerdir. Yetərincə təhsil almamış bir şəxs, kiminsə qohumu, tanışı, təsadüfi şəxslər milli burjuaziya kimi çıxış edir. Həqiqi milli burjuaziya olsaydı, Şəhriyar Məmmədyarovun ciddi sponsorları olardı.

Cəmiyyətdəki qeyd etdiyimiz problemlər aradan qaldırılarsa, Ş. Məmmədyarovun qarşısına da onun kimi istedadlı, vətənpərvər sponsor çıxa bilər”.

Aysel Aslan