Yazıqlar olsun

Bir insan, ölkənin vətəndaşı nə qədər xalqından uzaq olmalıdır ki, onu şəhərliyə, kəndliyə bölsün
Xalqını, şəhərlisi, kəndlisi ilə birlikdə sevmək hissindən məhrum birisi Vətənini də sevməz, dövlətini də


Acınacaqlı vəziyyətdir. Ətrafa çirkab saçanlar meydan sulayır. Çirkab deyiriksə, bəzi nadanlar elə bilməsin ki, sözün həqiqi mənasında zibillikləri nəzərdə tuturuq. Zibili yığışdırmaq asandı. Sağ olsun, kommunal təsərrüfatı işçiləri. Onlara minnətdarıq. Hər birimizin atdığı zibili toplayıb küçələrimizi, şəhərimizi təmizə çıxarırlar. Fikirləri, sözləri, çürük fəlsəfələri, iyrənc düşüncə tərzləri ilə ətrafı çirkaba bulayanlarla bəs necə mübarizə aparılsın? Onları silib-süpürüb zibilliyə atmaq gərəkir. Kərəkir də, edən yoxdu. Uzun müddətdir kəramətcik xalqın dəyərlərinə eybəcər dilini göstərir. İnsanlar etiraz edir, o, həzz alır. Sinəsinə yağ kimi yayılır, təhqirlər. Psixoloji problemləri ola bilər. Hər ehtimala qarşı həkimə müraciət etməsi məsləhətdir. Çürük düşüncə tərzinə malik olduğu üzə çıxan başqa birisi də "boy göstərib” bu günlərdə - Lalə Babayeva. "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin marketinq və reklam şöbəsinin rəisidir. Metropolitenin işindən kimlərsə narazılıq edib, bu adam da (ona xanım demək, xanım sözünü çeynəməkdir - red.) guya ki, çalışdığı müəssisənin reputasiyasını qorumaq istəyərmiş kimi "gül ağzını açıb”. Sosial şəbəkədə belə bir paylaşım edib: "Çastpik” yazanlar öz kəndində qalsaydı, belə problem yaranmazdı. Həm təmiz, həm də rahat metro olardı”.

L.Babayevanın rayonlardan gələn əhalini təhqir etməsi sosial mediada birmənalı qarşılanmadı və ona qarşı "Hamımız kəndçiyik” haşteqi ilə kampaniya başladılıb. Bunu görən L.Babayeva yeni bir açıqlama ilə çıxış edib. Və əvvəlki sözlərinin arxasında dayandığını, təhqir etdiyi əhalidən üzr istəmək fikrində olmadığını deyib. Minval.Az saytına müsahibəsində L.Babayeva bunları deyib:
"Hesab edirəm ki, mən heç nəyə görə üzr istəməməliyəm...”
"Əgər kəndçilər öz kəndlərində qalsa, metroda daha çox yer olacaq”.
"Əgər kənd sakinləri öz yaşayış yerində qalsa, şəhərdə insanların sayı az olar...”
"Mən "metro təmiz olar” ifadəsini işlədəndə xalqın böyük hissəsini nəzərdə tuturam. Gəlin, belə bir sual verək. Onlar haradan gəlir? Regionlardan. Həddindən artıq insan yığını, əlbəttə ki, basabas və zibildir...”
"Əgər hər kəs öz şəhərində və kəndində qalsa, ölkə üzrə insanların bölüşdürülməsi bərabər olacaq”.
"Hesab etmirəm ki, kiminsə qarşısında üzr istəməliyəm”.
Bu qədər də qudurğanlıq?! Müştəbehlik?! Nadanlıq?! İnanmaq istəməzdim, L.Babayeva bu cürəti Xalq yazıçısı Anarın "Təhminə və Zaur”undan alıb. O əsərdən riqqətə gəlib. Həmin əsəri reklam edir axı. Metropolitenin "Metroda oxu” kampaniyasının simasıdır. Yəqin, metronun siması təyin edildiyindən özünü söz sahibi hesab edir. Düşünür ki, nə istəsə deyə, nə istəsə danışa bilər. Xalqı təhqir edər. Buna görə heç nə də itirməz.

Xalqı təhqir edən vəzifədə necə qalır?

Mətbuatla çox yaxşı, səmimi əlaqələri olan "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri, dostumuz Nəsimi Paşayev L.Babayevanın heç bir məsuliyyət daşımayacağının anonsunu artıq verib. Bildirib ki, əməkdaşlarının fikirləri yanlışdır. Qurumda yüzlərlə işçi çalışır və qurum işçilərinin şəxsi fikirlərinə görə məsuliyyət daşımır:
"Məsələ ilə bağlı heç nə deyə bilmərəm. Xanım metropoliten əməkdaşı olsa da, yazdıqları onun şəxsi düşüncələridir. Özünün şəxsi hesabından yazıb. Dörd ildir mətbuat xidmətinin rəhbəri mənəm və qurumun adından mən çıxış edirəm.

Bütün qurumlarda olduğu kimi, bizim də müxtəlif fikir və düşüncədə olan yüzlərlə əməkdaşımız var. Biz onların şəxsi fikirlərinə görə məsuliyyət daşıya bilmərik”.

Deməli, hansısa qurumun əməkdaşı ümumilikdə xalqı təhqir edəcək, sonra da bunu şəxsi düşüncəsinin ayağına yazıb rahatca işinə davam edəcək, eləmi?! Zatən, yazdıqlarının onun şəxsi düşüncəsi olduğuna kim şübhə edir ki?!. Məsələ, şəxsi düşüncələrin topluma ünvanlanıb bütövlükdə xalqa, əhaliyə şamil edilməsindədir. Əgər L.Babayeva metroda təmizliyə riayət etməyən konkret bir şəxs haqqında yazsaydı, bu şəxsin kimliyi məlum olsaydı, bu, başqa məsələ. Belədə kimsə L.Babayevaya metropolitenin daxili nizam-intizam qaydalarını pozan sərnişin barədə yazdıqlarına belə sərt reaksiya verməzdi. Xatırladım ki, şəxsən özüm metro vaqonunda tum çırtlayıb qabıqlarını yerə tökən sərnişinin fotosunu çəkmişdim və bununla bağlı "Şərq”də məqalə dərc olunmuşdu. Lakin biz o məqalədə metro vaqonunu zibilləyənin coğrafi mənsubiyyətini "tədqiq” etmək fikrində olmamışdıq. Guya ki, şəhərlilər yerə zibil atmır? Yerə zibil atmaq, küçəni zibilləmək, ictimai yerlərdə etik davranış qaydalarını bilməmək məsələsində şəhərli-kəndli ayrımçılığı aparmaq ilk növbədə bunu edənin mədəniyyətsizliyinin, korafəhimliyinin sübutudur.
Və bir kəs xalqı təhqir etdiyi halda, vəzifəsinin icrasını davam etdirirsə, icazə verin, şübhələnək. Ya kiminsə adamıdır, ya onunla bağlı kimsə üzərinə öhdəlik götürüb, kimsə söz verib ki, iki dünya bir olsa da, bu adam vəzifədə saxlanacaq. Başqa nə fikirləşək?!

Dilimizin "haralısan” damarı

L.Babayeva kimilərini görəndə, normal Azərbaycan insanının, o insanlar ki, Məmməd Arazın "Vətən” şeiri ilə böyüyüblər, "Ata - oğul, qardaş hissi haçalandı, Bir şəhərin beş qardaşın xanlığına parçalandı. O zamanmı bitdi bizim dilimizin "sənin”, "mənim” qabarı da?! O zamanmı bitdi bizim dilimizin "haralısan” damarı da?!” misralarını qəlblərinə həkk ediblər, məhz o insanların heyrətə düşməməsi mümkünsüzdür. Bilmirəm, L.Babayeva hansı şeirlərlə, hansı mahnılarla böyüyüb (bəlkə Səməd Səmədovun "bakılı balasıyam” mahnısının aşiqidir), kimlərin təsiri altında qalıb, özü bilir. Şəxsən mən, Bakıda doğulub, böyüyən biri olaraq, kiçik yaşlarımda Əlibaba Məmmədovun ifasında səslənən təsnifdə "Haralı” sözünü gətirmə dilə, o ləkə deyilmi bütöv bir elə. Xalqımın birliyin siz bilə-bilə, onu parçalayıb yüz ayırmayın” sözlərini ömrümün sonunadək unutmayacağam.
L.Babayevanın kənd camaatını bu cür iyrənc formada təhqir etməsi bir də yadıma məşhur "Ad günü” filmini saldı. Şəkidən Bakıya gələn Mustafa (sevimli aktyorumuz Hacı İsmayılov canlandırır) poçtda teleqram yazarkən mürəkkəbi şəhərli xanımın üzərinə dağıdır. Şəhərli xanım (Şəfiqə Məmmədova) həmən "kəndçiləri” hədəf alır: "Prixodyat s rayona, xodyat tut...” (Film əsasən rus dilində yayımlanırdı deyə rus dilli versiyanı işlətdim M.R.). Amma sonra məhz bu "kəndçi” Mustafa şəhərli xanımın ağır bağlamasını kürəyində daşıyır. L.Babayevanın "şəhərliləri” bunu etməzdi, bəlkə də. Filmdə başqa bir şəhərli obrazı da var; Əli. Eyvanda dayanıb hava aldığı vaxt birisinin - Mustafanın küçə ilə getdiyini, nəsə axtardığını görür, başa düşür ki, kimdisə yolu itirib. Onu haraylayır, yolu başa salır, bununla da ürəyi soyumur, evinə çağırır, həm də təkidlə. Masa arxasında əyləşdirir, bir yerdə yeyib-içirlər. Belə şəhərlilər də var. Lalə Babayeva kimiləri xaricində.

Kəndlinin ayaq tozuna tay ola bilməyənlər

Rüstəm İbrahimbəyovun qaçqınlarımız haqqında işlətdiyi aşağılayıcı ifadələrdən sonra bu, ikinci hadisədir ki, xalqımız təhqir olunur. İnsana şəhərli və ya kəndli olmasına görə qiymət verilir. Yadınızdadır, R.İbrahimbəyov qanımıza susamış erməniləri qaçqınlarımızdan üstün tutmuşdu. "Ermənilər Bakıda yaşayanda, belə deyildi...” deyirdi. Yazıqlar olsun. Bir insan, ölkənin vətəndaşı nə qədər xalqından uzaq olmalıdır ki, onu şəhərliyə, kəndliyə bölsün. Birisini şəhərli olduğuna görə uca tutub, digərini kənddən gəldiyinə görə mədəniyyətsiz, "zibil” saysın. Zibil bu düşüncə sahiblərinin özüdür ki, iyrənc fikirləri ilə ətrafa üfunət saçırlar. Nə olsun ki, zahirən gözəl, baxımlı, bərli-bəzəklidirlər. Daxilləri zibillə doludur. Ağızlarını açan kimi kəsif qoxu ətrafı bürüyür. Belə düşüncə sahibinin metropoliten kimi kütləvi nəqliyyat növündə məsul vəzifə daşıması, həm də marketinq və reklam şöbəsinə rəhbərlik etməsi qorxuncdur. Xalqını, şəhərlisi, kəndlisi ilə birlikdə sevmək hissindən məhrum birisi Vətənini də sevməz, dövlətini də. Belə adamlar sabah daha yüksək vəzifə sahibi olduqda, işə əməkçi ala biləcək səviyyəyə çatdıqda, Allah qorusun, insanlar barədə şəhərli, kəndli olmasına, hansı regiondan gəlməsinə görə qərar verəcəklər.
Yaxşı ki, şəhəri zibilləyən kəndlinin ayağının tozunu nə mədəni erməniyə, nə də mədəniyyətsiz, anti-milli ünsürlərə dəyişməyəcək qədər xalqını sevənlər var.

Məlahət Rzayeva