Yenə rüşvət amili ortaya çıxacaq

Qəbiristanlıqlar bələdiyyələrə tapşırılsa da, dövlətin nəzarəti olmalıdır




Yaxın vaxtlarda Azərbaycanda "Məzarlıqlar haqqında qanun layihəsi” qəbul ediləcək. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında bildirib ki, hazırda qanun layihəsinin hazırlanması üzərində müvafiq iş aparılır: "Layihə tam hazır olduqdan sonra onun ya Milli Məclis, yaxud da Nazirlər Kabineti tərəfindən təsdiqlənəcəyi gözlənilir”.

Qeyd edək ki, Məzarlıqlar haqqında qanun layihəsində məzarlıqların salınması, yerləşdiyi ərazi, və digər məsələlər öz əksini tapıb. Həmçinin təbəqələr üzrə qəbiristanlıqların olması nəzərdə tutulub. Bundan əlavə, məzarlar standart formada olaraq biri digərindən fərqlənməyəcək. Eyni zamanda məzarlar, sıra və qayda ilə olacaq. Bu, islam dininin və qanunun tələblərinə uyğun şəkildə forma alacaq.

Müzakirə olunan qanun layihəsinə münasibət bildirən Qarabağ Seyid Ocaqlarının təmsilçisi Seyid Camal Əzimbəyli bunun üçün ilk növbədə maarifləndirmə işlərinin aparılmasının tərəfdarıdır: "Yoxsa dövlət hansı konsepsiya hazırlayıb həyata keçirsə belə, Azərbaycan mühitində gerçək mənəviyyat insanları olmayacağı təqdirdə belə qanun layihələri kağız üzərində qalacaq”. C.Əzimbəyli belə problemlərin Türkiyədə öz həllini tapdığını bildirib: "Qardaş ölkədə bələdiyyələr bu istiqamətdə sərbəst fəaliyyət göstərə bilirlər. Orada bələdiyyələrin balansında ailə qəbiristanlıqları var. O məzarlıqlarda varlı-yoxsul ayrı-seçkiliyi yoxdur”. Onun fikrincə, qanun layihəsi hazırlanarkən Azərbaycanın milli dəyərləri nəzərə alınmalıdır: "Çünki bunlar Azərbaycan xalqının genefonundan gələn adət-ənənələrdir. Bunlar toxunulmazdır. Zaman keçdikcə onlara toxunulursa, xalqın heysiyyatına toxunulmuş olur. Ona görə də düşünürəm ki, Azərbaycan dövlətinin və prezidentinin tolerant münasibətindən hökumətdə olan bəzi məmurlar

sui-istifadə etməməlidirlər. Bu baxımdan belə məsələlərə həssaslıqla yanaşmaq lazımdır”. Şərqşünas-alim hesab edir ki, belə məsələlərin həllini hökumət birbaş öz himayəsində həll etsin: "Çünki qəbiristanlıqlar bələdiyyələrə və yerli icra strukturlarının balansına verilsə belə, proqram sistemli şəkildə həyata keçirilməyəcək. Yəni proseslər yanlış mexanizm üzərində cərəyan edəcək. Ona görə ki, biz bunun dəfələrlə şahidi olmuşuq. Məsələn, xeyir və şər məclislərində ehsanın verilməməsi qadağasında yerlərdə bələdiyyələrin, icra nümayəndələrinin rüşvət qarşılığında ehsan verilməsinə icazə verilməsini gördüm. Hətta bunun qarşısının alınması üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi də aktiv fəaliyyət göstərdi”.

Onun sözlərinə görə, əks təqdirdə bu bir biznes sahəsinə çevriləcək, kimlərinsə cibinə yarıyacaq: "Bu da hökumətin tolerant siyasəti ilə imkansız təbəqələr arasında narazılıqların yaranmasına gətirib çıxaracaq. Belə tipli məsələlərdə ehtiyatlı davranmaq lazımdır”.

O, Azərbaycan dini mühitində baş verən proseslərdən narahatlığını da ifadə edib: "Biz ziyalı olaraq çalışırıq ki, dövlət və din münasibətlərində cüzi problemlər belə olmasın. Bəzi hallarda hakimiyyətdə, Milli Məclisdə elə layihələrin həyata keçirilməsinə çalışırlar ki, sanki bunlar Azərbaycan xalqına bilərəkdən qəsd etmək istəyirlər”.

Vüqar Şahinoğlu