Yeni avtobuslara görə gedişhaqqı artırılır?
Natiq Cəfərli: “Yeni avtobuslar 5 illik kreditlə alınıb və dəyəri də lizinq şərtlərlə ödəniləcək”
İctimai nəqliyyatda gediş haqlarının qaldırılacağına dair yenə də söhbətlər dolaşır. Buna səbəbsə, Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat İdarəsinin Bakı Regional Şöbəsinin rəis müavini Əmrah Cəfərovun Bakıda sərnişindaşıma ilə məşğul olacaq nəqliyyat vasitələrində gediş haqqının qaldırılması ilə bağlı Tarif Şurasına müraciət ediləcəyini bildirməsidir. Ə.Cəfərov Tarif Şurasına müraciəti paytaxta yeni avtobusların gətirilməsi ilə əlaqələndirib.
Məlumat üçün bildirək ki, 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunları ilə əlaqədar Bakıya gətirilən yeni avtobuslar artıq sərnişinlərin xidmətinə verilib. 25 ədəd Türkiyə istehsalı olan "İsuzu” markalı avtobuslar 65 saylı xətt marşrutu üzrə (9-cu mikrorayondan "Azneft” meydanı istiqamətində) hərəkət edirlər.
Digər 25 ədəd avtobus isə yaxın günlərdə 61 saylı marşrut üzrə xəttə buraxılacaq. Bir avtobusun dəyərinin 150 min avro təşkil etdiyi deyilir.
Nazirlik rəsmisi də yeni avtobusların baha qiymətə alındığını deyərək gediş haqlarının qaldırılmalı olduğu fikrindədir: "Bu gün artıq Bakıda yeni və müasir tələblərə cavab verən avtobuslar istismara verilib. Bu maşınların hər biri böyük vəsait hesabına alınan nəqliyyat vasitələridir. Yəqin ki, 20 qəpik gediş haqqı bu gün özünü doğrultmayacaq”. Nazirlik rəsmisinin sözlərindən belə anlaşılır ki, yeni avtobusların istismara buraxılması gediş haqlarının artırılmasını labüd edir.
Amma Tarif Şurası nazirliyin xəbərini təkzib edib. İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev "APA-Economics”in məsələ ilə bağlı sorğusuna cavab olaraq bildirib ki, Nəqliyyat Nazirliyi tərəfindən ictimai nəqliyyatda gediş haqqının artırılması ilə bağlı Tarif Şurasına müraciət daxil olmayıb.
Amma müraciətin hazırda daxil olmaması onun ümumiyyətlə, daxil olmayacağı anlamına və TŞ-nin də bu müraciətə müsbət cavab verməyəcəyi anlamına gəlirmi? Tarif Şurası hansı halda NN-in gediş haqlarının qaldırılması arzusunu gerçəkləşdirə bilər?
İqtisadçı Natiq Cəfərli "Şərq”ə açıqlamasında yeni avtobusların alınması ilə gediş haqlarının əlaqələndirilməsini məntiqsiz saydığını dedi:
- Nazirlik ictimai nəqliyyatda gediş haqlarının qaldırılmasını həqiqətən də yeni avtobusların alınması ilə bağlayırsa, bu, tamamilə əsassız və məntiqsizdir. Ona görə ki, birincisi, bu avtobuslar dövlət vəsaiti hesabına alınıb. Avtobusları özəl şirkət almayıb ki, bundan mənfəət gözləsin. Və bunu da sərnişinlərin hesabına əldə etmək istəsin. Məlumatlara görə, yeni avtobuslar 5 illik kreditlə alınıb və dəyəri də lizinq şərtlərlə ödəniləcək. Avtobuslar 5 il işləyib xərcini ödəməlidir. İkincisi, Nəqliyyat Nazirliyi bu avtobusları sifariş edərkən, alarkən sərnişinlərlə məsləhətləşməyib, həmin avtobusları sərnişinlərin təklifi ilə də almayıb ki, indi bədəlini camaata ödətdirmək istəyir? Görünür, nazirliyə bu avtobusları almaq iqtisadi cəhətdən sərf edir ki, onları sifariş edib gətirdiblər. Sərnişinlər bunu onlardan xahiş etməmişdi. Ona görə də mən, gediş haqlarının qaldırılmasında bir məntiq görmürəm.
N.Cəfərli ictimai nəqliyyat sektorunda köklü islahatların aparılmasının vacibliyini də vurğuladı:
- Ümumiyyətlə, nəqliyyat sistemində köklü dəyişikliklər lazımdır. Artıq xeyli vaxtdır ki, kart sisteminə keçildiyi bildirilir, amma bu sistem hələ də ictimai nəqliyyatı tam olaraq əhatə edə bilməyib. Sərnişin avtobusları yenə də köhnə qayda ilə işləyir, nağd ödəmə aparılır, bu da sürücülərin sərnişin "ovuna” çıxmasını şərtləndirir. Görürük ki, sürücülər daha çox sərnişin yığmaq üçün yenə də biri-birilə yarışır, sürəti artırır, bunlar da bəzən qəzalara, faciələrə səbəb olur.
Fikrimcə, ictimai nəqliyyatın problemlərinin həlli nəqliyyatın idarəolunmasının Nəqliyyat Nazirliyinin tabeliyindən çıxarılmasıdır. NN ancaq strateji məsələlər, gələcək perspektivlərlə məşğul olmalıdır. Nəqliyyatın idarəolunması isə ya bələdiyyələrə, ya da Bakı Şəhər İcra Hakimiyyətinin öhdəsinə verilməlidir. İnkişaf etmiş ölkələrdə ictimai nəqliyyat məhz bu sistemlə işləyir. Həm təşkilati işlərin, həm də idarəetmənin bir qurumun əlində cəmləşməsi rəqabət mühitinin olmamasını şərtləndirir ki, problemlər də buradan doğur.
N.Cəfərli gediş haqlarının qaldırılması söhbətlərinin ictimai rəyə hesablandığı fikri ilə də razı deyil:
- Onsuz da bəllidir ki, ictimai rəy qiymət artımına həmişə emosional yanaşır. Kim istəyər ki, qiymətlər qalxsın?! Məncə, gediş haqlarının qaldırılması, guya ki, gəlirlərin xərcləri ödəməməsi haqda deyilənlər, sadəcə, alt yapı hazırlamaq məqsədi daşıyır. Nəqliyyat Nazirliyi bununla yuxarı dairələrə təsir etmək istəyir. Amma düşünmürəm ki, hökumət nazirliyin arzusunu gerçəkləşdirsin. Xüsusilə, neftin qiymətinin endiyi hazırkı dönəmdə. Neftin qiymətinin düşdüyü bir vaxtda qiymət artımına getmək tam məntiqsizlik olardı. Gediş haqlarının artırılması ilə neftin enən qiymətini kompensasiya etməyi də kimsə ağlına gətirirsə, bilməlidir ki, bu, mümkünsüzdür. Çünki əldə ediləcək gəlir çox cüzi olacaq. Cüzi məbləğə görə, ictimai qınağa tuş gəlməyə dəyməz.
Məlahət Rzayeva