Yerli əhaliyə dəstək verilməlidir...

Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi



Kəndlini ayağa qaldırmaq lazımdı

Qusarın Laza kəndinə ötən yay getmişdik. Çox da bəyənmişdik. Yəni, bəyənməmək mümkün deyil; dörd tərəfdən sıldırım dağlarla əhatə olunmuş bu kənd yer üzünün Cənnəti adını tam haqq edir. Dağların dumanı əskik olmur, dəqiqə-dəqiqə, saniyə-saniyə təbiət dəyişikliyi baş verir. Bir baxırsan, duman dağa "sarıldı”, üzünü çevirməyə bəndsən, görürsən, dağ dumandan "sıyrıldı”. Mart ayında bayramların verdiyi istirahət etmək fürsəti təkrar Lazaya getməyimizə səbəb oldu.

Həm də, dedik, görək Lazada nə dəyişib, nə yenilik var. Hələ yayda orada olanda regionların inkişafının bu kəndin timsalında necə təcəssüm etdiyini düşünmüşdüm və təəssüf ki, mənzərə o qədər də ürəkaçan deyildi. Baxmayaraq ki, Laza kəndi Qusar rayonu ərazisində, "Şahdağ” Qış-Yay Turizm Kompleksinə çox da yaxın bir yerdədir və hesab etmək olardı ki, bölgədə turizmin inkişafı ətraf kəndlərə də müsbət təsir edəcək, lakin bu kənddə gördüklərimiz zənnimizdə yanıldığımızı göstərdi.

Cəfərin ailəsi

Lazada olduğumuz müddətdə evində qonaq qaldığımız ailənin maddi durumu, məişəti ilə maraqlanmışdıq. Sadə bir ləzgi ailəsi. Evin böyüyü - Cəfər, həyat yoldaşı Əsmət, 2 oğlan, bir qız. Böyük oğul 18 yaşlı Murad hərbi xidmətdə idi. Əsmətin işi hər səhər qoyun-quzunu örüşə ötürməklə başlayırdı. Qız övladları evdə olurdu, evin kiçiyi Qasım da çöldə-bayırda. Ata Cəfər kəndin ayağındakı kiçik kababxanada kababçı işləyirdi, deyirdi ki, günə 3 manat qazanır. İstirahətə gələnlərin sayı çoxdursa, alver də yaxşı gedir. Amma istirahət üçün də gərək iqlim şəraiti əlverişli olsun. Qışın oğlan çağında hər adam ürək eləmir Lazaya getməyə. Yolları təhlükəlidir. Elə yayda da havanın üzə güləcəyinə həmişə əmin olmayasan gərək. Paytaxtda camaat istidən qovrulanda Lazada leysan tökür. Yağış yağdımı, gərək oturub gözləyəsən ki, kəssin, sonra yola çıxasan. Yəni, ekstrim sevənlər üçün Laza bir tapıntıdır. Amma sərt iqlim şəraitindən dolayı qonaqların çox gələcəyinə ümid edilmir. Yay mövsümündə qısa bir zaman kəsiyində nə qazandın, qazandın. Bunun üçün də gərək evində qonaq saxlamaq üçün şəraitin olsun. Sıxıntılar bundan qaynaqlanır. Məsələn, evində qaldığımız Cəfər qonaqlara öz evini kirayə verir, ailə isə böyük evin yanındakı balaca daxala sığınırlar. Evin sanitar şəraiti də müasir formada deyil. Dağ kəndinə məxsus şəkildə - doğal formasındadı. Şəhərlilər bəzən bu doğallığı qəbul edə bilmir. Hər cür şəraitli ev kirayələməyə üstünlük verirlər. Kənddə çox ev də yoxdu. Cəmi 30 ev ola, ya olmaya. İmkanı çatanlar evlərini kirayə üçün normal hala gətirib. Cəfərin də istəyi budu ki, hökumət onlara da yardım etsin. Heç olmasa, köməklik etsinlər, evinin qarşısında kiçik də olsa bir mətbəx tiksin, su problemini çözsün ki, gələn qonaqlar razı qalsın, 5-3 manat pul qazansın, balalarını dolandırsın. Ən əsası da Murad əsgərlikdən qayıdanda onu evləndirsin. Evlənməkçün də dolanışıq olmalıdı... Bu kəndin camaatının ev kirayə verməkdən başqa qazanc yolu yoxdur. Halbuki bu kənddə də məhsul yetişdirilməsini stimullaşdırmaq, kəndliyə gəlirli iş sahələri yaratmaq, yəqin ki, mümkündü. Ən azından Lazanın təbii gözəlliklərini diqqətə alıb orada turizm potensialını yüksəltməklə yerli əhalinin sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaq olar.

Dediyim odur ki, yayda Cəfərin dolanışığını necə görmüşdüksə, martda da həmin idi. Heç bir dəyişiklik yox idi. Cəfər yenə kababxanaya gedirdi, Əsmət qoyun-quzuyla, təndirə çörək yapmaqla və s. məşğul idi. Qızlarını da hələ nişanlamamışdılar. Anasına kömək edirdi. Cəfərin kirayə verdiyi evin qarşısında balaca mətbəx tikmək arzusu, arzu olaraq da qalırdı. Bakıdan gələn olanda özləri daxala yığışırdılar, evlərini qonaqlara kirayə verirdilər...

Gürcüstan təcrübəsi

İqtisadçı Natiq Cəfərli hesab edir ki, regionların sosial-iqtisadi inkişafının əsas şərtlərindən biri və başlıcası turizm potensialını yüksəltməkdir və bunun üçün konkret proqramlar icra edilməlidir:

- Biz istəyiriksə ki, regionlarımızın sosial-iqtisadi durumu yüksəlsin, ilk növbədə işsizliyin ləğvinə çalışmalıyıq. Bunun üçün region əhalisinə uzunmüddətli və güzəştli kreditlər verilməlidir. Bölgələrdə turizmi inkişaf etdirməyin və yerli əhalinin bu imkanlardan maksimum yararlanmasını təmin etməyin bir çox üsulları var. Bunun bir yolu kənd yerlərində mənzil-hotellərin yaradılmasıdır. Gürcüstan bu üsuldan istifadə etməklə həm ölkədə turizmi inkişaf etdirdi, həm də yerli əhalinin güzəranını yaxşılaşdırdı. Gürcüstanda 2000-ə yaxın kənd hotelləri mövcuddur. Bunlar kəndlilərin fərdi yaşayış evləridir ki, hotel kimi də fəaliyyət göstərir. Bölgəyə gələn turistlər üçün də bu olduqca maraqlıdır. Rahat evdə qalırlar, burada onlara yüksək xidmət göstərilir. Yerli əhalinin məişətiylə, adət-ənənələri ilə tanış olurlar. Təbiətlə birbaşa təmasdadırlar, kənd ərzağı ilə qidalanırlar. Milli mətbəxi görürlər. Kim bundan imtina edər?! Ev-hotellər elə canlı tarix-diyarşünaslıq muzeyidir. Ev-hotellər ailə üzvləri üçün də, kənd camaatı üçün də faktiki iş yeri və qazanc mənbəyidir. Görün, nə qədər insan işlə, əmək haqqı ilə təmin ediləcək.

Bilirsiz, turizm elə bir sahədir ki, genişləndikcə özüylə bir çox digər sahələri də inkişaf etdirir. Kəndli yerli məhsuldarlığı artırmağa maraqlı olur, çünki alıcısı var, başqa ölkəyə gələn özüylə nəsə hədiyyə olaraq aparmaq istəyir, nəticədə tətbiqi sənət ustalarının əl işlərinə ehtiyac artır. Turist axını infrastrukturun inkişafını qaçılmaz edir, ümumilikdə regionda irəliləyiş baş verir. Bu işləri çox qısa müddətdə həyata keçirmək mümkündür. Yerli əhaliyə dəstək proqramları icra olunmalıdır. Məsələn, bu ev-hotellərin informasiya saytını yaratmaq olar, qoy insanlar öz xidmətlərini təklif etsinlər, qiymətlər şəffaf olsun, onları ən azından müəyyən müddətə pulsuz internetlə də təmin etmək olar. Bu işdə Mədəniyyət və Turizm Nazirliyi, həmçinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyi aktiv fəaliyyət göstərə bilər.

"Regionların inkişafı kəndliyə bağlıdır”

Məlumdur ki, regionların sosial-iqtisadi inkişafı Azərbaycanın dövlət siyasətinin prioritet sahəsidir. Bunun bariz təsdiqi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının icrasına xüsusi önəm verməsidir. "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransdakı çıxışı zamanı Prezident İlham Əliyev bunu dəqiq ifadə etdi: "2004-cü ildə birinci Proqram qəbul olunanda məsələ elə qoyulmuşdu ki, Azərbaycanın regionları sürətlə inkişaf etməlidir. Regionlarda infrastruktur layihələri, iş yerləri, sosial müəssisələr yaradılmalıdır ki, ölkəmizin inkişafı hərtərəfli və dayanıqlı olsun”. Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramlarının icrasına xüsusi önəm verilməsinə baxmayaraq, bəzi bölgələrdə kəndlinin ehtiyaclarının ödənməsində problemlərin qaldığı görünür. 2015-ci il "Kənd təsərrüfatı ili” elan edilmişdi və gözləmək olardı ki, bu çərçivədə görülən işlər fermerlərə əməlli-başlı kömək edəcək.

Amma ərzaq məhsullarında hələ də idxala üstünlük verilməsi, taxılçılıqda gərəkən ehtiyatın təmin edilməməsi, xüsusən də yay mövsümündə meyvə-tərəvəzin qiymətindəki mövcud bahalıq kənd təsərrüfatı sektorunda müsbət irəliləyişin olduğunu söyləməyə əsas vermir.

Kəndlini inandırmaq lazımdı

Bərdədə yaşayan qohumumuz danışır ki, ötən il fərdi torpaq sahəsində xiyar becərib. Xeyli xərc çəkiblər: "dərmanlama, gübrələmə... Məhsul yetişdi, yığım vaxtı 10 kiloluq kisəyə 3 manat verdilər. Xiyarın kilosu 30 qəpiyə düşdü. Bizim becərdiyimiz xiyar Bakıda 80 qəpiyə satılırdı. Bizə qalan əziyyət oldu”. Kəndli hələ ki, narazıdır: "əkib becəririk, xeyrini görmürük” deyir. Az-çox kəndlə əlaqəsi olan bilir, kəndli üçün nə əkib-becərməyə şərait yaradılır, nə də məhsulunu bazara çıxarmağa. "Deyirlər, gübrəyə, yanacağa, motor yağlarına görə subsidiyalar artırılıb, "Aqrolizinq” xətti ilə gətirilən texnikaya güzəştlər tətbiq edilir. Sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsindən danışılır. Bəs biz niyə bunu görmürük?!”, budur kəndlini dilə gətirən.

Mütəxəssislər də hesab edir ki, regionların inkişafı kənd təsərrüfatının inkişafına bağlıdır.

İqtisadçı Fuad İbrahimovun sözlərinə görə, sosial-iqtisadi inkişafın əsas göstəricisi aqrar sənaye, kənd təsərrüfatıdır. Burada əsas məsələ stimullaşdırıcı dotasiyaların verilməsidir:

- Bilirsiz, səhv bundadır ki, stimullaşdırıcı dotasiyalar əkin sahələrinin həcminə görə verilir. Bu, yanlışdır. Dotasiyaların əkin sahəsinin həcminə görə verilməsi kağız üzərində rəqəmlərin şişirdilməsinə gətirib çıxarır. Daha çox dotasiya almaq üçün əkin sahəsinin həcmini böyük göstərirlər. Amma dünya dövlətlərində, o cümlədən qonşu Gürcüstanda və Türkiyədə də belə deyil. Bu ölkələrdə dotasiyalar məhsulun keyfiyyətinə və həcminə görə verilir. Belədə fermer yaxşı və bol məhsul yetişdirməkdə maraqlı olur. Fermerlərə dəstək proqramları işlənməlidir. Burada fermerlərə əvvəlcədən sifariş etmək üsulu da keçərlidir. Fermer bilməlidir ki, yetişdirdiyi məhsulun alıcısı var. İşini də ona görə tarazlamalıdır. Fermerin məhsulunun alıcısı olduğunu bilməsi ona əlavə stimul verər. Yumşaq kredit siyasəti ən əsas stimullaşdırıcı vasitədir. Bunun da ən müxtəlif yolları var. Kreditlərin uzunmüddətli və ən aşağı faizlə verilməsi bunlardan biridir. Məsələn, Türkiyədə "Ziraat” bankası məhz bu işlə məşğuldur. Hökumət bilir ki, kəndlinin maddi imkanları sıfırdır. Onu ayağa qaldırmaq üçün mütləq maliyyə dəstəyi edilməlidir. Verdiyinin əvəzini onsuz da görəcəksən.
Kənd təsərrüfatı sahəsində düzgün addımlar atılsa, əsaslı proqramlar işlənsə, biz artıq yayda və payızda bunun bəhrəsini görə bilərik. Ona görə də vaxt itirmədən aqrar proqramların icrasına başlanmalıdır. Kəndli əmin olmalıdır ki, becərdiyi məhsulun alıcısı olacaq, boşuna zəhmət çəkməyəcək. Kəndlini buna inandırmaq lazımdır.

Məlahət Rzayeva

Yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 22 iyul Milli Mətbuat Günü münasibətilə elan etdiyi müsabiqəyə təqdim olunur.