Yol terroru davam edir - İki günə 10 nəfərin qəzada ölməsi acınacaqlı haldır

“Sürücülər özlərindən asılı olmayaraq, təhlükə yaradacaq addımlar atır, ölüm halının baş verməsinə səbəb olurlar”




Ötən həftənin sonu respublikanın avtomobil yollarında 9 yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin məlumatına görə, 26 avqust tarixində avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 5 nəfər xəsarət alıb. Şənbə günü isə ölkəmizdə 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 8 nəfər ölüb, 5 nəfər xəsarət alıb. Statistik rəqəmlər göstərir ki, yol qəzaları artmaqda davam edir.

Bu barədə "Sherg.az”a danışan Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti, nəqliyyat üzrə ekspert Fərhad Eyyubov əsas məsuliyyətin sürücülərdə olduğunu diqqətə çatdırıb. O vurğulayıb ki, bayram günlərində və həftəsonu yol polislərinin də bir hissəsinin istirahət etməsi səbəbindən nəzarət nisbətən zəifləyir, sürücülər bundan istifadə edir: 

"Əslində sürücülər polisin nəzarətini gözləmədən daxili nizam-intizamı qorumalı, yollarda daha məsuliyyətli avtomobil idarə etməlidirlər. "Etibarlı sürücü” termini var. Bunun mahiyyəti odur ki, sürücülər çox optimist və pessimist olmamalıdır. Yol hərəkəti qaydalarına riayət etməli, bu istiqamətdə diqqətini bir qədər toplamalıdırlar. Hər bir yol nəqliyyat hadisəsi, iri faciələrə səbəb olan qəzalar üçün böyük kollektiv işləməli, detalları ilə məsələni araşdırmalıdır. Bizdə bu araşdırma çox zəifdir. Yol hərəkətinin təşkilinin mahiyyətini təşkil edən "SAYM” sisteminin (Sürücü, Avtomobil, Yol, Mühit) əsas komponenti sürücüdür. Çünki sürücü məsuliyyət daşıyır, hiss edir ki, atılan hər bir səhv addım onun ölümünə, xəsarət almasına səbəb ola bilər. Yol hərəkəti zamanı avtomobilin sürətinin maksimum yaxud minimum olması təhlükəsizliyə zəmanət vermir. Optimal sürət seçilməli, sürücü bu sürətlə avtomobili idarə etməlidir”.

Fərhad Eyyubovun fikrincə, son zamanlar ölkəmizdə ağır qəzalar daha çox baş verir

"Bu böyük problemdir. Qəzaların qarşısının alınması isə çətin məsələdir. İstənilən halda, ən böyük məsuliyyət sürücülərin üzərinə düşür. Maraqlıdır ki, sürücülər özlərindən asılı olmayaraq, təhlükə yaradacaq addımlar atır, ölüm halının baş verməsinə səbəb olurlar. Təhlükəli dağ yollarında, qəzaya səbəb ola biləcək məkanlarda sürücülər daha ehtiyatlı davranır, diqqət edirlər. Çünki məsuliyyət məsələsi önə çıxır. Rahat yollarda isə sürücülər arxayınlaşır, avtomobil idarəsini itirirlər. Ona görə, bu kimi halların aradan qaldırılması üçün sürücülərin daim maarifləndirilməsinə, yol hərəkəti qaydalarının insanlara çatdırılması ilə bağlı davamlı tədbirlərin görülməsinə ehtiyac var”.

Aysel Aslan