Yutub təhlükəli videoları qadağan edib

İstifadəçilərin bir qismi özünüifadə azadlığının məsuliyyətini hiss etmir
Ciddi yaralanma təhlükəsi hiss edilən zarafatlar, uşaqların duyğusal narahatlıq yaşamasına səbəb olan videolar da məhz bu cür məsuliyyətsiz insanların əməlidir


Bu andan etibarən ciddi yaralanma təhlükəsi hiss edilən zarafatlar olan videoların yayımlanmasına icazə verilməyəcək. Yutub təhlükəli zarafatlardan ibarət olan videolara qadağan edib. Türkiyə mediasına istinadən aldığımız xəbərə görə, yutub bəzən ölüm və ya yaralanma ilə nəticələnən videoların qadağan edilməsi ilə bağlı açıqlama yayıb. Açıqlamada qeyd edilib ki, "təhlükəli və ya duyğusal cəhətdən təsir edən videoların Yutubda yeri yoxdur".

Açıqlamada qeyd edilir ki, Yutub hər zaman gülməli olanın, təhlükəli və ya zərərverici sərhədi aşmamasının təmin edilməsi siyasətinə sahib olub:

 "Buna görə də, ciddi zərərlə nəticələnə biləcək təhlükəli hadisələri təbliğ edən videoları qadağan edirik. Bu andan etibarən ciddi yaralanma təhlükəsi hiss edilən zarafatlar olan videoların yayımlanmasına icazə verilməyəcək”.

Açıqlamada uşaqların duyğusal narahatlıq yaşamasına səbəb olan zarafatlara da icazə verilməyəcəyini vurğulayıb. Yutub zərərli materialları yığışdırmaq və mövcud qaydalara tam əməl edə bilməməkdə ittiham olunur.

Beynəlxalq və yerli mütəxəssislər tərəfindən dəfələrlə qeyd edilib ki, istənilən sosial şəbəkənin təhlükəsi mövcuddur, amma son vaxtlar baş verən hadisələri nəzərə alaraq ən təhlükəli sosial şəbəkə məhz yutubdur. Çünki bura yüklənən videolara, dublyajlara, montajlara heç cür nəzarət yoxdur. Burada yayılan informasiyaların məzmununa heç kim nəzarət etmir. Təhqir halları da var, şantaj halları da, şər-böhtan da. Ən təhlükəli vəziyyət budur ki, bu videoları 100 minlərlə insan izləyir.

Yutubun sosial media istifadəçiləri üçün sərbəst platforma olduğunu vurğulayan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, media eksperti Azər Həsrət deyib ki, hər bir istifadəçi bu platforma üzərindən istədiyini yayımlaya bilər: 

"Çox təəssüflər olsun ki, dünyanın istənilən nöqtəsində özlərinin çirkin və uyğunsuz əməllərini reallaşdırmaq üçün bu sərbəstlikdən sui-istifadə edən insanlar var. Bu da nəticə etibarı ilə sosial şəbəkələrin real funksiyasını arxa plana atır. Digər sosial şəbəkələr kimi yutubun da qarşıya qoyduğu məqsəd insanların azad özünüifadəsinə əlavə imkan yaratmaqdan ibarətdir. Sadəcə olaraq istifadəçilərin bir qismi özünüifadə azadlığının məsuliyyətini hiss etmir. 

Ciddi yaralanma təhlükəsi hiss edilən zarafatlar, uşaqların duyğusal narahatlıq yaşamasına səbəb olan videolar da məhz bu cür məsuliyyətsiz insanların əməlidir. Onlar cəmiyyətin və yetişməkdə olan gənc nəslin ədəbini, əxlaqını, psixologiyasını korlamaq məqsədi güdür. Bunun qarşısını almaq üçün də illərdir biz bu məsələni gündəmə gətiririk ki, yutub, feysbuk, instaqram kimi sosial media şəbəkələri ilə bağlı beynəlxalq səviyyədə tənzimləyici addımlar atılsın”.

Şəymən