Zahid Oruc spikeri hövsələdən çıxardı

“Otur yerində, səviyyəsiz. Sənə söz verməyəcəm”
Millət vəkilinin məsələsinə İntizam Komissiyasında baxılacaq


Ötən gün Milli Məclisin növbədənkənar xüsusi sessiyası çərçivəsində son plenar iclası baş tutub. İclasın gündəliyinə Vergi, Miqrasiya, İnzibati Xətalar, Mülki məcəllələrə və "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna dəyişikliklər daxil edilib. Müzakirə olunacaq 9 məsələnin 3-ü gündəlikdən çıxarılıb.

Bu barədə parlamentin sədri Oqtay Əsədov deyib. O bildirib ki, gündəlikdən çıxarılan son 3 məsələ "Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında”, "İcra haqqında” qanunda dəyişikliklər edilməsi barədə, "Mülki Prosessual Məcəllədə dəyişikliklər edilməsi haqqında” qanun layihələridir.

"Bu dəyişiklik günün tələbidir”

Spiker O.Əsədov cari məsələlərin müzakirəsinə zaman ayırmadan birbaşa gündəliyə keçib.
Bundan sonra deputatlar Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsini müzakirə ediblər. Bu haqda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib. O qeyd edib ki, təklif edilənlər vacib dəyişikliklərdir.
Qeyd edək ki, Vergi Məcəlləsinə edilən bu dəyişikliklər Azərbaycana xarici turistləri cəlb etmək və onlar tərəfindən ölkə ərazisində mal və məhsulun alışını təşviq etmək məqsədi güdür. Azərbaycanda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkə ərazisində alınmış, istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilən əlavə dəyər vergisinin qaytarılması sisteminin (Tax Free) tətbiqi əmtəə dövriyyəsinin artması ilə nəticələnməlidir.
Müzakirə zamanı Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədri, deputat Cavid Qurbanov da Vergilər Məcəlləsinə dəyişikliyin günün tələbi olduğunu qeyd edib. C.Qurbanov həm də bütün məhsullara ƏDV-nin tətbiqinin düzgün olmadığını söyləyib. Deputat Qüdrət Həsənquliyev bu dəyişiklikləri müdafiə etdiyini açıqlayıb.

Spiker Zahid Oruca əsəbiləşdi

Millət vəkili Zahid Orucun çıxışı isə onunla spiker O.Əsədov arasında qalmaqalın yaşanmasına səbəb olub.
Məcəlləyə dəyişikliyə münasibət bildirərkən Z.Oruc Böyük Britaniyanın Avropa Birliyindən çıxmaq xəttinin qalib gəldiyini deyib: "Avropa Birliyinin gələcəyi sual altına düşür. Bu, iqtisadi bazarlara təsir edəcək. Artıq bu gündən funt-sterlinqin qiyməti aşağı düşüb. Eləcə də avro dollar qarşısında zəifləməkdə davam edir. Odur ki, "tax-free” siyasətinə diqqətlə yanaşmaq lazımdır”.
Spiker isə deyib ki, "tax free” dünyanın 130 ölkəsində işləyir: "Azərbaycan bura qoşulmaqla 131-ci ölkə olacaq. Bunun Avropa Birliyinə nə dəxli var axı?”.
Sədr O.Əsədovun bu fikirləri deputatın etirazına səbəb olub. Z.Oruc yerdən spikerə etiraz edərkən qarşıdurma yaranıb.
O.Əsədov: "Zahid Oruc, mən səni sakit olmağa çağırıram. Siz danışdınız, mən də sizə qulaq asdım və izahat verirəm. Xahiş edirəm, yerindən danışma”. Z.Oruc isə yenidən yerdən danışıb.
Z.Oruc: "Mən burda münasibətimi bildirmək istəyirəm. Siz mikrofon vermirsiz, ona görə də yerdən danışıram”.
Bu sözlər spikeri yenidən əsəbiləşdirib.
O.Əsədov: "Otur yerində. Sakit ol. Səviyyəni gördük. Səviyyəsiz. Sənə söz verməyəcəm”.

"Söz verildi, danışırıq, mikrofon söndüsə, deməli, söhbət bitdi”

Qalmaqala müdaxilə edən hakim Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, deputat Siyavuş Novruzov tərəfləri sakitliyə dəvət edib. O, spikerin istənilən məsələ ilə bağlı fikrini demək hüququnda olduğunu bildirib: "Etika qaydalarına riayət edək. Azərbaycanda mövcud adət-ənənə, böyük-kiçik məsələsi var. Milli Məclisdəki əvvəlki vəziyyətləri görmüşük. Deyirsiniz ki, həmin dövrə qayıdaq? Fikir bildirdin bitdi. Hər kəs deyə bilməz ki, bu fikir düzdür. Hər kəsin öz fikri var. Biri-birimizə hörmətlə yanaşmalıyıq. Söz verildi, danışırıq, mikrofon söndüsə, deməli, söhbət bitdi. Hər kəs yerdən bir söz desə, onda bizim Milli Məclis hansı vəziyyətə qalar? Bu məsələni nəzərə almalıyıq”.

"Mən istəməzdim ki, sonuncu iclasımız belə notlarla başa çatsın”

O.Əsədov gərginliklə bağlı parlamentin İntizam Komissiyasının rəhbəri, deputat Ağacan Əbiyevə müraciət edib: "Mən istəməzdim ki, sonuncu iclasımız belə notlarla başa çatsın. Ağacan müəllim, xahiş edirəm ki, Milli Məclisin deputatı Zahid Orucu etik davranış qaydalarını pozduğu üçün İntizam Komissiyasına dəvət edib, araşdırma aparasınız”. Spiker bildirib ki, kimsə bu cür qeyri-etik davranış nümayiş etdirsə, mütləq intizam qaydasında cəzalandırılmalıdır.
Spikerlə deputat arasındakı söz atışmasına münasibət bildirən deputat A.Əbiyev isə deyib ki, Milli Məclisdə fikir ayrılıqları, mübahisələr ola bilər: "Amma millət vəkilinin Milli Məclis sədri ilə söz güləşdirməsi qəbuledilməzdir. Spikeri Milli Məclisin üzvləri seçib. Sədrin vəzifəsi Milli Məclisin iclaslarını idarə etməkdir. Parlament sədri deputatın mövqeyini müdafiə də edə bilər, razı olmayıb irad da bildirə bilər. Oqtay Əsədov həm də Zahid Orucdan yaşlıdır. Z.Oruc kimi cavan deputat bu amilləri nəzərə alaraq, O.Əsədovla söz güləşdirməməli, elə reaksiya verməməli idi”. A.Əbiyev üzümüzə gələn həftə ərzində İntizam Komissiyasının iclasının keçiriləcəyini nəzərə çatdırıb: "Z.Oruc iclasa dəvət olunacaq və Milli Məclisdə sədrə qarşı belə davranışının yolverilməz olduğu onun nəzərinə çatdırılacaq”.

"O yuxarıda, biz isə aşağıda otururuq”

A.Əbiyev deyib ki, Z.Oruc bəzi qaydaları yadından çıxarıb: "Hər bir deputatın başqa bir deputat həmkarı ilə söz güləşdirməyə haqqı var. Lakin etika qanununda yazılıb ki, hər deputat sədrin fikrinə hörmətlə yanaşmalıdır. Çünki sədri 125 deputat və xalq seçib. Onun qarşılığında niyə sənə söz deyən kimi başlayırsan cavab verməyə?! Parlament sədri ilə üzvlər arasında bir məsafə olmalıdır. O yuxarıda, biz isə aşağıda otururuq”. A.Əbiyev qeyd edib ki, parlament üzvünün sədrlə söz güləşdirmək haqqı yoxdur: "Bu, qanunvericiliyə ziddir. Deputat sədrlə söz güləşdirsə, bu, parlament olmaz. Sədr bizi idarə edir. Qayda-qanuna riayət etmək lazımdır. Əgər bunları bacarmırsa, deputatın burada nə işi var? Cavan oğlandır, yaxşı deputatdır, gələcəyi var. Heç olmasa, kişinin yaşına, tutduğu vəzifəyə hörmət etmək lazımdır”.
Komissiyada Z.Orucla həmkar olaraq söhbət ediləcəyini deyən A.Əbiyev əlavə edib ki, 12 nəfər komissiya üzvü öz fikrini bildirəcək: "Burada hər hansı cəza yoxdur, ancaq tövsiyə verə bilərik”.
Müzakirələrdən sonra Milli Məclisin növbədənkənar sessiyasının sonuncu iclası dövlət himninin oxunması ilə başa çatıb. Bununla da, Milli Məclis yay tətilinə çıxıb.

Anar Bayramoğlu