"Zaminlərin həbsində bankların günahı var" - Səriştəsizlik

İradə Cavadova: "Bu, ciddi problemdir. Zaminin girov qoya biləcəyi dəyərli malı-mülkü, maaşı yoxdursa, müqavilə bağlanmamalıdır. Bu bankların vətəndaşa qarşı sui-istifadə halıdır"
"Zamin duran şəxs bilir ki, borclu borcunu qaytarmadıqda məsuliyyət zaminə yönləndiriləcək”.
Bunu "Sherg.az”a bankdan kredit götürmüş şəxsin zamin qismində göstərdiyi qadının həbs edilməsinə münasibət bildirərkən vəkil İradə Cavadova deyib. 
Onun sözlərinə görə, zaminlər vəzifələri haqqında mütləq məlumatlı olmalıdır:
"Çox zaman zaminlər müqaviləni imzalayanda, məsuliyyəti dərk etmir. Deyirlər ki, kredit götürən başqa adamdır, mən sadəcə zaminəm. Bu məsələdə diqqətli olmaq lazımdır. Bankın kredit üzrə tələbləri yerinə yetirilmədikdə, borclunun əvəzinə zamin ödəniş etməli olacaq. Qanun da bunu deyir. Zamin öhdəliklərini yerinə yetirmədikdə cəzalandırılır, hətta həbs edilib”.
Zamin və ya borcluların məlumatları səhv verməklə bank əməkdaşlarını aldatmasına gəlincə, hüquqşunas qeyd edib ki, bu zaman bankın da günahı var:
"Zamin duran şəxsin hər hansı girovu, yaxud maaşı olmalıdır. Tutarlı sənədi olmayan zamin borclu pulu ödəmədikdə necə məsuliyyətli ola bilər? Banklar çox zaman buna baxmırlar, onlar üçün fərq etmir. Nəticədə zərərçəkən zamin duran şəxs olur.
Bu, ciddi problemdir. Zaminin girov qoya biləcəyi dəyərli malı-mülkü, maaşı yoxdursa, müqavilə bağlanmamalıdır. Bu bankların vətəndaşa qarşı sui-istifadə halıdır. Ona görə, banklar da bu problemdə məsuliyyət daşımalıdır”.
Qeyd edək ki, Sabunçu Rayon Məhkəməsinin hakimi Süleyman Ağayev "Atabank”dan kredit götürmüş şəxsin zamini qismində göstərdiyi Lalə Bunyatova barəsində 10 gün müddətinə azadlıqdan məhrumetmə qərarı çıxarıb. Belə ki, həmin qadın "Azərbaycan Dəmir Yolları” QSC-nin işçisidir, lakin o, işsiz kimi göstərilib.
Aysel Aslan