Əlibala Əsgərov: “Azərbaycan tərəfinin notasına tezliklə cavab verilməlidir”
"Zəlimxan Məmmədli artıq Borçalıda bir Elat ordusu yaradıb və bunu məhv etmək, geri döndərmək, qarşısını almaq mümkün deyil”
"Borçalı” İctimai Birliyinin sədri Zəlimxan Məmmədli hələ də Gürcüstana buraxılmır. Artıq Azərbaycan tərəfi məsələ ilə bağlı Gürcüstana nota verib. Amma hələlik notaya rəsmi münasibət bildirilməyib. Bu barədə açıqlama verən Z.Məmmədli notaya müsbət cavab veriləcəyinə ümid
edir. Çünki əks halda iki dövlət arasında münasibətlər zərər görə bilər. Bu isə regionun təhlükəsizliyinə əlavə təhdid imkanları yaradar:
"Birmənalı şəkildə Gürcüstan tərəfinin qərarını yanlış, özümüzü isə haqlı hesab edirik. Hələlik hüququn imkan verdiyi imkanlardan yararlanırıq. Bu prosesi davam etdirəcəyik. Bunun alternativi də yoxdur. Fərqindəyəm ki, üzərimə ciddi məsuliyyət yükü qoyulub. Emosional, təxribatçı, vəziyyəti gərginləşdirəcək addımları doğru hesab etmirəm. Beynəlxalq hüququn və qanunvericiliyin çərçivəsində hüququmuzun təmin olunmasına çalışacağıq. Azərbaycan və Gürcüstan cəmiyyətinin əhəmiyyətli hissəsi də bizim mübarizəmizi dəstəkləyirlər. Baş verən prosesi şəxsimə, soydaşlarımıza və Azərbaycana müəyyən mənada həqarətli yanaşmanın təzahürü kimi dəyərləndirirəm”.
Z.Məmmədlinin Gürcüstana buraxılmamasına münasibət bildirən "Qeyrət” Xalq Hərəkatının rəhbəri Əlibala Əsgərov bunun siyasi qərar olduğunu düşünür: "Fikrimcə, bu qərar Elat bayramı ilə bağlıdır. Çünki Elat bayramı artıq Borçalıda öz sözünü demiş bir tədbirdi və xalq tərəfindən çox yüksək qarşılanmaqdadır. Görünür, Gürcüstan rəsmiləri bu tədbirə qısqanclıqla yanaşaraq belə bir qadağa tətbiq etmək qərarına gəliblər. Amma onlar səhv edirlər. Zəlimxan Məmmədli artıq Borçalıda bir Elat ordusu yaradıb və bunu məhv etmək, geri döndərmək, qarşısını almaq mümkün deyil”. Ə.Əsgərov hesab edir ki, Azərbaycan tərəfinin notasına tezliklə cavab verilməlidir: "Qadağa üçün ortaya tutarlı bir səbəb qoyulmalıdır. Ancaq düşünürəm ki, Gürcüstan tərəfinin irəli sürəcəyi bəhanə heç də tutarlı olmayacaq. Bu baxımdan alınmış qərara yenidən baxılması ən düzgün mövqe olar”. "Qeyrət” Hərəkatı olaraq məsələ ilə bağlı hansısa quruma və ya şəxsə müraciət etmisinizmi” sualına isə Ə.Əsgərov belə cavab verib: "Burada fəaliyyət göstərən təşkilatlarla bir araya gələrək birlikdə hərəkət etməyi qərara almışıq. Amma hələlik hansısa quruma rəsmi etirazımız olmayıb. Sadəcə mətbuatla öz kəskin etirazımızı bildirmişik”.
İsmayıl