Təhlükəli maddədən araq hazırlayıblar: Dəstə tutuldu - FOTO

Sentyabrın 26-da keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı Ağstafa rayonunun Həsənsu kəndində yerləşən, fiziki şəxs İsmayılov Arzu Aydın oğluna məxsus istehsal obyektində 4955 ədəd saxta aksiz markaları olan rulonlar və saxta aksiz markaları ilə markalanaraq satış məqsədilə saxlanılmış 1036 ədəd müxtəlif adda kustar üsullarla hazırlanmış alkoqollu içkilər aşkar edilib.

Vergilər Nazirliyinin Media və kommunikasiya idarəsindən verilən xəbərə görə, araşdırmalar zamanı məlum olub ki, vergi orqanlarına fəaliyyətini dayandırması barədə rəsmi məlumat verən vergi ödəyicisi, bununla belə, istehsal obyektində faktiki olaraq fəaliyyət göstərməkdə davam edib. Nəzarət tədbiri zamanı istehsal müəssisəsində, həmçinin, insan sağlamlığı üçün təhlükəli olan “Растворитель 646” adlı həlledici məhlulun aşkar edilməsi ilə əlaqədar olaraq, Vergilər Nazirliyi tərəfindən aidiyyəti üzrə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə müraciət edilib.
Qida Təhlükəsizliyi Agentliyinin apardığı araşdırmalardan sonra təqdim olunmuş rəyə əsasən, ekspertiza edilmiş araq məhsulları toksikoloji normalara cavab verməyib.

Toksikoloji analizlər zamanı nümunələrdə sirkə aldehidinin və sivuş yağlarının miqdarının normadan dəfələrlə artıq olduğu müəyyənləşdirilib. Beləliklə, qeyd olunan məhsulların içki kimi istehlakının insan orqanizmi üçün təhlükəli olduğu müəyyən edilib.
Həmçinin ekspert tədqiqatının aparılması üçün alkoqollu içkilər və aksiz markaları Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilib və həmin məhsulların saxta olması haqqında da rəy verilib.

Saxta və insan sağlamlığı üçün təhlükəli olan məhsulların istehsalı faktı ilə əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8 oktyabr 2019-cu il tarixli qərarı ilə İsmayılov Arzu Aydın oğlu barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.