Duracaqlar effektli olacaq: Daha yol kənarında dayanıb taksi axtarmayacaqsınız

Bakıda taksilər üçün duracaqlar yaradılıb. Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirib ki, bu həftə ərzində 12 küçə və prospektdə duracaqlar təşkil edilib. Bu işlərin davamlı həyata keçiriləcəyi qeyd edilib.

Ölkəmizdə taksi duracaqlarının yaradılması müxtəlif zamanlarda gündəmə gətirilsə də, bu məsələ heç cür həllini tapa bilmirdi. Bir çox ekspertlərin fikrincə, duracaqlar yaradılacağı təqdirdə paytaxt yollarında tıxacların sayı azalacaq.

Nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli Sherg.az-a açıqlamasında bildirib ki, taksi duracaqların yaradılması tıxacların tam olaraq yox qismən aradan qalxmasına kömək ola bilər.



İlqar Hüseynli: "Bakının tıxac probleminin məhz taksilərlə bağlı olmadığınə birmənalı şəkildə qəbul etməliyik"


Ekspertin sözlərinə görə, taksi duracaqları dünya praktikasında olan bir sxemdir:

“Türkiyədə demək olar ki, bütün iri şəhərlərdə taksi duracaqları mövcuddur. Eyni zamanda Avropanın inkişaf etmiş ölkələrində də duracaqlar var. Əslində taksi duracaqları vətəndaşların xidmətə əlçatanlığını təmin etmək məqsədi ilə həyata keçirilir. Yəni, vətəndaş öz ərazisində konkret olaraq hansı yerdə taksilərin dayandığını biləcək və yol kənarında dayanıb taksi axtarmayacaq. Vətəndaş daha keyfiyyətli mexanizmdən yararlanacaq. Birbaşa olaraq taksi duracaqlarına yaxınlaşıb növbədə olan taksinin xidmətindən istifadə edəcək.

Ümumiyyətlə, Bakı şəhərində taksi xidməti kifayət qədər əlaçatan olub və xidmətin keyfiyyəti yaxşılaşdırılıb. Xüsusən ayrı-ayrı taksi xidməti göstərən şirkətlər birbaşa çağırışlarla hərəkət etməyə başlayıb. Bakı şəhərində vətəndaşların taksi xidmətinə əlçaçatanlığı ilə bağlı hansısa problem yoxdur. Taksi duracaqları bu xidmətin keyfiyyətini bir az da yaxşılaşdıracaq”.



Ekspert bildirib ki, Bakının tıxac probleminin məhz taksilərlə bağlı olmadığınə birmənalı şəkildə qəbul etməliyik:

“Çünki tıxac problemi olduqca genişdir. Digər nəqliyyat vasitələrinin parklanma xidmətinin zəif olması tıxaclara səbəb olan amillərdən biridir. İri həcmli avtomobil nəqliyyat parklarının yaradılmasına ehtiyac var. Bu mənada ölkəmizdə problem mövcuddur. Yalnız binaların birinci mərtəbələrində, böyük molların aşağı hissəsində, 28 mayda Azadlıq meydanı ərazisində parklanma salınıb. Amma çoxmərtəbəli nəqliyyat parklanması üçün xidmətlərin təşkilində ciddi problemlər var. Yalnız Nizami metrosuna yaxın ərazidə belə park xidməti təşkil olunub. 15-16 mərətbədən ibarət özəl tikintidir. Yəni, duracaqların yaradılması ilə tıxacların olduqca azalması real görünmür. Amma taksi duracaqları prospektlərin nəqliyyat tutumunu azaltmağa kömək edəcək”.